Tramp seçilə bilər, Rusiya ordusu irəliləyir – Bəs Zelenski nəyə arxayındır?

Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyaya səfəri zamanı bildirib ki, döyüş meydanındakı vəziyyət ən geci 2025-ci ilə qədər müharibəyə son qoymaq üçün imkan yaradır. O, sülh üçün şəraitin olduğunu vurğulayıb.

Oct 11, 2024 - 21:18
Oct 11, 2024 - 21:19
Tramp seçilə bilər, Rusiya ordusu irəliləyir – Bəs Zelenski nəyə arxayındır?

Maraqlıdır, iki ölkə arasında sülh hansı şərtlər altında əldə oluna bilər?

Mövzu ilə bağlı SAVASHMEDİA.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Donald Trampın prezident seçilməsi Ukraynanın məğlubiyyətinə səbəb ola bilər:

"Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs və sülhlə bağlı çağırışı yalnız işğal edilmiş torpaqların geri qaytarılması şərti altında irəli sürüb. O, noyabrda ABŞ-də keçiriləcək prezident seçkiləri ərəfəsində Ukraynaya ediləcək yarıdımların taleyini aydınlaşdırmaq, eləcə də rəsmi Kiyevin aqibətini müəyyənləşdirmək üçün ardıcıl olaraq London, Paris, Roma və Berlinə gedib. Belə ki, Donald Tramp yenidən prezident seçilərsə, bu ABŞ-dən Ukraynaya göndərilən küllü miqdarda yardımın kəsilməsinə səbəb olacaq. Sabiq dövlət başçısı dəfələrlə vurğulayıb ki, yenidən seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini cəmi 24 saata dayandıracaq. Halbuki Rusiyanın BMT-dəki nümayəndəsi bunun üçün 1 günün yetərli olmayacağını qeyd etmişdi. Hər halda, 2022-ci ildən bu günə qədər Ukraynaya 300 milyard dollara yaxın yadım ayıran ABŞ-nin geri çəkilməsi Kiyevin müharibəni uduzmasına gətirib çıxaracaq. Baxın, yardımlar davam edə-edə Ukraynanın cəbhədə gerilədiyini görürük. Son 10 gündə iki Ukrayna şəhərinin – Vuhledar və Hrodivkanın Rusiya tərəfindən ələ keçirilməsi və dünən qoşunların Toretskə daxil olması da bunu göstərir".

Ekspert vurğulayıb ki, Zelenskinin Qərb dövlətlərinə səfər etməsinin başqa məqsədi də var:

"Zelenskinin Avropaya səfər etməsinin məqsədlərindən biri də müttəfiqlərin verdiyi silahlarla Rusiyanın daxilinə zərbələr üçün icazə alınması ola bilər. Rəsmi Moskva isə Avropaya bu barədə ciddi xəbərdarlıq edib. Britaniya, Almaniya və İtaliya Ukraynanın istəyinə etiraz etsələr də, Fransa Prezidenti Emanuel Makron bunu dəstəkləmişdi. Görünür, Cənubi Qafqazda dağıdıcı, sülhə mane olan tərzdə siyasət yürüdən Fransa Avropada da buna mane olmaq istəyir".

Müsahibim sülhün hansı şərtlər altında əldə edilə biləcəyi ilə bağlı fikirlərini də bölüşüb:

"Sülhün əldə olunması və sanksiyaların yumşaldılması üçün Rusiyanın tutduğu əraziləri geri qaytaracağını düşünmürəm. Prezident Vladimir Putin son açıqlamasında qeyd edib ki, sülhün əsas şərti Rusiyanın tutduğu ərazilər rəsmi Moskvanın nəzarətində qalmasıdır. Zelenski isə Qərbə səfərləri çərçivəsində bildirmişdi ki, sülh planı Rusiyanın Avropaya olacaq təhdidlərini sonlandıracaq. Beləliklə, sülh yalnız məcburi xarakter daşıyacaq və iki tərəfdən birinin məğlubiyyəti ilə əldə olunacaq. Necə ki, II dünya müharibəsi Almaniyanın məğlubiyyəti və Hitlerin ölümü ilə başa çatmışdı. Görünür, Şərqi Avropada da sülh tərəflərdən birinin total məğlubiyyəti ilə əldə olunacaq".

Səlcuq