Qulu Məhərrəmlinin konfeti - Yaxud, yarpaqsız ağacın kölgəsində düşüncələr
Müdriklər demişkən, zaman və tarix həmişə hər şeyi və hər kəsi öz yerinə oturdur.
Ötən ilin son günlərində özünü media cəfakeşi kimi qələmə verməyə çalışan Qulu Məhərrəmliyə dövlət başçısının fərdi təqaüdünün verildiyi barədə xəbər yayılarkən bu kəlamı bir daha xatırladım.
Sərəncamda bu addım Qulu Məhərrəmlinin media sahəsində uzunmüddətli səmərəli fəaliyyəti ilə izah edilirdi.
Hərçənd “mediada səmərəli fəaliyyət” sözü bir qədər mübahisəli təsir bağışlayır. Çünki 2017-ci ildə məhz Qulu Məhərrəmli müsahibələrində iddia edirdi ki, “bugünkü mətbuatımız kənardan da, içəridən də eyni cür – yarpaqları saralmış, gövdəsi qurumuş, kölgəsi cəmiyyət üzərinə düşməyən ağac kimi görünür. Bu ağaca baxanda Azərbaycanın hansı havada və necə yaşaması, toplumun hansı problemləri həll etməli olduğu bilinmir. Yəni bizim mətbuatımız yaşadığımız cəmiyyətin güzgüsü olmaq, onun dərd-sərini demək, millətin gedəcəyi yolu işıqlandırmaq missiyasını yerinə yetirə bilmir, odur ki, bir vilayətin güzgüsü olmaq işini yarıtmayan medianı keyfiyyətli hesab eləmək olmaz”.
Sözün qısası, Qulu Məhərrəmli bu fikri ilə özü etiraf edir ki, “yarpaqları saralmış, gövdəsi qurumuş, kölgəsi cəmiyyət üzərinə düşməyən ağac kimi görünən mediada” səmərəli fəaliyyət ola bilməz.
Amma, ən əsası, adam istər-istəməz son illərdə populyar olan sualı verməli olur. Nooldu, Qulu Məhərrəmli? Bəs dünənədək jurnalistə ev verilməsini tənqid edir, “jurnalist hökumətdən heç bir bəxşiş ala bilməz” deyirdin?
Axı məhz professor, əməkdar jurnalist adlarını lazım gəldi-gəlmədi gözlərə dürtən Qulu Məhərrəmli 2013-cü ildən etibarən yaxasını cırırdı ki, niyə jurnalist ev almalıdır?.
Bəli, hörmətli oxucu, məhz bu şəxs kirayələrdə ailələri ilə birlikdə çürüyən jurnalistlərə müstəqil Azərbaycan dövləti tərəfindən mənzillər verilməsinə çox eybəcər şəkildə qarşı çıxanlardan biri idi.
O zaman Qulu Məhərrəmli belə deyirdi: “Mən istəyərəm hamının evi olsun, jurnalistin də, həkimin də, müəllimin də, mühəndisin də… Amma niyə jurnalist ev aldığı halda, ibtidai sinif müəllimi, cərrahiyə otağında tər tökən həkimə ev verilmir? Onlara hansı xidmətlərinə görə ev verilir? Düşünürəm ki, bu mövzu medianı balacalaşdırır, cəmiyyətin gözündən salır, jurnalistlərin əksəriyyətini, xüsusilə yeni başlayanları tamamilə asılı vəziyyətə salır. Onlar davranışlarında yalnız bir məqsəd güdürlər ki, ev, pul ala bilsinlər. Bu, medianın inkişafını ciddi şəkildə əngəlləyir”.
Heç də uzaq olmayan 2017-ci ildə Qulu Məhərrəmli deyirdi ki, cəmiyyətin ruporu ola bilməməsi, əsas missiyasından uzaq düşməsi, iqtisadi dayaqlarının olmaması, azadlığın hüdudlarının daralması, jurnalistlərin daxili senzuraya məruz qalması, peşəkarlığın aşağı düşməsi, müstəqil mətbuatda çalışanların peşə fəaliyyəti ilə bağlı daim maneə və təhlükələrlə rastlaşması, eləcə də peşə prinsiplərinin və etik qaydaların tez-tez pozulması mətbuatın əsas problemləridir.
“Bəs bu günə düşməyimizin səbəbi nədir?” sualına Qulu Məhərrəmli ona indi Prezidentin fərdi təqaüdünü verən İlham Əliyev hakimiyyətini səbəb kimi göstərirdi: “Əsas səbəb cəmiyyətdə, ictimai-siyasi həyatda gedən mənfi proseslərdir. Mətbuat içində yaşadığımiz siyasi rejimin rəngini götürdüyündən, onun çərçivəsinə uyğunlaşmağa məcbur olduğundan demokratik dəyərə çevrilə bilimir”.
Yəqin ki, mətbuatın içində yaşadığımız siyasi rejimin rəngini götürməsi, onun çərçivəsinə uyğunlaşmağa məcbur olduğundan demokratik dəyərə çevrilə bilməməsini anlamaq üçün “Tarixi-Nadir” kitabını oxymağa hacət yoxdur. Bir sözlə, Qulu Məhərrəmli açıq-aşkar deyirdi ki, hakimiyyət demokratik olmadığından mətbuat da demokratik dəyərə çevrilə bilmir.
Özü və məclis dostları işğalçı sovet hökumətindən mənzillər, maşınlar alan Qulu Məhərrəmli müstəqil Azərbaycan dövlətindən mənzillər alan jurnalistləri etika kodeksini pozmaqda ittiham etməyə çalışırdı.
O, özəlliklə belə iddia edirdi: “Azərbaycan jurnalistləri Etika kodeksinə görə, jurnalist fəaliyyətini işıqlandırdığı qurumdan, ilk növbədə isə hökumətdən heç bir bəxşiş, heç bir pay ala bilməz. Yazılmamış bir qayda var: sən bu konfeti məndən almısansa və bunu almaq üçün çalışmısansa, deməli, yanımda dilin qısadır və sənin üzərində mənim müəyyən bir üstünlüyüm var. Bu mənada jurnalistlər üçün növbəti binanın bünövrəsinin qoyulması xəbərinin yayılması ev almayanları ruhdan düşməməyə, özlərini “yaxşı” aparmağa çağırışdır...”.
Türklər demişkən, vay bə... Deməli, Prezidentin fərdi təqaüdü Qulu Məhərrəmliyə verilmiş konfetdir. Bundan başqa, evsiz jurnalistlərin həsrətlə gözlədiyi və əsasını Prezident İlham Əliyevin qoyduğu 3-cü binanın tikintisinin başa çatması ərəfəsində Qulu Məhərrəmli həmin mənzillərin şəhid ailələrinə verilməsi təşəbbüsünü irəli sürən bəlli insanların arasında yer aldı.
O zaman biz də Qulu Məhərrəmliyə öz sözlərini bumeranq kimi qaytarırıq: “Yaşadığımız cəmiyyətdə başqa peşə sahibləri bu məsələdə sosial ədalətin pozulduğunu zənn edərək soruşurlar ki, hansı qeyri-adi xidmətlərinə görə jurnalistlərə Prezident təqaüdü verilməlidir? Deyirlər ki, niyə bu cəmiyyətə daha çox töhfə verən ibtidai sinif müəllimlərinə, maarif-mədəniyyət işçilərinə, kirayədə yaşayan gənc alimlərə, mühəndislərə, insan həyatını xilas edən cərrahlara, tibb bacılarına Prezident təqaüdü verilmir, amma jurnalist Qulu Məhərrəmliyə belə bir iltifat göstərilir?”.
Bundan başqa, nədən Qulu Məhərrəmli Prezidentin fərdi təqaüdündən imtina edib, onun şəhid ailələrinə verilməsi təşəbbüsü ilə çıxış etmir?!
Heç onun məclis dostları olan və jurnalistlərə mənzil, mükafat verilməsini rüşvət hesab edən “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin, “Turan” agentliyinin rəhbəri Mehman Əliyevin, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçın Şıxlinskinin də qınaq səsləri eşidilmir. Nədən indi dostları Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdünün verilməsinə etiraz səslərini ucaltmırlar və bunu rüşvət adlandırmırlar?!
Yoxsa, Cəfər Cabbarlı demişkən, “biz deyilik rəiyyət, bizlərə nə şəriət” deyə düşünürlər?!
Amma zaman və tarix göstərdi ki, Qulu Məhərrəmli və dostlarının qəlbi rəiyyətlikdən uzağa getməyib...
Konfutsinin təbirincə desək, “Müdrik adam özünə rəva görmədiyini başqasına da rəva gorməz”. Əks halda, Qulu Məhərrəmli kimi naqolay duruma düşərsən.
Murad