Kəbəni 14 gün girovluqda saxlayan "İmam Mehdi" belə öldürüldü - DETALLAR

1979-cu ilin 20 noyabrında Cüheyman əl-Üteybinin rəhbərlik etdiyi təxminən 500 nəfərlik silahlı islamçı qrup Məkkədə yerləşən müqəddəs Kəbəni ələ keçirdi. 

May 27, 2026 - 16:46
Kəbəni 14 gün girovluqda saxlayan "İmam Mehdi" belə öldürüldü - DETALLAR

SAVASHMEDİA.az İslam dünyasında şok effekti yaratmış həmin hadisənin detallarını təqdim edir. Beləliklə...

Silahlar Kəbəyə necə gətirilmişdi?

Üsyandan sonra məlum olub ki, silahlar Kəbəyə tabutların içində gətirilibmiş. Silahlı qrup namazdan sonra hücuma keçdi. Onlar qısa müddətdə Məscidül-Həramın qapılarını bağladılar, minarələrdə və strateji mövqelərdə yerləşərək minlərlə hacını girov götürdülər.

Hadisə zamanı Kəbədə təxminən 50 minə yaxın insanın olduğu bildirilir. Girovların bir hissəsi sonradan azad edilsə də, 7 minə yaxın hacı 14 gün ərzində girov saxlanılmışdı.

“Mehdi gəlib” dedilər

Terrorçular İslam dünyasına “Mehdinin gəldiyini” elan edərək, dini liderləri Məhəmməd əl-Kəhtaninin Mehdi olduğunu iddia edirdilər. Onların əsas tələbi Səudiyyə Ərəbistanında tam şəriət dövlətinin qurulması, ABŞ və İsraillə bütün əlaqələrin kəsilməsi idi.

İlk günlərdə terrorçuların təsiri daha da böyüdü. Bir sıra ərəb ölkələrində insanlar küçələrə çıxaraq kralın istefasını və hakimiyyətin “Mehdi”yə təhvil verilməsini tələb etdilər.

Pakistanda qəzəbli kütlə ABŞ səfirliyini yandırdı, ölənlər oldu. Liviyada da ABŞ səfirliyinə hücum edildi.

Fransa xüsusi təyinatlıları əməliyyata qoşuldu

Səudiyyə hakimiyyəti vəziyyətin nəzarətdən çıxdığını görərək Fransadan hərbi dəstək istədi. Fransa xüsusi təyinatlıları gizli şəkildə Məkkəyə gətirildi və əməliyyat planı hazırlandı. Döyüşlər zamanı terrorçuların “Mehdi” hesab etdiyi Məhəmməd əl-Kəhtani öldürüldü. Bu hadisə silahlılar arasında ciddi ruh düşkünlüyü yaratdı. Çünki tərəfdarları onun ölməyəcəyinə inanırdılar.

Son günlərdə Cüheyman əl-Üteybi və tərəfdarları Zəm-Zəm quyularının yerləşdiyi zirzəmiyə çəkilərək orada gizləndilər. Əməliyyat zamanı xüsusi qazlardan və digər vasitələrdən istifadə edildi. Nəticədə terrorçuların böyük hissəsi öldürüldü, qalanları isə əsir götürüldü.

Terrorun sonu

1980-ci il yanvarın 9-da Cüheyman əl-Üteybi də daxil olmaqla 68 nəfər islamçı Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərində edam edildi.

Dekabrın 4-də isə rəsmi olaraq Kəbənin terrorçulardan tam azad edildiyi elan olundu.

Bu hadisə sonradan radikal islamçı təşkilatların yaranmasına aparan prosesin əsas başlanğıclarından biri hesab edilir. Bir çox ekspertə görə, Kəbə basqını “əl-Qaidə” və digər radikal qrupların ideoloji təməlinin formalaşmasına ciddi təsir göstərib.

Hazırladı AYTƏN