Tramp vaxtilə hədələdiyi Mark Zukerberqlə nahar etdi

Donald Tramp Mar-a-Laqo iqamətgahında əvvəllər sui-qəsddə ittiham etdiyi və həbslə hədələdiyi “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqlə nahar edib. 

Nov 28, 2024 - 12:33
Tramp vaxtilə hədələdiyi Mark Zukerberqlə nahar etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Yeni seçilmiş prezidentin müşaviri Stiven Miller “Fox News”a deyib ki, Trampla görüşü zamanı Zukerberq Amerika boyunca gördükləri dəyişikliklərin müdafiəçisi və bir hissəsi olmaq istədiyini açıq şəkildə bildirib. 

“Aydındır ki, onun öz maraqları var, öz şirkəti və öz planları var. Lakin o, prezident Trampın rəhbərliyi altında Amerikanın milli yenilənməsini dəstəkləmək istədiyini açıq şəkildə bildirdi”, - deyə Miller əlavə edib. 

Tramp daha əvvəl “Amerikanı xilas edək” kitabında yazmışdı ki, Zukerberq 2020-ci il seçkiləri zamanı ona qarşı sui-qəsd hazırlayan şəxslərdən biridir. O, bununla Zukerberq və xanımı Pristsilla Çanın 2020-ci ildə COVID-19 pandemiyası zamanı əyalət və yerli hökumətlərə seçkilərin keçirilməsinə kömək etmək üçün verdiyi 420 milyon dollar ianəni nəzərdə tuturdu. Həmin vəsait yeni səs sayma avadanlığına, seçki məntəqəsi işçiləri üçün təlimə, fərdi qoruyucu vasitələrə və poçtla səsvermənin təşkilinə yönəldilmişdi. Bu hərəkət respublikaçıların tənqidinə səbəb oldu. Onlar Co Baydenin qələbəsini təmin etmək üçün Zukerberqin səsverməyə təsir göstərməyə çalışdığını iddia etdilər.

Xatirə SADİQ