Günay Ağamalını tənqid etdiyinə görə İŞDƏN ÇIXARILDI - "Feyzbukda yazdığını da sil"

Deputat Günay Ağamalının uşaqpulu ilə bağlı fikirlərini tənqid edən “Şərq Qapısı” qəzetinin əməkdaşı Elnurə Cəfərovanın cəzalandırıldığı bildirilir. 

May 23, 2026 - 21:26
Günay Ağamalını tənqid etdiyinə görə İŞDƏN ÇIXARILDI - "Feyzbukda yazdığını da sil"

O, Facebook hesabında yazdığı statusda “valideynlər uşaqpulu alsa, işləməyəcək” deyən deputatı reallıq hissini itirməkdə ittiham edib.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a məlumat verən redaksiya əməkdaşlarının sözlərinə görə, jurnalist həmin statusa görə şiddətli töhmət alıb. Onlar bildirirlər ki, töhmətdən əvvəl baş redaktor Rəmzi Tahirli onu statusu silməyə məcbur edib:

“Baş redaktor Rəmzi Tahirli onu şəxsən otağına çağırıb, izahatını alıb və şiddətli töhmət verib. Daha sonra hamının gözü qarşısında danlayaraq üstünə qışqırdı. Dedi ki, bura dövlət orqanıdır, burada tənqid qəbul edilmir.’

Bundan sonra hamımızı xəbərdar etdi ki, bir daha kimsə tənqidi fikir yazsa, dərhal işdən çıxarılacaq.

Baş redaktor bizim ifadə azadlığımızı məhdudlaşdırır. Biz robot deyilik, bizim də fikirlərimiz var və biz də kimisə tənqid edə bilərik. Redaksiyada onsuz da azad mühit yox idi, Rəmzi Tahirli gələndən sonra isə səsimiz tamamilə boğulub.”

Xatırladaq ki, “Şərq Qapısı” Naxçıvan Ali Məclisinin rəsmi orqanıdır.

Elnurə Cəfərova paylaşımında deputat Günay Ağamalıyevanın uşaqpulu ilə bağlı fikirlərini tənqid edib. O bildirib ki, uşaqpulu ailəni dolandırmaq üçün deyil, uşağın minimum qidalanma, geyim və təhsil ehtiyaclarına dəstək kimi verilir. Cəfərova hesab edir ki, deputatın “uşaqpulu verilsə, insanlar işləməyəcək” fikri reallıqdan uzaqdır və valideynləri tənbəl kimi təqdim edir. Onun sözlərinə görə, Azərbaycanda ailələrin iqtisadi çətinlikləri, aşağı maaşlar və doğum faizinin azalması fonunda uşaqpulu məsələsi daha da aktuallaşıb.

Qeyd edək ki, deputat Günay Ağamalıyevanın Azərbaycanda uşaqpulunun verilməməsini valideynlərin tənbəlləşəcəyi ilə əsaslandırması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun bu fikri bir çox istifadəçi tərəfindən tənqid olunub.