Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadəni gücləndirir – Kaya Kallas
Ukraynaya qarşı müharibədə Rusiya qonşu ölkəni təslim olmağa məcbur etməyə cəhd göstərməklə kimyəvi silahdan istifadəni aktivləşdirir.
SAVASHMEDİA.az “Politico”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib.
Kallasın sözlərinə görə, genişmiqyaslı işğalın başlanğıcından bəri Rusiya Ukrayna ərazisində ən azı 9 min dəfə kimyəvi silahdan istifadə edib. O, qeyd edib ki, Rusiya qoşunlarının kimyəvi silahdan kütləvi istifadəsinə dair məlumatlar Almaniya və Niderland kəşfiyyatlarının hesabatlarına əsaslanır.
Kallas nəzərə çatdırıb ki, Almaniya və Niderland kəşfiyyatlarının məlumatına görə, bu cür silahlardan istifadə yalnız güclənməkdədir və bu, Qərb liderləri arasında ciddi narahatlıq doğurur.
“Bu onu göstərir ki, Rusiya Ukraynanı təslim olmağa məcbur etmək üçün mümkün qədər daha çox ağrı və əzab verməyə can atır. Və bu, həqiqətən, dözülməzdir", - deyə Kallas əlavə edib.
Xatırladaq ki, Rusiya 1993-cü il yanvarın 13-də kimyəvi silahların hazırlanması, istehsalı, toplanması və tətbiqinin qadağan edilməsi haqqında Konvensiyanı imzalayıb və 5 noyabr 1997-ci ildə ratifikasiya edib. Rusiya 27 sentyabr 2017-ci ildə kimyəvi silah ehtiyatlarını tamamilə ləğv etdiyini elan etdi.
Lakin 2018-ci ilin martında Rusiya hərbi kəşfiyyatı (QRU) Böyük Britaniyanın Solsberi şəhərində ikili agent olan rusiyalı Sergey Skripala sui-qəsd etmək üçün sinir-iflicedici “Noviçok” zəhərindən istifadə etdi. Bu addım 2020-ci ilin sentyabrında rusiyalı müxalifətçi Aleksey Navalnıya qarşı artıq Rusiyanın ərazisində atıldı. Navalnının komandasının səyləri nəticəsində onun Berlinə aparılması və orada alman həkimləri tərəfindən həyata qaytarılması mümkün oldu.
2024-cü ilin mayında Moskvaya qarşı sanksiyaları əsaslandırmaq məqsədilə ABŞ bildirdi ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinə qarşı qadağan olunmuş kimyəvi vasitədən – xloropikrindən istifadə edir.
Xatirə SADİQ