“Əsas bəndlər razılaşdırılmayıbsa, hansı sülhdən söhbət  gedə bilər?”   – SƏRT AÇIQLAMA

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Reuters” agentliyinə müsahibəsində bildirib ki, ölkəsi yaxın dörd həftə ərzində Azərbaycanla sülh sazişinin müddəalarını imzalamağa ümid edir.

Oct 15, 2024 - 00:32
“Əsas bəndlər razılaşdırılmayıbsa, hansı sülhdən söhbət  gedə bilər?”   – SƏRT AÇIQLAMA

Onun sözlərinə görə, İrəvan inanır ki, Azərbaycan noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransına qədər 16 maddəni imzalayacaq. Prezident nəzərə çatdırıb ki, Azərbaycan rəsmiləri ilə hələ də daha bir neçə maddə üzrə danışıqlar aparılır.

Görəsən, mövcud reallıqlar fonunda iki ölkə arasında sülhün əldə edilməsi  nə dərəcədə real görünür?

Mövzu ilə bağlı SAVASHMEDİA.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Azərbaycan da sülhün imzalanmasına ümid edir:

 "Ermənistan rəhbərliyi bu kimi açıqlamaları ilə sanki ölkəsinin Azərbaycanla yeni səhifə açmaq niyyətinin olduğunu göstərmək istəyir. Onlar elə təsəvvür yaratmaq istəyirlər ki, guya, rəsmi Bakının mövqeyi buna imkan vermir. Vaaqn Xaçaturyan, Nikol Paşinyan və başqa rəsmilərin bu tərzdə açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür. Aydın şəkildə görünür ki, Ermənistan özünü sülhpərvər, Cənubi Qafqazda sıxışdırılmış, fağır ölkə kimi təqdim etmək istəyir. Bunun da səbəbi məlumdur: dünya ölkələri onlara daha çox maliyyə, siyasi və hərbi dəstək göstərsinlər. Nəticədə ayrı-ayrı ölkələrin parlamentləri bizə qarşı bəyanatlar səsləndirirlər".

Ekspert bildirdi ki, Ermənistanın sülh niyyəti yoxdur:

"Əgər Ermənistan rəhbərliyi sülh istəsəydi, o zaman Fransa, ABŞ, Niderland hökumətlərinin bizə qarşı fikirlər səsləndirməsinə mane olardı. Yeri gəldikdə baş nazirləri və ya prezidentləri açıq şəkildə bəyan edə bilərdilər ki, biz artıq Qarabağ erməniləri ilə bağlı məsələni bitirmişik, Azərbaycanla yeni səhifə açırıq. Ancaq belə bir bəyanat eşitməmişik. Sülh müqaviləsinin indiki məqamda imzalanması mümkün deyil. Əsas bəndlər razılaşdırılmayıbsa, o zaman hansı sülhdən söhbət  gedə bilər? İmzalanmış sənəd konkret və əməli olmalıdır".

Səlcuq