Ankara Ərdoğanın Trampla bağlı dediklərini dandı - "Tərcüməçinin səhvidir" + VİDEO
Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda “Fox News” telekanalından jurnalist Bret Baierə verdiyi müsahibə Türkiyə ilə ABŞ arasında gərginlik yaradıb.
SAVASHMEDİA.az xəbər verir ki, gərginliyə səbəb R.T. Ərdoğanın fikirlərinin ingilis dilinə tərcüməsidir.
Türkiyə Prezidentinin Kommunikasiyalar Müdirliyi bununla bağlı “Fox News” telekanalına rəsmi bildiriş göndərib.
Ərdoğan-Tramp görüşü ərəfəsində göndərilən bildirişdə kanalın tərcüməsinin səhv olduğu qeyd edilib:
“Prezident Ərdoğanın savaşların bitməsi barədə qiymətləndirməsi tərcümə anında məna itkisinə uğrayıb. Ərdoğan müsahibədə müharibələrə son qoymağın ciddi çətinliklər və xərclər gətirdiyini vurğulayaraq, prezident Trampın bu istiqamətdəki səylərini təqdir edib”.
Jurnalist Bret Baier verilişində həm müsahibənin sözügedən hissəsini, həm də Türkiyə Prezidentinin Kommunikasiyalar Müdirliyinin bildirişini ekrana daşıyaraq məsələ ilə bağlı açıqlama verib:
"Türkiyə prezidenti Ağ Evdəki görüşdən əvvəl bu açıqlamalarına aydınlıq gətirmək istədi. Lakin bizim tərcüməmiz düzgündür. “Fox News” olaraq tərcüməmizin arxasındayıq”.
Xatırladaq ki, Türkiyə lideri “Fox News”a müsahibəsində Trampın seçkiqabağı vədlərini xatırladaraq, “Tramp Rusiya-Ukrayna savaşını bitirəcəyəm dedi. Savaş bittimi? Xeyr! Qəzzadakı müharibəni bitirərəm dedi. Müharibə bitdimi? Xeyr!” - fikrini səsləndirib.
ABŞ dövlət katibi Marko Rubio isə Ərdoğanın fikirlərinə sərt reaksiya verib:
"Liderlər istədiklərini deyə bilərlər, amma günün sonunda həll yolu lazım olanda Ağ Evə gəlmək istəyirlər. Hamısı Trampla görüşərək ondan problemləri həll etməsini xahiş edirlər. Prezident Ərdoğan da ABŞ lideri ilə görüşmək üçün bu həftə ərzində Ağ Evə gələcək. Bu gün davam edən toplantılar var və liderlər toplantının bir üzvü olmaq üçün yalvarırlar. Zəng edərək “Trampla 5 dəqiqə əl görüşmək imkanı yaradın” deyib xahiş edirlər”.
Banu