Türkiyəni müharibəyə qoşmaq istəyirlər – Fars hiyləsi, yoxsa yəhudi tələsi?

Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. İsrailin "Hizbullah"ın lideri Həsən Nəsrullahı öldürməsi bu prosesləri daha da alovlandırıb. Təl-Əvivə cavab olaraq dünən axşam saatlarında İran İsrail ərazisinə 500-dək ballistik raket atıb.

Oct 2, 2024 - 20:03
Türkiyəni müharibəyə qoşmaq istəyirlər – Fars hiyləsi, yoxsa yəhudi tələsi?

Yahudi dövlətinin hökumət rəhbəri Benyamin Netanyahu isə İranın böyük səhv etdiyini bildirib. ABŞ və Qərb mediası iddia edir ki, rəsmi Təl-Əviv İrana cavab olaraq nüvə obyektlərinə zərbələr endirəcək. 

Hadisələr bundan sonra necə inkişaf edəcək?

Mövzu ilə bağlı SAVASHMEDİA.az-a danışan hərbi ekspert Səxavət Məmməd İranın dünənki hücumunun əvvəlki ilə müqayisədə niyə uğurlu olduğununun səbəblərinə toxunub:

"Dünən axşam saatlarında İran ballistik raketlərlə İsrailə zərbələr endirməyə başladı. Xatırlayırsınızsa, əvvəlki dönəmdə də rəsmi Tehran eyni addımı atmışdı. Bu həmin vaxtda İranın Qərb və ABŞ-yə xəbərdalıq mesajı idi. O əməliyyatın effektiv olmamasının əsas səbəbi hücumların dronlar vasitəsilə edilməsi idi. Ancaq İran tərəfi göstərmişdi ki, əlində hücum üçün yetərincə resurs var. Dünənki hücumu isə SEPAH öz üzərinə götürdü. 

Yeri gəlmişkən, dünən İran İsrailə qarşı ilk dəfə hipersonik raketlərdən istifadə etdi. Düzdür, rəsmi Təl-Əviv bəyan etdi ki, atılan raketlərin 80 faizi havada vurulub. İran isə bunun əksini iddia edir. İsrail tərəfi daha çox mülki əhalinin zərər görməməsi xəbərlərini qabartmaq istəyir. Məsələ burasındadır ki, İran onsuz da hərbi obyektlərə zərbələr endirdiyini bildirmişdi. İslam dövləti iddia edir ki, qarşı tərəfin 20-dək "F-35"ni sıradan çıxarıb. Onlar bunu etməsələr belə, İsrail hərbi bazalarına ziyan dəyib və bu, onların işini çətinləşdirəcək".
Ekspert vurğulayıb ki, İsrail cavab zərbələri endirməsi üçün bir çox məsələni həll etməlidir:

"İsrail İrana ciddi cavab verəcəyini bildirir. Lakin bunun üçün onlar xeyli iş görməli, ən azı rəsmi Tehran kimi davranmalıdırlar. Yəni, İran konkret hərbi hədəflərə zərbələr endirdi. Ona görə də mülki şəxslərə ziyan dəymədi. İsrail bunu edəcəksə, əllərində yetirincə resurs var. Onlar güclü aviasiyaya malikdirlər. Raket bazaları genişdir. İndiki mərhələdə bir çox ölkələr prosesin qızışmasını istəmirlər. Fransa və bir neçə dövlət başda olmaqla İsraili dayandırmağa çalışırlar. ABŞ isə Təl-əvivə dəstək verir. Dünənki hücumların dəf edilməsində də onlar iştirak edirdilər". 

Səxavət Məmməd bildirib ki, bəzi ölkələr Türkiyənin də prosesə qoşulmasını istəyir:

"İsrailin hava hücumundan müdafiə sistemləri kütləvi zərbələr qarşısında dayanıqlı deyil. İranın yenidən raket zərbələrinə hazırlaşdığına dair xəbələr var. Ölkə prezidenti Məsud Pezeşkian qeyd edib ki, onlara qarşı hər hansı zərbələr endirilərsə, yenidən hərəkətə keçəcəklər. Əgər böyük güclər prosesin müharibəyə çevrilməsini istəyəcəklərsə, o zaman qarşıdurma daha da alovlanacaq. Ən azından iki ölkə arasında təmassız müharibə davam edə bilər. Onu da qeyd etmək olar ki, prosesə bəzi dövlətləri qoşmaq istəyirlər. Bunların başında Türkiyə dayanır. Rəsmi Ankaranın hansı qərar verəcəyi sualdır. Dediyim kimi, proseslər onu deməyə əsas verir ki, böyük güclər Türkiyənin də bu proseslərə qatılmasını hədəfləyirlər".

Oğuz