Quş toqquşması belə əzmir, qəlpə izləridir - Nüfuzlu ekspertlər həmrəydir

Qazaxıstanda qəzaya uğrayan təyyarənin gövdəsində deşikləri nümayiş etdirən videolar onun “Pantsir-S1” sistemi kimi hava hücumundan müdafiə raketləri ilə vurula biləcəyini göstərir. 

Dec 26, 2024 - 14:18
Quş toqquşması belə əzmir, qəlpə izləridir - Nüfuzlu ekspertlər həmrəydir

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə öz təhlillərini dərc edən “Open source intelligence” (OSINT) analitikləri deyiblər. 
 
OSINT analitiki Oliver Aleksander yazıb ki, təyyarənin qalıqları şaquli stabilizatorun bir tərəfindən giriş, digər tərəfindən çıxış dəliklərini göstərir. Analitikin fikrincə, quşların toqquşması və ya qəza zamanı belə xəsarət almaq mümkün olmazdı. 

“Əgər xəsarət quşların zərbə vurması və ya qəza zamanı qalıqlar nəticəsində yaransaydı, mən dəliklərin ətrafındakı gövdədə daha çox əzilmə gözləyərdim. Görünür, təyyarəyə dəyən hər qəlpənin üzlüyü əzmək üçün deyil, deşmək üçün kifayət qədər kinetik enerjisi var idi”, - deyə ekspert izah edib.

“Aviatorşina” telegram kanalı təsdiqləyib ki, Oliver Alexander tərəfindən təhlil edilən videoda düşmüş təyyarənin tirində və stabilizatorunda çoxsaylı yarıqlar və deşiklər var.

“Bu, xarici təsir kimi görünür”, - deyə “Bild”in hərbi analitiki Yulian Repke yazıb. 

Quşlar versiyanı  “Orda” portalına müsahibəsində qazaxıstanlı aviasiya eksperti Serik Muxtıbayev də istisna edib. Onun sözlərinə görə, quşların iki mühərrikə birdən düşməsi çətindir. Bundan başqa, quş vurduqdan sonra mühərriklərdən biri sıradan çıxsa, təyyarə ikinci ilə uçuşunu davam etdirə bilərdi. O, nəzərə çatdırıb ki, quşların kütləvi miqrasiyası zamanı təyyarə ilə eyni yüksəklikdə quşlara rast gəlmək mümkündür, lakin indi bunun da vaxtı deyil.

“AeroDynamic Advisory” konsaltinq şirkətinin analitiki Riçard Abulafia “Reuters”ə bildirib ki, quşlarla toqquşma adətən təyyarənin yaxın əlçatan sahəyə enməsi ilə nəticələnir. “Siz təyyarəyə nəzarəti itirə bilərsiniz, lakin nəticədə siz kursdan uzaq uçmayacaqsınız”, - deyə ekspert bildirib. 

Ekspertlər həmçinin Mangistau səhiyyə idarəsinin təyyarənin göyərtəsində balon partladığı barədə məlumatı təhlil ediblər. 

Hərbi ekspert Yan Matveev qəzanın videosunda məhz belə partlayışın nəticələrinin olduğunu istisna edir. O, deyib ki, təyyarənin gövdəsindəki xaotik zədələnmələrin yaranmasının səbəblərini izah etməyəcək. Amma zədələyici elementlərin bu cür dağılması “Pantsir-S1” kompleksindən olan raketin təyyarəyə dəydiyi halda mümkündür. 

Matveyev qeyd edib ki, korpusun bəzi zədələri silindrik formaya malikdir və bu, “Pantsir-S1” raketinin vuran elementlərinin formasına uyğun gəlir. Üstəlik, əgər təyyarə kifayət qədər hündürlükdə olsaydı, bu raketin gücü təyyarəni dərhal sıradan çıxarmaq üçün kifayət etməyə bilər.

Xatırladaq ki, Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində təyyarədəki 38 sərnişin həlak olub, 29 nəfər sağ qalıb. 
 
Xatirə SADİQ