Tramp İranla yeni danışıqların məkanını AÇIQLADI - "Heç yerə getməyin, oraya gəlirik"
ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton və Tehran arasında danışıqlar yaxın günlərdə Pakistanda yenidən başlaya bilər.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə New York Post aprelin 14-də məlumat yayıb.
Məlumata görə, Tramp İslamabadda olan jurnalistlərdən birinə belə deyib: “Əslində, siz orada qalmalısınız. Heç yerə getməyin. Çünki yaxın iki gün ərzində mühüm hadisə baş verə bilər və biz başqa yerə deyil, məhz ora getməyə daha çox meylliyik”.
ABŞ lideri danışıqların məhz Pakistanda davam etmə ehtimalının yüksək olduğunu da vurğulayıb. O, Pakistan ordusunun başçısı Asim Munir barədə danışaraq onun “əla iş gördüyünü” qeyd edib.
Xatırladaq ki, aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında yüksək səviyyəli görüş baş tutub. ABŞ nümayəndə heyətinə vitse-prezident JD Vance rəhbərlik edib. Bu görüş tərəflər arasında son yarım əsrdə keçirilən ən yüksək səviyyəli təmaslardan biri kimi qiymətləndirilir.
Bununla belə, danışıqlar nəticəsiz yekunlaşıb. Aprelin 12-də görüş vaxtından əvvəl dayandırılıb və ABŞ nümayəndə heyəti İslamabadı tərk edib.
Qeyd edək ki, tərəflər aprelin 7-də iki həftəlik atəşkəslə bağlı razılığa gəliblər. ABŞ və İsrailin fevralın 28-də İrana endirdiyi hava zərbələrindən sonra bölgədə gərginlik kəskin artmışdı.
Səlcuq