Əlvida, Kolxozstan! – 13

Hər şənbə qaydaya, ənənəyə əsasən molokan hamamda yuyunur. Həmin gün çimməyənin də evində xətdəki qazın təzyiqi aşağı düşür. 

Mar 5, 2025 - 13:21
Əlvida, Kolxozstan! – 13

Bazar günü isə dindarlar təmiz paltar geyinib dua evində toplaşırlar. Orada rəvayət dinləyir, ruhi nəğmələr ifa edirlər. Toplum qərargahları, lap Amerikadan olsun, buradakılara kaset və ya disklərdə “moizə” göndərir. Tədbir günorta başa çatır, bütün təriqət adamları küçələrə axışırlar. Tək-tək, dəstələrlə. Yayda ağ önluklü, zərif orpəkli qarılar əsl tamaşadır! Ağ fartuklu (önluklü), köynəkli məktəbli qızlar və oğlanlar da onlara qarışıb küçədə gedəndə, belə səhnə onu görənlərə gözəl təsir bağışlayır.

Havay adalarında yerli əhalinin öz işi var – sexdə, küçədə, oteldə... Amma turist dəstələri və hörmətli qonaqlar gələndə, onları, ənənəyə görə, xüsusi folklor ansamblı qarşılayır. Musiqi, nəğmə, çicək çələngləri ilə. İvanovkanın da öz “Havay” qrupu var. Doğrudur, ad başqadır. Lakin mahiyyət həminkidir. Televiziyaçılar, kinematoqrafçılar, rəsmi və qeyri-rəsmi nümayəndə heyətləri İvanovkaya təşrif buyuranda, bu qrup geyinib-kecinir və musiqi nömrələri təqdim edir.

Kənddə ən yüksək bayram əhval-ruhiyyəsi pravoslavların pasxası zamanıdır. Bütün xristian ailələrində ənənəvi şirniyyat bişirilir. Ondan bir-birinə və qapıya gələnlərə pay verirlər. Yaxın qonşular, tanışlar həmin gün dostuma bişinti və konfet gətirirlər. “Bəs sən onlara nə aparırsan?” - deyə soruşdum. “Bu gün yalnız qabı boş qaytarmıram. Əsl pay Novruz bayramındadır. Bizim şirniyyata heç nə çatmaz! Sellofan paketdə verirəm ki, qab qalmasın, çaşıb içinə nəsə qoymasınlar”. Bu, zarafat deyildi. Qabı boş qaytarmaq kənddə qəbahət sayılmır.

Sərxoşluq, alkoqolizm İvanovkada adi haldır, təəccüb doğurmur, diqqət cəlb etmir. Bu sahədə ləzgilər çox vaxt ruslardan geri qalmırlar. Özü də, təkcə İvanovkada yox...

Kənddə nəinki məhəllələrin və rusların, həmçinin bütövlükdə millətlərin ləqəbi var. Nastyalardan biri sirri açdı. (Guya nə böyük sirr imiş!). Rusları kənddə “sarıqulaq” adlandırırlar. Bunu başqa rayonludan da eşitmişdim. Bakıda daha sadə - “sarı” deyilir. Saçın rənginə görə. Hələ yüz il bundan əvvəl ermənilərə “duzlu” adı qoyulmuşdu. Yeyərkən duzlu şeylərə üstünlük verdiklərinə görə. Qonşumuz ləzgi qadınla evlənəndə nənəm dedi ki, qonşu “kələm” alıb. O vaxtın adamları ləzgi qadınları yalnız bazarda, çəlləkdən kələm satan görmüşdülər.

Hər toplumun öz söz-söhbəti var. Sataşmaq, lətifə söyləmək... Bakıda ləzgilər haqqında ən çox sataşma lətifəsi danışan mehriban tanışım, çox yaxşı insan, ürəyi açıq... ləzgi kişi idi. Soruşdum ki, niyə belə lətifələr danışır, ləzgiləri geridə qalan kimi göstərir. Nə cavab verdi? Tapmazsan. “Onsuz da belədir də”.

Ləzgi tanışım həmişə olub, indi də var. Kimdən soruşmuşamsa “Niyə o rəqs “Lezginka” adlanır?” - bilməyib. Əslində, həmin rəqs Qafqazda yaşayan bütün xalqların rəqsləri ruhunda və ritmindədir. Onu öz adına çıxarmaq başqalarına qarşı ədalətsizlik, həttə xəyanətdir. İkincisi, milli rəqsdirsə, adı niyə ruscadır?! Lap “qədim erməni şəhəri”nin Stepanakert adı yada düşür. Üçüncüsü, “танец” sözü rus dilində kişi cinsinə aiddir. Bəs niyə dişi adı var. Olmaya cinsini dəyişib!

İvanovkada da “cigit” ləzgilərdən bunu soruşdum. Xırdaladim. Cavab verən olmadı. Özüm də demədim: başı var – islətsin!

Tanışımdan eşidəndə ki, aşağı kənddə hapıtlar yaşayırlar, elə düşündüm bu da bir ləqəbdir. Bir dəfə yanındakı kişini mənə təqdim etdi: “Hapıtdır”. Ondan çox ehtiyatla soruşdum:

– Hapıt nədir?

– Millət. Azərbaycanlı, rus, hamı kimi.

– Tələsmə. Millətin vətəni olar. Harada yaşayır bu millət?

– Aşağı kənddə.

– Millətin dili olar. Varınızdır?

– Əlbəttə.

– Çox yox, 10-a qədər saya bilərsən?

– Hə.

– Bəs say da. Yoxsa əziyyətdir?

– Bir, iki, üç, dörd, beş...

Ardını yəqin özün başa düşdün...

Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)

A.ƏZİZ