İsrail Xəzər dənizindəki gizli marşrutu vurdu - Bu dövlət İrana yardım daşıyırmış

“İsrail ötən həftə İranın Xəzər dənizi limanına misli görünməmiş hücum həyata keçirib”.

Mar 25, 2026 - 23:08
İsrail Xəzər dənizindəki gizli marşrutu vurdu - Bu dövlət İrana yardım daşıyırmış

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, bu, İsrailin Xəzər dənizində həyata keçirdiyi ilk hərbi əməliyyatdır. Hücum zamanı Rusiya ilə İran arasında mühüm təchizat marşrutu hədəf alınıb. 

Sözügedən marşrut silah, sursat və pilotsuz uçuş aparatlarının daşınması ilə yanaşı, İran üçün mülki təchizat baxımından da əhəmiyyətli rol oynayıb. Rusiya və İran limanlarını təxminən 1000 kilometr məsafədə birləşdirən marşrut iki ölkə arasında həm hərbi, həm də mülki yük daşımalarında istifadə olunub. Bu xətt vasitəsilə silahlarla yanaşı, buğda və neft kimi məhsullar da daşınıb.

Son illərdə həmin marşrut xüsusilə İran istehsalı olan “Shahed” tipli pilotsuz uçuş aparatlarının Rusiyaya çatdırılması üçün mühüm əhəmiyyət qazanıb. 2022-ci ilin sentyabrından etibarən hərbi əməkdaşlığın genişlənməsindən sonra Rusiya bu dronların istehsalını öz ərazisində təşkil edib və onları təkmilləşdirib. Ukrayna Prezidenti Volodimir Zelenski son açıqlamasında Rusiyanın İrana artıq öz ərazisində istehsal olunmuş PUA-lar göndərdiyini bildirib.

Məlumatda qeyd olunub ki, Rusiya İrana pilotsuz aparatların tətbiqi üzrə texniki dəstək göstərir, o cümlədən Ukraynadakı müharibə zamanı əldə etdiyi təcrübəni bölüşür. Bundan əlavə, Moskvanın Tehrana peyk görüntüləri təqdim etdiyi və mümkün hədəflərlə bağlı kəşfiyyat məlumatları ötürdüyü bildirilir.

Nəşrin hərbi mənbələrinin məlumatına görə, İsrailin əsas məqsədi Rusiyadan silah axınının qarşısını almaq olub. Hücum zamanı İranın Bəndər-Ənzəli limanında onlarla obyekt vurulub. Hədəflər arasında İranın Xəzər donanmasının qərargahı, hərbi gəmilər, liman infrastrukturu, komanda mərkəzi və gəmi təmiri müəssisələri yer alıb. Təsdiqlənmiş görüntülərdə İran donanmasına məxsus qərargah və bəzi gəmilərdə zərər qeydə alınıb, lakin ümumi dağıntının miqyası barədə dəqiq məlumat verilməyib.

Bildirilib ki, İsrail yalnız silah daşınmasında istifadə olunan vasitələri deyil, həm də İranın bu vasitələri bərpasına xidmət edən kritik infrastrukturu da hədəf alıb. Nəticədə zərər çəkmiş gəmilərin təmiri və logistika imkanlarının bərpası çətinləşib.

Banu