Seyid Həsən Ameli İran televiziyasında nə demişdi? - İran səfirini XİN-ə gətirən səbəb
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan yanvarın 1-də Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.
“29 dekabr 2024–cü ildə Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib”, Azərbaycan XİN-nin məlumatda deyilir.
Məlumatda vurğulanıb ki, Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.
Rəsmi Tehran və Türkiyə bununla bağlı hələlik şərh bildirməyib.
SAVASHMEDİA.az-ın məlumatına görə, Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Ameli Azərbaycana qarşı səsləndirdiyi fikirlər ilk dəfə deyil.
“HƏMAS İsrailə hücum edəndən sonra İran hakimiyyəti özünə tərəfdaşlar toplamaq üçün müxtəlif vasitələrdən istifadə eləyir. Əvvəl ümumi çağırışlar edir. Özünə tərəfdaş toplaya bilməyəndə şantaja keçir. Başlayır Azərbaycanı və Türkiyəni şantaj etməyə. Guya İsrail təyyarələri Azərbaycan nefti ilə işləyir. Azərbaycan, Türkiyə İsrail ilə bütün əlaqələri kəsməlidir. Başlayırlar bu ölkələrə dərs verməyə. Seyid Həsən Ameli bu təbliğatın başçılarındandır”, o deyib.
Sədrəddin Soltan deyib ki, Suriyada dekabrın 8-də Bəşar Əsəd rejimi süquta uğrayandan sonra Tehran hakimiyyəti qonşularına qarşı bir az da sərtləşib.
Onun fikirncə, Azərbaycan və Türkiyənin Suriyada birgə fəaliyyət göstərməsi barədə bəyanatlar, Azərbaycanın Suriya ilə diplomatik münasibətləri bərpa etmək və bu tip məsələlər Tehranı qıcıqlandırır.
“Ona görə də Tehran hakimiyyəti bu dəfə başqa formada məsələyə girişir. Bu nədir? Azərbaycan və Türkiyə arasında - Səfəvi və Osmanlı arasında olan müəyyən anlaşılmazlığı günümüzə daşımaqdır. Azərbaycan və Türkiyə arasında ixtişaş yaratmaq, bir-birinə qarşı nifrət hissi oyatmaqdır. Tehran hakimiyyəti bir il bundan qabaq HƏMAS-ı müdafiədə dünya müsəlmanlarını birliyə çağırırdısa, bu gün Tehran hakimiyyəti Azərbaycan və Türkiyə arasında “təriqətlərarası” məsələləri gündəmə gətirir və ziddiyyət yaratmaq istəyir”, Sədrəddin Soltan bildirib.
Ekspert deyir ki, Ərdəbildəki toplantıda bununla yanaşı Azərbaycan rəhbərlərinə qarşı çıxışlar edilib və bu İran televiziylarında canlı yayılıb.
“Hətta bu tədbirin keçirilməsi ilə bağlı elan, anons İranın rəsmi agentliklərində verilib. Bu onu göstərir ki, Tehran hakimiyyəti nə qədər münasibətləri normallaşdırılmasını istəsə də rəsmi Bakıya qarşı bir o qədər sonrakı mərhələdə yenə səhvlərini davam etdirir. Niyə? Çünki Tehran hakimiyyəti nə müsəlmanla müsəlmandır, nə türklə türkdür, nə də normal qonşudur. Tehran hakimiyyəti panfarsizim, şovinizmlə idarə olunan bir rejimdir. Ərdəbildəki keçirilən tədbir də Tehran hakimiyyətinin Azərbaycana, Türkiyəyə qarşı ənənəvi ideoloji davranışının məntiqi nəticəsidir”, ekspert əlavə edib.