Həftəbecər - 7

UFC (Yu-Ef-Si) Bakıya gəldi. Demək artıqdır ki, bu, ölkəmizin turizm potensialını 3 tam səkkizdə bir faiz yüksəltdi. 

Jun 24, 2025 - 10:28
Həftəbecər - 7

Azərbaycanla Myao-Myao arasında dostluq əlaqələrini nəzərəçarpacaq dərəcədə möhkəmlətdi və elmimizin kosmosun öyrənilməsi işinə verilən yüksək qiymətdir...

Cəmiyyətimizə xas olan ənənəvi boşboğazlıq və yaltaqlıq bununla bitdi. Keçək mətləbə.

Mən yalnız son döyüşə baxdım. Çox təəssüflənirəm: gərək heç ona da...

İki amerikalı – Cəmil və Xəlil – qarşı-qarşıya gəlmişdilər. Deyilənə görə, gecənin son – 12-ci görüşü idi. “Şərhçi”nin yuxulu olması bunu təsdiqləyirdi. Ya aşkar şeyi xəbər verirdi (“Fasilə bitdi”, “raund başa çatdı”), ya da Belarus partizanı kimi susurdu. Susurdu, çünki bilmirdi nə desin. İlk döyüş terminini yalnız dördüncü raundda işlətdi (“loukik”). O vaxta qədər “ayaqla zərbə”, “ayağa zərbə” deyirdi.

Fasilələrdə məşqçinin öz şagirdinə verdiyi təlimatları tərcümə etmirdi. TƏKLİF. Gələn dəfə – əgər dəfə olsa gələn – mənim telefon nömrəmi saxta şərhçiyə verin. Məşqçilər danışdıqca tərcümə edərəm, qoy televiziyaçı efirdə yaysın. Təmənnasız.

Yox, elə də pis uşaq deyil. Hətta bir (iki) kəlməsi ilə yadda qalacaq. Əvvəlindən axıradək darıxdırıcı keçən, bir dəfə də tutarlı zərbə vurulmadığı görüşdə şərhçinin dilinə “fantastik zərbə” ifadəsi gəldi. Yəqin başqa oyunu xatırlamışdı... Məsələn, Zlatan İbrahimoviçin başının üzərindən qapıya zərbələrini.

“Fantastik” şərhçi bilmirdi ki, bu görüş əvvəlkilərdən fərqli olaraq 3 deyil, 5 raunddan ibarətdir. 2-ci hissədən sonra deyəndə ki, “bu, son fasilə idi”, belə qeyri-peşəkarlığa inanmaq istəmədim. Məcbur oldum. Amma özümü topladım və gülməli faciənin davamını izlədim.

Üçüncü hissənin sonlarına yaxın dedi ki, qələbəni Xəlilə vermək olar. Zavallı xəbərsiz idi – qarşıda hələ hərəsi 5 dəqiqə çəkən 2 raund var...

İndiki uşaqlar ağıllı olurlar. Üçüncü raund bitəndə oğlan oyunun davam edəcəyini necəsə başa düşdü. Tamaşaçı auditoriyasına xəbər verdi ki, biz də maariflənək, dalda qalmayaq: “Əsas döyüş olduğuna görə 3 raunddan ibarət deyil...”. Yenə demədi ki, neçəsindən ibarətdir. Şübhəsiz, hissə sayı onu da maraqlandırırdı. Səbirli oğlan gözləyirdi görsün necə olacaq, neçə olacaq. İnsan hər şeyi bilməli deyil axı! Gözləməyi anlamışdısa, bu da böyük işdir. Çünki bütün oyun ərzində başa düşmürdü ki, Cəmilin hansı ayağı zədəlidir. Bunu isə döyüşçünün duruşundan görmək olurdu.

Zədəli... Yox – şikəst reportajın sonunda deyildi ki, axşamkı oyunları cəmi iki qoçaq – Tural və Səyavuş şərh ediblər. Üstəlik daha bir köməkçi. AzTV-nin “İdman” kanalının güclü şərhçi komandası var. Şübhəsiz, Xəzər dənizi məhz onların qorxusundan ilboyu geriyə çəkilir.

 * ELAN: İran silahlı qüvvələrinin baş qərargahına yenidən komandan tələb olunur. Əmək haqqı saathesabıdır.

 * Rusiyada tez-tez və çox-çox deyirlər ki, Qərb şirkətləri sanksiya xorası basmış ölkəyə qayıtmaq üçün sino gedir. Bunu nazirlər, deputatlar, senatorlar, fraksiyalar, bankirlər, sahibkarlar, jurnalistlər və çarın özü də dönə-dönə dönmədən nəql eləyirlər.

Bu günlərdə Peterburqda keçirilmiş Beynəlxalq iqtisadi forum çərçivəsində hakim partiyadan olan parlament üzvü Andrey Makarov tamamilə fərqli fikir söylədi.

Sən demə, xarici şirkətlər Rusiyaya qayıtmaq istəmir. Onları narahat edən – ölkədə sərmayə qoyuluşu üçün sağlam hüquqi mühitin olmamasıdır...

 * Çox ciddi telekanallardan birində – Azərbaycan telekanalizasiya sistemində isə başqa kanal ola bilməz – sonu yalnız axirətdə görünən veriliş var. Gözəl və ağıllı ovçu quşu xatırladan cavan xarabalıqları bir-bir gəzir və deyir: “Bir zamanların səs-küylü kəndi indi boş qalıb”. Heç demir ki, (kiminsə) bir zamankı doqquz babasından biri... nənə oldu. Sən də dərindən mənasız veriliş apar, nə boş qalsa da, cibin dolu olsun.

 * Fordo, Natanz və İsfahan nüvə obyektlərinə havadan məhvedici zərbələr endirildi.

Hava isə qurban olduğunun təsir sahəsinə daxildir.

Tanrı ilə bilavasitə təsirlənən ağayi Xameneyidir.

Demək, nüvə reaktorlarının məhvi də ayatollanın işidir. Onun işlərinə qarışmaq isə şeytan əməlidir...

 * Ruslar fars qardaşlarını ağır tarixi anda atmadılar. Ölkənin hokkey federasiyası İranın hokkey assosiasiyası ilə sıx əməkdaşlıq haqqında memorandum imzaladı, bununla da ayatollanın göz yaşlarını sildi.

 * Termin termin dalınca gəlir. Dilinin inkişafını məhdudlaşdırmamaq üçün onu ağzından bayırda saxla və dinlə.

Deyirlər “süni torpaq”. Torpaq, əgər onu 3D printerində çap etməmisənsə, süni ola bilməz. Bir yerdən başqa yerə, bir rayonun dağ yamacından digər rayona daşınanda da torpaq torpaqlığında qalır.

Mus, Mus... Birdəfəlik de ki, Mustafa, yəni Kazino tikirsən. Xeyirli olsun! Maaşlar, müavinətlər, pensiyalar artsın, meyvələr ucuzlaşsin!!

 * “Əyləncəli oyunlar”. Məgər gizlənqaç, futbol, milyon başqa oyun əyləncəyə xidmət etmir? Məndən nəyi gizlədirsən, qırışmal?!

“Pullu oyunlar”. Yenə hansısa fırıldağın var. Uzatma, söylə – “qumar”. Və payla... Ona da ver!

 * Amerika bombası torpağı deşib içərisində partladıqdan sonra yerdən güclü fontan vurub. Laboratoriya analizləri göstərib ki, bu, koka-koladır. Geoloqların sevinclə dediklərinə görə, İran körfəzi sahilində yerin altında nəhəng koka-kola yataqları var. Ənənəvi qaz yataqları spirtsiz içkini lazımi qazla optimal həcmdə təmin edir.

Beynəlxalq Valyuta Fondunun ekspertləri içki yatağının perspektivlərini yüksək qiymətləndirirlər. Koka-kolanın ixracı ölkəyə neftdən qat-qat artıq gəlir gətirəcək.

Donna Tramp yeni kəşf haqqında şad xəbəri eşitcək etdi cək-cək və bildirdi ki, İran körfəzinə verdiyi Ərəb körfəzi adını yenisi ilə əvəz edəcək – Koka-kola körfəzi.

Ağzın şirin, qarnın qazlı olsun!

A.ƏZİZ