"Üzr istəyirəm, barda olmamışam ki..." - "Kəpəz"in baş məşqçisi

Bu gün Misli Premyer Liqasında 33-cü tur çərçivəsində "Kəpəz" "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.

May 23, 2026 - 19:05
"Üzr istəyirəm, barda olmamışam ki..." - "Kəpəz"in baş məşqçisi

SAVASHMEDİA.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

"Gənc futbolçulara şans verdiyim üçün çox sevinirəm. Bəlkə də onlar Azərbaycan futbolunun gələcək simaları olacaqlar. Təbii ki, bunun üçün öz üzərlərində çox çalışmalıdırlar. Oyuna gəldikdə, uşaqlar sonadək döyüşdülər, bacardıqlarını etdilər və hər birinə təşəkkür edirəm. Biz gələndə "Kəpəz"in 6 oyunda 6 məğlubiyyəti var idi. Belə ağır vəziyyətdə, özü də 12 legionerin transfer olunduğu bir vaxtda komandanı götürmək həqiqətən çətin idi. Lakin bu fonda komandanı Premyer Liqada saxlaya bildik. Klubda çalışan hər kəsə minnətdaram".

- Bu gün meydanda olan gənc oyunçulardan kimləri xüsusi qeyd edərdiniz?

- Şahnur İsmayılovla Raul Hüseynlini xüsusi vurğulamaq istərdim. Hər ikisi çox bacarıqlı futbolçulardır. Lakin daha çox çalışmalıdırlar, çünki artıq ictimaiyyətin və azarkeşlərin diqqəti onların üzərindədir.

- "Kəpəz"dən ayrılıb "Şamaxı"ya keçəcəyiniz iddia olunur. Bu barədə fikirlərinizi bildirə bilərsiniz?

- Bu barədə indi danışmaq istəmirəm. Zamanı gələndə klubun rəsmi hesablarında lazımi məlumat veriləcək. Ümid edirəm ki, hər şey Azərbaycan futbolu üçün uğurlu və xeyirli olar.

- Oyun bitdikdən sonra azarkeşlər sizə qarşı şüarlar səsləndirdilər. Sizə haqsızlıq edildiyini düşünmürsünüz?

- Futbolda belə şeylər qaçılmazdır və anlaşılmazlıqlar həmişə olub. Mən azarkeşlərdən razıyam, Gəncə azarkeşləri futbolu çox yaxşı bilirlər. Rəhbərliklə də heç bir problemim yoxdur. Klubdan mənə qalmaq təklifi olunub və bu təklif builkindən qat-qat yaxşı idi. Sadəcə, beynimdə müəyyən məsələlər var və hər şeyi götür-qoy etmək üçün zaman lazımdır.

- Klubun daha yaxşı təklif etdiyini dediniz. Bəs niyə razılığa gələ bilmirsiniz?

- Mən doğruluğun və verdiyim sözün üstündə durmağın tərəfdarıyam. Hər zaman "Kəpəz" azarkeşlərini sevindirmək, onlara yaxşı nəticələr vermək istəmişəm. Əgər gələcək büdcə buna imkan verməyəcəksə, azarkeşlərin qarşısında əlacsız vəziyyətdə qalacağam.

- "Şamaxı"nın oyununu stadiondan izləməyiniz müəyyən narazılıqla qarşılandı. Bununla bağlı nə deyə bilərsiniz?

- Biz futbol adamıyıq. Səhər tezdən öz komandamla məşqimizi yüksək səviyyədə keçmişəm, hətta özüm də uşaqlarla birlikdə futbol oynamışam. Mənim Qəbələdə evim var. Düşündüm ki, gedib orada matçı canlı izləyim. Qəbələdə bir gün qalıb, sonra Bakıya gəlmişəm. İfadəmə görə üzr istəyirəm, barda olmamışam ki. Futbol adamıyam, yerim elə stadion olmalıdır. Bəlkə sabah da tam başqa bir oyuna gedib baxacağam.

- Klub rəhbərliyi ilə hazırkı münasibətləriniz necədir?

- Həm Adil Vəliyevlə, həm də Fərman müəllimlə çox yaxşı münasibətimiz var. Lakin bəzi məsələlər var ki, hələ tam aydın deyil. Vəziyyət belə qeyri-müəyyən olanda isə qəti qərar vermək çətindir. İnanıram ki, hər şey yaxşılığa doğru gedəcək.

- Rəhbərlik qarşınıza avrokuboklara vəsiqə qazanmaq tələbi qoyubmu?

- Xeyr. Məsələ tək büdcə deyil. Bir komandanı formalaşdırmaq üçün ən azı 3 il vaxt lazımdır. Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?