ABŞ-ı gözündən vurduq! - Heç dərdimiz qalmadı
Antiamerikalının yekəsi olan ruslar hələ də “США” yazır, “Se-Şa-A” deyirlər. Halbuki, rus əlifbasında “С” hərfi “Se” kimi deyil, “Es” tələffüz olunur.
Azərbaycan öz həyatında inqilabi, pardon, kosmik çevriliş etdi. Neçə vaxtdır ki, həmin dövləti Abış yox, Abeşe adlandırırıq! Lap əcəb edirik!! Qoy bilsinlər qüdrətimizi!!!
Lakin, nədənsə, məsələ bu tarixi düzəlişlə bitdi. Doğrudanmı ictimai həyatımızda başqa qüsur yox idi və ya ABŞ adının tələffüzü birinci dərəcəli problem olmuşdu?
Əlbəttə, məişətdə hamı(!) əvvəlkitək Abış deyir. Abeşedə başlıca olaraq media israrlıdır və bu, bəhrəsini illərdən sonra verəcək. Həmin media isə öz qüsurlu dili ilə ictimaiyyətin şüurunu zəhərləməkdədir. Bunun nəticəsi elə indi göz qabağındadır.
Müxbir və aparıcılar. Onlar da qardaşımızdırlar. Lakin elə qardaş ki, Hamletin atasının qulağına zəhər damcılatmısdı. Bu cür damcılar xalqı birbaşa öldürmür, amma mədəni immunitetini zəiflədir, şüurunu bulandırır, dərrakəsini şikəst edir.
Telekanallarda idman şərhçilərindən biri “r” hərfi ilə bitən hər sözün sonuna “ş” əlavə edir: “qruplarŞ”, “oyunlarŞ”, “vururŞ” və bu minvalla sonsuzluğadək. Şərhçilərin ikisi mübtədanı daim xəbərdən sonra deyir. Çünki ana dilinin qaydalarından mübtədası, pardon, xəbəri yoxdur.
Məhz aparıcı və müxbirlərin televiziya efirindən hücum çəkən “belə deyək” parazit söz birləşməsi əhalimizi düşüncəli və düşüncəsiz iki qola ayırıb. Ey, müxbir, deyirsən - de. Öz sözünü. Amma demə ki, "deyək"!
Eləcə də cəmiyyət “layihə” deyən savadlılara və “lahiyə” deyən kəmsavadlara bölünüb.
“Yəni”. Bu söz özündən əvvəl gələn başqa sözün, cümlənin mənasını xırdalamaq, izah etmək üçündür. Onu Səkinə nənə şaldan istifadə etdiyi kimi işlətmək olmaz. Nənə isə şalı gah belinə, ayağına sarıyır, gah da başını onunla örtür. Və, əlbəttə, “yəni” ilə cümləni başlamaq dilin saflığı qarşısında günahdır. Çünki hələ hansısa söz deyilməyib ki, “yəni” onu izah etsin.
Efirdən indiyədək “Pribaltika” sözü səslənir. “Pribaltika”, “Prikaspi”, “Zakaspi”, “Pribaykalye”, “Zabaykalye”, nəhayət “Zaqafqaziya”... Bunların hamısı həmin məkanlara Peterburqdakı taxtda oturmuş Rusiya imperatorunun baxışıdır. Həmin terminlər qeyri-rəsmidir, coğrafi adlar deyil. Litva, Latviya, Estoniya əhalisi öz bölgəsini Baltiya adlandırır.
Teleqüsurların bir qismi dilçiliklə bağlı olmasa da, hər halda tamaşaçı şüuruna zərbədir. Bu dəfə zəhər qulağa deyil, gözə damcılanır. Məsələn, konsert zamanı ekranın bir küncündə “Konsert proqramı” sözləri yazılır. Əgər “Sirk”, yaxud “Caz” yazılıbsa, artıq başa düşürsən ekranda nə göstərilir. Axı başqa necə biləsən ki, sirk - sirkdir...
“Keçmiş SSRİ”. Təəssüf, bu ifadə SSRİ-dən fərqli olaraq ölməzdir. Onu işlədənlər “keçmiş Roma imperiyası”, “keçmiş Üçüncü Reyx”, “keçmiş Misir fironu Ramzes” və bu kimi demirlər. Onların şüurundakı “qısa qapanma” yalnız SSRİ ilə bağlıdır.
Aparıcı, məsələn, müğənnidən soruşur: “Şou-biznesə nə vaxt gəlmisən?”. Demir ki, “Müğənniliyə nə vaxt başlamısan?”. Müğənni, musiqiçi, bəstəkar – yaradıcı insanlardır. Bizneslə isə şouda (məzhəkədə) menecerlər, impressariolar, agentlər məşğul olurlar. Söz düşmüşkən, müxbir heç vaxt futbolçudan, boksçudan xəbər almır ki, idman biznesinə necə gəlib.
Anonsda deyilir: “Saat iyirmi bir sıfır-sıfırda...”. Ay anons, başa düşmürsənmi sıfırlar artıqdır! Adam dilində “Saat 21-də”, yaxud “Axşam 9-da” olmalıdır. Həm sadə, həm aydın! Mehdinin gözündə təmizliyin təcəssümü olan Anjelika “Saat doqquzun yarısında zabitlə görüşüm var” əvəzinə “Saat iyirmi otuzda...” desəydi, sənin gözünə necə görünərdi?!
“Küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq”. Bu, nə deməkdir? Kəsiləcək? Bağlanacaq? Qadağan ediləcək? Yoxsa bir “ziyalı”nın studiyada 2 – 3 dəfə səsləndirdiyi kimi “cəmi-cümü” “bir cıqqılı” məhdudlaşdırılacaq?
Dahi Sabirin təbirincə, hələ görduklərimin yüzdə birini yazmadım. Amma bu qədər yığıldı. Halbuki, tamaşaçı təcrübəm azdır. Sən isə, məndən fərqli olaraq, milli televiziya kanallarına müntəzəm və qat-qat çox baxırsan. Deməli, qüsurları daim görürsən. Onların qüsur olduğunu anlayırsansa, Abışdan niyə başladın və onunla da tamamladın!
Dünya Xeyir və Şərdən, Yaxşı ilə Pisdən ibarətdir. Onların vəhdəti və mübarizəsi fasiləsizdir. Həqiqətin anatomiyasını isə belə anlayıram: Yaxşını görməyənin gözü yoxdur, Pisi görməyənin - ağlı.
A.ƏZİZ,
həvəsli filoloq
QEYD: Abışovlar soyadlarını dəyişib Abeşeyev etməyə tələsməsinlər. Bəlkə qaytardılar...