İtdən öyrən - Adam ol

Şühudi keçmişdə Ovçular İttifaqına daxil olmalı idim. Qəbul proseduru müsahibə formasında imtahan verilməsini nəzərdə tuturdu.

Jul 31, 2025 - 14:26
İtdən öyrən - Adam ol

Bu zaman namizəddən ov silahlarını, aksessuarlardan istifadə qaydalarını bilmək, patron və barıtla düzgün işləmək tələb olunurdu. Eləcə də, ov İtləri ilə tanışlıq vacib idi. Həngamə elə bundan başlandı.

Sən demə, ov növləri müxtəlif olduğu kimi, hər növün öz İti varmış. Su quşlarını vurduqda, İtin suya girib şikarı ağzında gətirməlidir. Başqa İt ayını, qabanı haqlayaraq, sənin üçün hədəfə çevirməlidir. Dovşanın ardınca qaçaraq, onu açıq sahəyə qovmaq digər İtin işidir. Yastı, xırda İt isə yuvaya soxulub kiçik heyvanı oradan çıxarmalıdır...

Nəzəri materialı oxuyur, lakin bu zaman artıq İtləri düşünmürdüm. Fikirləşirdim necə olur ki, ov İtini bu cür diqqətlə, əsaslı surətdə, özünə tələbkarlıqla seçən insan evlənərkən belə fərasətsizlik, səhlənkarlıq göstərir.

Lətifədə deyilir: “Qadın kişidən ağıllıdır, çünki onunla kişinin gözəl ayaqlarına görə evlənmir”. İnan ki, heç qadın da fərli deyil. Ərini adaxlının mülkünə, avtomobilinin markasına, oğlanın vəzifəsinə, onun atasının imkanlarına görə seçir, başqası isə sadəcə surətpərəstdir. Bu siyahını nə qədər istəsən uzatmaq mümkündür. Oğlanların adaxlı seçimi də bununtək qəribə, əsassız, qüsurludur. “Gözüm düşdü”, “Gözümə xoş gəldi”, “Gözümə şirin görünür” və bu kimi izahatlar, bəhanələr böyük təəssüf doğurur.

Zahiri görünüşdən danışdıq. Bəs xasiyyət, nəciblik, evdarlıq, fiziki sağlamlıq? Axı o, sənin balalarının valideyni, nəslinin davamçısı olacaq. Həyat göstərir ki, bunların hamısı qalıb keçmişdə. Çünki o vaxt karaokedə, gecə barlarında tanış olub, spirtli kokteyl içib evlənmirdilər.

Yox, qətiyyən zarımıram. Bilirəm, dünya harayasa gedir. Maraqlıdır. Yaşayıb, onun son təyinat məntəqəsini görmək istəyirəm. B.Geyts də bunu gözləyir. İnsan müdriklərdən də, özündən də çox şey öyrənə, götürə bilər. Təkcə ov İtinin seçilməsini deyil.

A.ƏZİZ