SEPAH-dan Trampa “ölümcül girdab” xəbərdarlığı - Hörmüzdə kim "batacaq"?
Yaxın Şərqdə vəziyyət yenidən kritik həddə çatıb. İranın hərbi elitası ilə Vaşinqton arasında söz savaşı bu dəfə birbaşa Hörmüz boğazı üzərində cəmlənib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə açıq xəbərdarlıq edərək Hörmüz boğazının tam olaraq nəzarətləri altında olduğunu bəyan edib.
İran tərəfi bu iddiasını sübut etmək üçün pilotsuz uçuş aparatı vasitəsilə real vaxt rejimində aparılan müşahidə görüntülərini də yayıb. Bu addım Tehranın həm texnoloji, həm də operativ üstünlük nümayişi kimi qiymətləndirilir.
“Ölümcül girdab” siqnalı
SEPAH-ın açıqlamasında ən diqqətçəkən məqam isə tonun sərtliyi olub. Məlumatda bildirilib ki, “hər hansı səhv hərəkət düşməni Hörmüz boğazında ölümcül girdaba salacaq”.
Bu ifadə, əslində, təkcə hərbi təhdid deyil, həm də psixoloji mesaj kimi dəyərləndirilir. İran açıq şəkildə göstərir ki, regionda mümkün toqquşma halında ilk ölümcül döyüşlər məhz bu strateji nöqtədə baş verə bilər.
Trampın planı aranı qatdı
Gərginliyin artmasına səbəb isə ABŞ Prezidenti Donald Trump tərəfindən səsləndirilən son açıqlamadır. Belə ki, Donald Tramp Hörmüz boğazında gəmilərin blokadasına başlanacağını, İrana ödəniş edən gəmilərin saxlanılacağını və boğazın minalardan təmizlənəcəyini bəyan edib. Bu bəyanat Tehran tərəfindən birbaşa təhdid kimi qəbul olunub və cavab gecikməyib.
Görünən odur ki, tərəflər arasında ritorikanın bu qədər sərtləşməsi real hərbi toqquşma riskini artırır. Çünki Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyalarından biridir və burada baş verəcək hər hansı insident qlobal bazarlara ciddi təsir göstərə bilər.
Hazırda əsas sual isə yenə də açıq qalır: bu, sadəcə güc nümayişidir, yoxsa region yeni bir qarşıdurmaya doğru sürüklənir?
Oğuz
SAVASHMEDİA.az