Maskın dəstəyi araşdırılmağa başlandı – Almaniyada
Bundestaq amerikalı milyarder İlon Maskın parlament seçkiləri ərəfəsində ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasına dəstəyini açıq şəkildə bildirməsindən sonra yoxlama təşəbbüsü göstərib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.
Məlumata görə, məmurlar Maskın hərəkətlərinin siyasi partiyalar haqqında Almaniya qanunlarını pozub-pozmadığını araşdırırlar. “Hazırda bu məsələ ilə bağlı hallar aydınlaşdırılır”, - deyə Bundestaqın sözçüsü bildirib.
Məsələ ondadır ki, Mask özünün “X” sosial şəbəkəsi vasitəsilə AfD-ni fəal şəkildə reklam edir, bu isə alman məmurlarının və ictimai təşkilatların narahatlığına səbəb olub.
Almaniya və Avropada şəffaflığın və demokratik nəzarətin tərəfdarı olan “LobbyControl” təşkilatı vəziyyətdən ciddi narahatlığını ifadə edib və bildirib ki, Maskın hərəkətlərini qeyri-qanuni partiya ianəsi kimi qiymətləndirmək olar.
“2024-cü ilin əvvəlində islahat edilmiş partiyalar haqqında qanununa görə, kənar şəxslərin seçki reklamı partiyaya ianə hesab olunur. Qanun həmçinin Avropa İttifaqı (Aİ) hüdudlarından kənardan partiya ianəsini qadağan edir. Musk və onun “X” platforması ABŞ-də qeydiyyatdan keçdiyinə görə, bu, partiyanın maliyyələşdirilməsi və seçkiqabağı təşviqat qaydalarını poza bilər. Partiyaların maliyyələşdirilməsi və seçkiqabağı təşviqat qaydalarına riayət olunmasına nəzarət Bundestaqın səlahiyyətindədir”, - deyə təşkilatdan bildirilib.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts amerikalı milyarderin növbədənkənar seçkilərə həftələr qalmış “Almaniya üçün Alternativ” partiyasını dəstəkləməsindən narahatdır.
Fransanın xarici işlər naziri Jan-Noel Barro isə Avropa Komissiyasını maksimum qətiyyətlə Aİ üzv-dövlətlərinin siyasətini müdaxilədən, xüsusilə də İlon Maskın nüdaxiləsindən qorumağa çağırıb.
İspaniyanın baş naziri Pedro Sançes amerikalı milyarderi və tərəfdarlarını açıq şəkildə Avropa institutlarına hücum etdiklərinə, nifrətin qızışdırılmasına və insanları nasizmin varislərini dəstəkləməyə çağırdıqlarına görə kəskin tənqid edib.
Xatırladaq ki, 2020-ci ildə Berlin İnzibati Məhkəməsi 2016-cı ildə AfD-nin keçmiş siyasətçisi Jorq Moyteni dəstəkləyən reklam kampaniyasının qeyri-qanuni partiya ianəsi olduğuna qərar verdi. Çünki bu reklam kampaniyası İsveçrənin “Goal AG” şirkəti tərəfindən təşkil edilmişdi. O zaman bu addımla məhkəmə cərimə tətbiq edən Bundestaq administrasiyasının mövqeyini dəstəklədi.
Xatirə SADİQ