PSJ UEFA Superkubokunu qazandı - Tarixində ilk dəfə
Fransanın PSJ klubu İngiltərənin "Tottenhem"inə qalib gələrək tarixində ilk dəfə UEFA Superkubokunun sahibi olub.
SAVASHMEDİA.az-ın məlumatına görə, İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
39-cu dəqiqədə Mikki van de Ven hesabı açaraq londonluları önə çıxarıb. Kristian Romero 48-ci dəqiqədə "Mahmızlar" üstünlüyünü ikiqat artırıb. Li Kan İn 85-ci dəqiqədə hesabdakı fərqi azaltdı. Qonsalu Ramuş 90+4-cü dəqiqədə hesabı bərabərləşdirib və oyunu penaltilər seriyasına keçirib. Matçdan sonrakı seriyada parislilər daha güclü olub.
Qeyd edək ki, PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, "Tottenhem" isə Avropa Liqasının qalibi olub.
Xatırladaq ki, ötən il UEFA Superkubokunu İtaliyanın "Atalanta" komandasını 2:0 hesabı ilə məğlub edərək "Real Madrid" qazanmışdı. "Real" UEFA Superkubokunda ən çox qələbə qazanan komandadır. Klubun hesabında 6 belə titul var.