Düşündürən düşüncələr - 4

Babam bütün müasir qacetlərdən istifadə etməyi bacarır. Super noutbuku var. Smartfonda akkaunta malikdir. Gün ərzində bir neçə saat ən müxtəlif xarakterli videoya baxır, musiqi dinləyir. O gün mənə Teylor Svift, Castin Biber haqqında danışdı...

Jul 24, 2025 - 12:50
Düşündürən düşüncələr - 4

Bir də dedi ki, yaşıdlarımdan soruşum aypod, kasset pleyeri, videomaqnitofon, yaddaş diski, operetta nədir, sonra düşünüm: geridə qalmış kimdir. Axı babam bunları da bilir...

* Hər axşam dükanın qabağında 5-6 pişik toplaşır. Bilir ki, “qəribə” (yumşaq ifadə məndəndir) adamlar mağazadan onlar üçün yem alıb açacaq, qarşısına tökəcəklər. Yem sabaha da qalacaq, əgər göyərçinlər dimdikləməsə.

Ona görə qəribə, çünki pul verib, küçədə heyvan “saxlayır”, bununla da sahibsizliyi, yoluxucu xəstəlikləri dəstəkləyirlər.

Qəribə, çünki heç vaxt görməmişəm kim isə heyvanın boğazına bitə, birəyə, gənəyə qarşı sanitar boyunbağısı bağlasın.

Pişik haradasa başqa yerdə də yem tapar, amma dükana girib özünə boyunbağı ala bilməz. Odur ki, yazıq heyvanlar elə hey qaşınır, qaşınır. Yenə qaşınır.

* “Yaşasın o, nəyin sayəsində heç nəyə baxmayaraq...”.

* Rusiyanın gələcəyi yoxdur!..

Rusiyanın gedəcəyi var!

* “Yay tətili necə keçdi”.

Ağıllı məktəbli bu mövzuda inşanı may ayında yazmağa başlayıb...

* Möcüzə özüməm – heç vaxt dəyişmirəm: hər zaman cavanam, hər zaman qocayam, hər zaman uşağam. Həmişə eyni zamanda.

* Düşünürəm, görəsən Snouden düşünməyə başlayıb...

* Vaxtım çox monoton keçir. O gün darıxdığımdan məşuqəmə arvadımla xəyanət etdim...

* Onun haqqında yaxşı şey demirlər. Yəqin həqiqətən yaxşı adamdır...

* Axmaq insan ağıllını dinləyib dedi: “Ayə, bu nə gicdır belə!”.

* Filmdə cavan kişi əvvəlcə sinəsindəki, ardınca qarnındakı tükləri ülgüclə qırxdı. Sonra qollarını, ayaqlarını təmizlədi. Lakin saqqalına toxunmadı: dəb toxunulmazdır!

* Televizorda Samuel L. Ceksonun baş rolda çəkildiyi film göstərilirdi. Rusca adı – “Переговорщик”. Azərbaycan auditoriyasının key və düşüncəsiz olduğunu nəzərə alaraq, ekranın aşağı hissəsində “Danışıqlar aparan şəxs” sözləri yazılmışdı. O dəqiqə təsəvvür etdim ki, futbolçu haqqında film “Futbol oynayan şəxs”, rəssam barədə isə “Rəsm çəkən şəxs” kimi tərcümə olunacaq.

Bilirəm, ay TV, sənin kimilərin hazırladıqları lüğətlərdə həmin sözə çətin ki, rast gələsən. Amma boşboğazlıq etmədən “Danışıqçı” yazmağa nə vardı ki...

* Yaylaqda çobanla həyat, ailə və sairə haqqında söhbət edirdik. Dedi ki, yeniyetmə qızını sırtıqcasına öpür, oğlunu – yox. Oğlan həmişə inciyir, qısqanır.

Susdum. Cavan çobanın sözləri, fəlsəfəsi mənim düşündüklərimə ziddir. Əlbəttə, balalarımı sevirəm və arada ayrı-seçkilik ola bilməz. Lakin qızımı öpməyi onun 5 yaşı olanda tərgitdim. Qız sırtıq olmamalı, öpüşə alışmamalıdır. Bütün dişləmələrimi oğlana bəxş etdim: qoy olsun atasının tayı!

* Səhər 7-də televizorda “İnadkar qız” qədim rus filmi göstərilirdi. Ağ-qara. Katya İvanova haqqında. Qətiyyən şedevr deyil. Hətta mən – böyük kinoman – onu heç vaxt görməmişdim.

Katya Uzaq Şərqdən Moskvaya gəlib qızları (aha!) orada işləməyə və yaşamağa yola gətirir. Yəqin partiyanın oğlan planı yerinə yetirilib, çatmır qız yalnız.

Film köhnədirsə də, 2009-cu ildə dublyaj olunub. Belə çıxır, guya aktualdır. Görəsən onu naftalinin içərisindən götürüb azərbaycanlı tamaşaçıya təqdim etmək hansı kəmsavadın ağlına gəlib?! Və, ümumiyyətlə, Azərbaycanda kino, mədəniyyət ideologiyası, siyasəti varmı?

Suallar ritorikdir, əziyyətə qatlaşma...

A.ƏZİZ