Orbana şok, hakim düşərgədə sükut – Müxalifət öndədir, Budapeşt bayram edir
Macarıstanda keçirilən parlament seçkiləri ölkənin siyasi mənzərəsini dəyişə biləcək nəticələrlə yadda qalıb.
Macarıstan Milli Seçki Bürosu (NVI) tərəfindən açıqlanan ilkin məlumatlara görə, səslərin 37,04 faizi hesablandıqdan sonra müxalifətdə olan Tisza Partiyası seçkilərdə önə çıxıb.
Partiyanın lideri, Avropa Parlamentinin üzvü Peter Maqyar 51,22 faiz səslə rəqiblərini qabaqlayır.
Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim alyans – Fidesz və Xristian Demokratik Xalq Partiyası isə 40,11 faiz səslə geri qalır. İlkin hesablamalara əsasən, Tisza Partiyası 199 yerlik parlamentdə 132 mandat əldə edir, hakim blok isə cəmi 59 yerlə kifayətlənir.
Seçkilərdə ifrat sağçı “Bizim Vətən” Partiyası da parlamentə düşməyi bacarıb. 6,09 faiz səs toplayan partiya 8 mandat qazanaraq yeni parlamentdə təmsil olunacaq.
Yeni hökumətin taleyi Macarıstan Milli Assambleyasında həll olunacaq. Ölkə prezidenti Tamaş Şujok bildirib ki, seçkilərdən sonra 30 gün ərzində parlamentin ilk iclası keçiriləcək və baş nazir seçiləcək.
Paytaxt Budapeştdə artıq fərqli mənzərə hökm sürür. Müxalifətin qərargahında tərəfdarlar qələbəni qeyd edir, küçələrdə bayram ab-havası yaşanır. Hakim Fidesz düşərgəsində isə əksinə, sükut və gərgin gözlənti müşahidə olunur.
İlkin nəticələr təsdiqlənərsə, bu, uzun illərdir hakimiyyətdə olan Viktor Orban üçün ciddi siyasi zərbə kimi qiymətləndirilə bilər.
Səlcuq
SAVASHMEDİA.az