Özü müharibə aparan Putin İran üçün "əriştə kəsir" - Vasitəçi olmaq istədi
Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı Yaxın Şərqdə yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Kremlin yaydığı məlumata görə, liderlər regionda sürətlə dəyişən vəziyyəti və son gərginliyi müzakirə ediblər.
Tehran Moskvaya mesaj verdi
Diqqətçəkən məqam isə İran tərəfinin Islamabadda keçirilən İran–ABŞ danışıqlarına xüsusi toxunmasıdır.
Pezeşkian baş tutan danışığı qiymətləndirərək Rusiyanın beynəlxalq platformalarda tutduğu mövqeni yüksək qiymətləndirib. Bu isə Tehranın Moskvanı əsas oyunçulardan biri kimi gördüyünü göstərir.
Putin vasitəçi olmaq istəyir, amma...
Vladimir Putin telefon danışığında Rusiyanın münaqişənin siyasi və diplomatik yolla həlli üçün vasitəçilik etməyə hazır olduğunu açıq şəkildə bəyan edib.
Lakin bu təklif birmənalı qarşılanmır. Rusiyanın Ukrayna ilə müharibə apardığı bir vaxtda Kremlin özünü “sülh quşu” kimi təqdim etməsi müəyyən suallar yaradır. Necə deyərlər, özünə umac ova bilməyən Rusiya prezidentinin İrana "əriştə kəsməsi" ciddi qəbul oluna bilməz.
Analitiklər hesab edir ki, münaqişənin birbaşa iştirakçısı olan bir gücün başqa regionda neytral vasitəçi kimi çıxış etməsi şübhəli görünür. Bu isə Moskvanın təşəbbüsünü daha çox geosiyasi addım kimi ön plana çıxarır.
Humanitar jest və strateji yaxınlaşma
Telefon danışığında İran lideri Rusiyanın göstərdiyi humanitar yardıma görə təşəkkür edib. Bu detal iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, həm də strateji-humanitar müstəvidə inkişaf etdiyini göstərir.
Tərəflər bir daha əməkdaşlığın genişləndirilməsi istiqamətində öhdəliklərini təsdiqləyiblər. Bu isə onu göstərir ki, Yaxın Şərqdə baş verən son proseslər fonunda Rusiya və İran arasında koordinasiya daha da dərinləşir – və bu xətt yaxın dövrdə regional siyasətdə həlledici rol oynaya bilər.
Oğuz
SAVASHMEDİA.az