Çin müharibədə niyə İranın məğlub olmaması üçün çalışırdı? - TƏHLİL 

Pakistanda danışıqlar başlayıb. Tərəflərin fasiləyə ehtiyacı var. Müharibə tərəflərə xüsusi üstünlük qazandırmayıb. 

Apr 11, 2026 - 17:57
Çin müharibədə niyə İranın məğlub olmaması üçün çalışırdı? - TƏHLİL 

Bu arada, Çin müharibənin dayandırılması məqsədilə diplomatik fəallığını artırıb. Pekin bu müharibədə ABŞ-ın qələbə qazanmaması, İran rejiminin isə məğlub olmaması üçün çalışıb. 

Pekin ABŞ - İran danışıqları fonunda Tayvan siyasətini də fəallaşdırıb. Çin lideri Si Cinpinin Pekində Tayvanın müxalifət partiyası olan Qomindanın lideri Çjen Livenlə görüşü bundan xəbər verir. Çjen Liven bu səfərini "sülh səyahəti" adlandırıb. 

Bu, Si Cinpinlə Qomindan lideri arasında 10 ildən sonra keçirilən ilk görüşdür. Halbuki, Tayvan prezidenti Lay Çinde Pekinlə danışıqların əleyhinədir. Pekin Lay Çindeni demokratik yolla seçilmiş prezident saymır. Pekin onu separatçı adlandırır. Bunun əksinə olaraq Pekin Tayvan müxalifətinin lideri ilə dialoqu davam etdirməkdə maraqlı görünür. Bunun iki səbəbi var. 

Birincisi, Pekin bununla göstərir ki, Tayvanı Çinə birləşdirmək üçün hərbi yol əvəzinə “yumşaq gücdən” istifadə etməyə hazırdır. 

İkincisi, Pekin Tayvanı dəstəkləyən Vaşinqtona da mesaj göndərib ki, əgər adanın müxalifət lideri Çinə səfər edirsə, bu o deməkdir ki, ada xalqının bir hissəsi Çinə birləşməyin tərəfdarıdır. 

Qomindan lideri Pekində verdiyi açıqlamada Çinlə ada arasında gərginliyinin aradan qaldırılması vacibliyini belə izah edib ki, boğazın hər iki tərəfində çinlilər yaşayır və onlar bir ailənin üzvləridirlər. Çin lideri Si Cinpin isə yenə açıq ifadə edib ki, Pekin Tayvanın müstəqilliyinin əleyhinədir. 

Si Cinpin Tayvanın müxalifət liderindən gözləntilərini belə əsaslandırıb ki, Qomindan və Çin Kommunist Partiyası "siyasi qarşılıqlı etimadı" gücləndirməli və "boğazın hər iki tərəfindəki həmvətənləri birləşdirməlidirlər.

Beləliklə, Qomindan liderinin Pekinə səfərinin mahiyyəti mümkün müharibənin qarşısının alınması məqsədi daşıyır. 1992-ci ildə Qomindan Tayvanda hakimiyyətdə olan Pekinlə saziş imzalamışdı. Həmin sazişə görə, tərəflər müharibədən qaçmalı, sülhün bərqərarı məqsədilə birlikdə işləməli idilər. Pekin bu sazişi "vahid Çin" konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirirdi. Ancaq sonrakı illərdə Tayvanda hakimiyyət dəyişdiyindən danışıqların davamı gəlmədi və Pekinin ritorikası sərtləşdi.

Buna baxmayaraq, Pekin Tayvan adasını güc yolu ilə ələ keçirilməsinin risklərini hesablamaq məcburiyyətindədir. Müharibə sanksiyalar, enerji daşıyıcılarının qiymətlərinin artması və regional gərginlik deməkdir. Çünki, Çin Tayvan adasını güc yolu ilə ələ keçirərsə, bu Yaponiya və digər bölgə ölkələrinin də təhlükəsizlik maraqlarına təsir edəcək. Vaşinqton da Tayvanın Çin birləşməsinin əleyhinədir. Çünki bu birləşmə ABŞ-la rəqabətdə olan Çinə əlavə güc qazandıracaq.

Elxan şahinoğlu