Əliyevin böyük zəfəri, Zelenskinin Ağ Ev təntənəsi - Xatirə SADİQ yazır

Müasir dünya tarixinin ən böyük nailiyyətlərindən biri qətiyyətli siyasi liderlərin meydana çıxmasıdır. 

Aug 19, 2025 - 18:30
Əliyevin böyük zəfəri, Zelenskinin Ağ Ev təntənəsi - Xatirə SADİQ yazır

Beynəlxalq hüquq normalarına məhəl qoymaq istəməyən, imperiya maraqlarını faşistcəsinə kiçik ölkələrə sırımaq istəyən Putin kimilərinin meydan suladığı bir dönəmdə Azərbaycan və Ukrayna kimi ölkələrdə İlham Əliyev və Volodimir Zelenski kimi qətiyyətli dövlət başçılarının fəaliyyət göstərməsi misilsiz lütfdür. 
      
İstər Azərbaycan, istərsə də Ukrayna Rusiyanın işğalçı siyasətində uzun illər əziyyət çəkib. Azərbaycan bu fəlakəti Milli Liderinin rəhbərliyi və qəhrəman oğullarının qanı bahasına birdəfəlik tarixin zibil qutusuna gömsə də, azadlıqsevərliyini, müstəqilliyinə sadiqliyini dəfələrlə meydanlarda sübut edən Ukrayna hələ də bu mərhələnin ən qanlı səhifəsini yaşamaqdadır.

Öz qorxunc əməlləri ilə bütün azadlıqsevərlərin nifrətini qazanan Rusiya imperiyası onsuz da mənəvi məğlubiyyətə düçar olub. Çünki siyasi yollarla Ukraynanı öz vassalına, qəhrəman ukraynalıları köləsinə çevirə bilməyən Putin 2014-cü ildən bəri buni hərbi yolla gerçəkləşdirməyə çalışır, amma buna nail ola bilməyib. Onun Kiyevi “3 gün ərzində” qəsb etmək planı bütün dünyanın gözü qarşısında fiaskoya uğrayıb. 
   
Çünki qarşısında Volodimir Zelenski kimi xalqının səsi ilə hakimiyyətə gələn, qətiyyətli, öz ölkəsinin müstəqilliyini, ərazi bütövlüyünü heç nəyə dəyişməyən, vətəninin maraqlarını satmayan lider dayanıb

Kreml anlamır ki, Zelenski rus təbliğatının “komediyan” kimi qələmə vermək istədiyi şəxs deyil. ABŞ-nin keçmiş prezidenti Co Baydendən tutmuş Avropa liderlərinə qədər hər kəsin “Təyyarə göndəririk, Ukraynanı tərk et” təklifini cəsarətlə rədd edən, lazım olsa Kiyevin küçələrinə avtomatla çıxıb vuruşacağını bildirən şücaətli şəxsiyyət və Milli Liderdir. 2022-ci il fevralın 24-dən xanımına “Uşaqları götür, sizin üçün hazırlanmış yerə gedin. Bu gündən mənim ailəm Ukraynadır” deyən dəliqanlı vətənpərvərdir.  
 
O, 20 may 2019-cu ildə xalqın səsi ilə hakimiyyətə gələndə, yəqin ki, Rusiyada və Avropada güman etmirdilər ki, Zelenski bu cür qəhrəmanlığa qadirdir. 

Putinin, Makronun və Merkelin ona ciddi fiqur kimi yanaşmaması elə həmin ilin dekabrında Parisdə “Normand formatında” çərçivəsində keçirilmiş sammitdən də görünürdü. O zaman mətbuat konfransı bitən kimi Putinə tərəf qaçan Makron və Merkel Ukraynanın gənc prezidentini yalnız qoymuşdular. Halbuki Zelenski hələ ölkəsinin hərbi-müdafiə sənayesinin zəif olduğu bir vaxtda belə ölkəsinin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu Putinin üzünə söyləmişdi. 

“Mən Ukrayna prezidenti kimi heç vaxt pozmayacağım prinsipləri, Ukrayna xalqının heç vaxt pozulmağa icazə verməyəcəyi prinsipləri də qeyd etmək istərdim. Biz Ukraynanın quruluşunun federallaşdırılması ilə bağlı Konstitusiya dəyişikliklərinə yol verməyəcəyik. Biz Ukraynanın siyasi inkişafına, siyasi idarəçiliyinə hər hansı bir təsirə yol verməyəcəyik. Ukrayna öz siyasi yolunu müəyyən edən müstəqil ölkədir. Bunu Ukrayna xalqı edir. Əraziləri qoparmaqla şərq əraziləri ilə bağlı məsələlərin həllində güzəşt əldə etmək mümkün deyil. Bir daha təkrar edirik: Donbas da Krım kimi Ukrayna əraziləridir”, - deyə Zelenski dörd liderin birgə mətbuat konfransında vurğulamışdı.

Mənzərə nə qədər də tanış gəlir, deyilmi?

Məhz Azərbaycan prezidenti İlham Əliyev də Zelenskidən az öncə – 2019-cu il oktyabrın 4-də Soçidə keçirilmiş Valday forumunda Putinin gözünün içinə baxa-baxa “Qarabağ Azərbaycandır!” məşhur ifadəsini bəyan etmişdi. 

Bundan başqa, İlham Əliyevin rəhbərliyi altında Qarabağın 2020-ci ilin payızında işğaldan azad edilməsi məhz Ukrayna ali rəhbərliyini və ictimaiyyətini, sözün əsl mənasında, ruhlandırdı.  Bizim tarixi və parlaq Zəfərimizdən sonra ukraynalılar Donbasın və Krımın Rusiya işğalından azad edilıməsi tələbini daha gur səsləndirməyə başladılar.   

ABŞ-dən tutmuş bütün Avropanın “Rusiya sizə hücum edəcək” xəbərdarlığı fonunda, Qərb liderlərinin belə Ukrayna paytaxtına səfərdən çəkindiyi, Bayden administrasiyası məmurlarının vida baxışları sərgilədikləri bir vaxtda – 2022-ci il yanvarın 14-də Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə səfər etməsi, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etdiyini bir daha bəyan etməsi əslində Zelenski hakimiyyətinə bəyük mənəvi dəstək idi. Bunu Ukrayna hakimiyyəti özü də etiraf etdi. Zelenski elə birgə mətbuat konfransında mürəkkəb vaxtda Kiyevə səfər etdiyi üçün İlham Əliyevə təşəkkürünü bildirdi. Təqdirəlayiqdir ki, rəsmi Bakı bu yüksək mənəvi davranışını Rusiyanın Ukraynaya genişmiqyaslı müharibə elan etdiyi ilk gündən indiyədək davam etdirir.    

İndi – Rusiyanın irəliləməsinin qarşısının alındığı, müharibənin 3 il yarım davam etdiyi, Ukraynanın hərbi müdafiə sənayesinin və ordusunun gücləndiyi bir zamanda – Zelenskinin yanında dayanmaq daha asandır. 

Zelenski öz cəsarəti ilə Qərbi fəth etməyi bacardı. Üstəlik, Trampın və komandasının Oval kabinetdəki qalmaqallı təxribatının qarşısında geri çəkilmədi, özünü tez toparlamağı bacardı, tərəfdaşlarına “Avropa ordusunun yaradılmasının vaxtı çatıb” çağırışında bulundu. Yəni, “ABŞ yoxdursa, Avropa da bizə bəsdir” işarəsini verdi. Dünyanın mütərəqqi qüvvələri də işğalın qurbanı olan Ukraynanın liderini yalnız buraxmadı. Roma papası Fransiskin Vatikanda dəfn mərasimi zamanı tədbir iştirakçıları Trampı deyil, məhz Volodimir Zelenskini alqışlarla qarşıladılar. Və bu, Trampın gözü qarşısında baş verdi. 
 
Zelenski tarixə amerikalı həmkarını Vatikanda onu dinləməyə vadar etməyi bacaran siyasi lider kimi düşdü. 
 
Onun bu cəhəti Alyaskada qarşılanarkən Putinin önünə qırmızı xalı salınması kimi yolverilməz addımı belə kölgədə qoyur. Çünki Putin jurnalistlərin qarşısına çıxmağa və onların kəskin suallarına cavab verməkdən belə çəkinir. Onun jurnalistlər qarşısında qəribə mimikası və yolverilməz davranışı adi siyasi mədəniyyətinin olmamasından xəbər verir. Dünya indiyədək otaqda əllərini yanağına dayayıb qışqıran dövlət başçısı görməmişdi. 

Zelenski isə Oval kabinetdəki ilk görüşü zamanı onu “kostyum”la təhqir etmiş Trampın adamını özündən üsr istətdirməyi və “Amma siz eyni kostyumda qalmısınız” deyə sancmağı bacaran, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ikinci görüşdə sakit oturmasına nail olan siyasətçidir. 
 
Ümumiyyətlə, Zelenskinin avropalı tərəfdaşları ilə birlikdə Ağ Evdə Tramp tərəfindən qəbul olunması Ukrayna liderinin təntənəsi kimi qəbul oluna bilər. Ukraynanın xəritəsi önündə Trampa faktlarla məlumat verən Zelenskini gördükdə istər-istəməz müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yada düşdü. Prezident Heydər Əliyev məhz xəritə üzərində Azərbaycan torpağı olan Qarabağın işğal faktını, ümumiyyətlə Qarabağın harada yerləşdiyini Qərb liderlərinə başa salmağa çalışırdı. 

Belə məqamları gördükdən sonra Zelenskinin öz vətəninin ərazi bütövlüyü prinsipindən geri çəkiləcəyini düşünmək olarmı? Əlbəttə ki, yox. 

Odur ki, Azərbaycan prezidenti İlham Əliyevin “işğalla barışmayın” tövsiyəsi daha çox  Zelenskinin ürəyincədir.

Əgər Heydər Əliyev 2001-ci ildə Ki Uestdə ABŞ-nin və Minsk qrupunun digər dğvlətlərinin bütün təzyiqlərinə baxmayaraq, Qarabağın verilməsinə razı olmadısa, əgər İlham Əliyev ölkəmizin maraqlarının tapdanmasına yol verməmək naminə amerikalı həmkarı Barak Obamanın bütün səylərinə rəğmən İstanbula getməkdən imtina etməyi bacardısa, Rusiyanın, İranın, Fransanın bütün təzyiqlərinə davam gətirməyi bacardısa, Ukrayna liderinə bunu etmək daha rahat olacaq. Çünki Rusiyanın təcrid olunduğu bir vaxtda bütün Qərb dövlətləri, üstəlik Azərbaycanla Türkiyə də məhz Ukraynanın yanındadır. 
    
Xatirə SADİQ