“Tiflisdə zorakılığa yol verənlər məsuliyyətə cəlb olunacaqlar” - ABŞ rəsmisi

“Gürcüstanın demokratiyası təhlükə altındadır və həqiqətən ölkənin gələcəyi indi risk altındadır”. 

Dec 20, 2024 - 13:22
“Tiflisdə zorakılığa yol verənlər məsuliyyətə cəlb olunacaqlar” - ABŞ rəsmisi

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə müşaviri Maykl Karpenter “Amerikanın səsi”nin Ukrayna xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün paytaxt Tiflisin küçələrində baş verən zorakılıq hadisələri – etirazçıların, jurnalistlərin, tələbələrin döyülməsi dəhşət doğurur. 

“Bu, demokratik ölkədə görə biləcəyimiz davranış deyil. Gürcüstanın uzun illər, onilliklər ərzində can atdığı hər şey – Aİ-də, NATO-da gələcək, təhlükəsizlik, firavanlıq, Avropa və Qərblə inteqrasiya – bütün bunlar indi təhlükə altındadır. Hakimiyyət bəyan etdi ki, ən azı, yaxın gələcəkdə Avrointeqrasiyanı davam etdirmək istəmirlər. Buna görə də, bizim işlərin əvvəlki kimi aparılmayacağını necə anlatmağımız barədə düşünməyimiz lazımdır”.

Karpenter xatırladıb ki, ABŞ Gürcüstana yardımı dayandırıb. “Biz strateji tərəfdaşlığımızı bitirdik. Və zorakılığa görə cavabdehlik daşıyanların məsuliyyətə cəlb edilməsi üçün başqa hansı addımların atılacağını nəzərdən keçiririk”.

“Yaxın bir neçə həftə ərzində sanksiyalar gözləməliyikmi?” sualına cavabında Bayden komandasının nümayəndəsi bildirib ki, bütün variantlar mümkündür.

“Sanksiyalar barədə açıqlamanın elan edilməsini qabaqlamağa hazırlaşmıram, amma dediyim kimi, biz küçələrdə zorakılığa yol verən şəxslərin məsuliyyətə cəlb olunmasına hazırlaşırıq. Onlar məsuliyyətə cəlb edilməlidir. İstər sanksiyalar, istərsə də digər tədbirlər olsun, biz avropalı tərəfdaşlarımızla birgə onların tətbiqi imkanlarını nəzərdən keçirəcəyik”.

Xatirə SADİQ