Rusiya öz “sülh təklifi”ni irəli sürüb - Stiv Uitkoff
Rusiya Ukraynaya qarşı müharibənin dayandırılması məsələsinin müzakirəsi üçün Donetsk bölgəsi üzrə öz “sülh təklifi”ni irəli sürüb.
SAVASHMEDIA.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Fox News telekanalına müsahibəsində bildirib.
Müharibənin davam etməsində Rusiya və ya Ukraynanın daha çox məsuliyyət daşıdığı barədə suala cavab verərkən Uitkoff bildirib: “Bizim burada iki çətin tərəfimiz var. Prezident (Tramp - red.) dedi ki, müəyyən aspektlərdə Rusiya üzündən məyus olub, lakin o, Ukrayna üzündən də müəyyən aspektlərdə məyus olub. Amma bir daha vurğulayım ki, bu tərəfləri bir-birinə və sazişə yaxınlaşdırmaq üçün heç kim prezidentdən daha çox iş görməyib. Rusiyalılar öz sülh təkliflərini masaya qoyublar. Buraya Donetsk daxildir. Ola bilsin ki, bu, ukraynalıların qəbul edə biləcəyi bir şey deyil”.
Bununla belə, xüsusi elçi Rusiyanın təklifinin məhz nəyi nəzərdə tutduğuna və ya nə vaxt onu irəli sürdüklərinə aydınlıq gətirməyib. O, yalnız bir daha təkrar edib ki, ABŞ prezidenti Donald Tramp kimi “heç kim bu məsələdə belə irəliləyiş əldə etməyib”.
Uitkoff həmçinin nəzərə çatdırıb ki, bu həftə Nyu Yorkda Ukrayna nümayəndələri ilə görüşəcək.
Xatirə SADİQ