Ədəb dərsi

Ədəb elə şeydir ki, ondan imtahanı ömür boyu verirsən. Aldığın qiymətdən isə, adətən, xəbərin olmur.

Aug 20, 2025 - 13:12
Ədəb dərsi

√ Tanış olarkən qarşındakı adamın adını öyrənmək üçün əvvəlcə özünü təqdim et: “Adım Filandır. Bəs sənin (sizin) adın(ız) nədir?”.

Bu günlərdə həyətdə pensiyaçı kişi adımı soruşdu. Dedim. Üzü güldü, açıldı:

– Nəvəmin də adı belədir.

– Bəs sizin? Nəvənizlə tanış olmamış adını bildim. Sizinlə isə qırx dəqiqə söhbət etmişəm, lakin adınızı hələ də deməmisiniz.

√ Evdə hansı paltarda istəsən, lap paltarsız gəz, amma qapıya alt paltarında, yataq geyimində və, əlbəttə, çılpaq getmə. Eləcə də, eyvana belə çıxma, pəncərədə elə durub bayıra baxma. Mənzilində təmizlik işləri aparmaq üçün çağırdığın qadın bir qayda olaraq kombinezon geyinir. Amma ev sahibəsi bəzən qısa paltarda qalxıb pəncərə silir, tamaşaçı toplayır. Belə etmə!

√ Heç vaxt özgəni üzünə söymə. Onun haqqında başqasına da söyüşlə danışma. Söymək tərbiyəsizlikdir. Sən ku, rus, amerikalı deyilsən.

√ Qarğış etmək acizlik əlamətidir, dua etmək – axmaqlıq.

Əgər dua və qarğışlar həyata keçsəydi, əzizlərimin indi malikanələri olardı, dünyada isə qəbiristanlıqların sayı birdən və kəskin şəkildə artardı.

√ Qonşun, tanışın, yad adam ilə rastlaşanda “Necəsən?” sualını vermə. Bu, bildiyim ən parlaq riyakarlıq nümunəsidir. Çünki bunu soruşanı sənin faktiki halın maraqlandırmır. Desən “pisəm, filan yerim ağrıyır, oram sancır, buram göynəyir...” – səndən zəhləsi gedəcək. Xahiş etsən ki, “vacib şey almaq üçün 600 (min, 1500) manat əlborcu ver, imkan düşən kimi qaytararam”, – verməyəcək.

Halını soruşan səndən yalnız “Yaxşıyam” cavabını gözləyir. O, riyakardır. Elə cavab versən, sən yalançısan. Çünki heç kəs yaxşı deyil: hamının nasazlığı, çatışmazlığı var. Bu çirkin oyunda iştirak etmə.

Xeyli vaxt adamlara məsələni izah etdim – qanmadılar. Keçdim zarafata. Soruşana bildirdim ki, deməyəcəyəm. “Niyə?”, - deyə sanki borcum varmış kimi dilləndi. “Desəm, gözə gətirəcəksən” – bu cavab, nədənsə, hamının xoşuna gəlir... Silahlan!

Qonşu orta yaşlı qadınla rastlaşdım. Salamlaşdıq. Ardınca soruşdu:

– Necəsiniz?

Yuxarıda yazılanı söylədim – riyakarlıq, biganəlik, yalançılıq, zəhlətökənlik, borc barədə. Nə desə “yaxşıdır”?

– Bəs nə soruşum?

Düşündüm: “Məgər siz prokurorsunuz, mənsə müttəhim? Mütləq sual vermək lazımdır?”. Amma dediyim bu oldu:

– Görüşdük – “Salam” dediniz. Mənim üçün bu, kifayətdir. Görməyinizə şadsınızsa, elə də deyin: “Sizi görməyimə şadam”. Şad deyilsinizsə, bunu demək vacib deyil... Bacarırsınız – necəsə zarafat edin. Əlinizdən gəlmirsə – o da lazım olmadı.

Qadın quruyub yerində qalmışdı. Gördüm ki, içi qaynayır, nəsə demək istəyir. Qaynatdığı üstümə sıçrayıb məni yandırmamış gülümsəyib, yoluma davam etdim. Əminəm, o gecə yataqda məni xatırlayaraq şükür etdi ki, nə yaxşı bu xasiyyətlə onun əri deyiləm...

Məsələ ondadır ki, yad insanlar soruşurlar, amma əslində sənin halına biganədirlər. Əzizlərin isə soruşmurlar, çünki bilirlər necəsən. 

Dostum yıxılıb qolunu sındırmışdı. Bir ətək pul verdi, lakin həkim məşhur filmdəkindən fərqli olaraq gipsin arasına bir dənə də qızıl əşya, brilyant qoymadı. Nə isə... Qəzadan xəbərim var idi, buna görə də zəng edib soruşmadım “Necəsən?”. Birbaşa mətləbə keçdim: “Qolun necədir?”.

√ Sonda daha bir tövsiyə. Eyni sualı iki dəfədən artıq vermə. Əgər qarşı tərəf sualın üstündən keçir, cavablandırmır, mövzunu dəyişirsə, demək, hansı səbəbdənsə bunu etmək istəmir. Üçüncü dəfə soruşmaq ədəbsizlikdir. Biz isə indicə ədəbdən, etikadan danışdıq axı.

A.ƏZİZ