ADY sistemi ucuz bilet alışlarında niyə “xəta verir"? - 58 AZN idi, 242 manat oldu

“Azərbaycan Dəmir Yolları 58 manata aldığım bileti öz xətası ucbatından mənə yenidən 242 manata təklif edir”.

May 23, 2026 - 20:57
May 23, 2026 - 20:59
ADY sistemi ucuz bilet alışlarında niyə “xəta verir"? - 58 AZN idi, 242 manat oldu

SAVASHMEDİA.az xəbər verir ki, Şahmir Sofiyev adlı müştəri ADY-dən şikayətçidir.

Müştəri bildirib ki, ADY-nin rəsmi saytı vasitəsilə Qardabani – Böyük Kəsik bileti almaq istəyib:

“Mən bu reysə bilet alarkən ADY-nin sistemi kartımdan 57.76 AZN  pul çəkdi, amma bileti vermədi. Çağrı mərkəzi isə "sistem xətası olub" dedi və mənə eyni qatar biletini 242 manata yenidən almağı təklif etdi. ADY-nin öz sistem xətası ucbatından mənə zorla sırımaq istədiyi qatar biletinin qiyməti ilə AZAL-ın təyyarə biletinin qiyməti rəsmən eynidir”.

Şahmir Sofiyev qurumdan kartından çıxılan pulun geri qaytarılmasını yox, ilk aldığı məbləğə biletinin təmin edilməsini istəyib:

“Hörmətli ADY, mən pulumun geri qaytarılmasını yox, hesabımdan kəsilən vəsait müqabilində biletimin təmin edilməsini tələb edirəm! Öz sistem xətanızın bədəlini sərnişinə ödədib, 25 dəqiqəlik qatar yoluna görə vətəndaşı bu dərəcədə soymaq yolverilməzdir. İlkin qiymətlə olan biletimi dərhal təmin edin!”.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarını 26 may 2026-cı il tarixindən etibarən bərpa edəcək.

Səlcuq