"Ayıbdır, quşlar cütləşər, o nə sözdür?" - Niyaməddinin qızı ilə Qumral dalaşdı

Xalq artisti Niyaməddin Musayevin qızı Röya atasının oxuduğu “Dünya sənin, dünya mənim” mahnısının müğənni Qumral Musayevanın ifasında olan versiyasını “Yutub”dan sildirib.

Jan 21, 2026 - 17:14
"Ayıbdır, quşlar cütləşər, o nə sözdür?" - Niyaməddinin qızı ilə Qumral dalaşdı

SAVASHMEDİA.az xəbər verir ki, bu, qohumlar arasında narazılığa səbəb olub.

Məsələ ilə bağlı müğənni Qumral Musayevanın işlədiyi musiqi şirkətinin rəsmisi açıqlama verib:

“Bizə deyildi ki, mahnını Niyaməddin Musayevin qızı Röya xanım sildirib. Səbəb kimi isə müəllif hüquqlarının pozulmasını göstərdilər”.

Q.Musayeva isə deyib ki, Niyaməddin Musayevi özlərinə yaxın bildikləri, həm də N.Musayevin “mənim mahnılarımı hamı oxuya bilər” dediyi üçün xüsusi icazə almayıblar. Lakin məsələni biləndən sonra Röya Musayevaya yazıb:

“Dedilər ki, mahnını Röya xanım sildirib. Buna görə də ona yazdım, lakin məni bloka atdı. Niyaməddin müəllimin mahnısını hamı oxuyub, bu münasibət niyə sadəcə mənə qarşıdır?”

Qumralın açıqlamasına isə Niyaməddin Musayevin qızı Röya belə cavab verib:

“Qumral mənə heç nə yazmayıb. Xahiş edirəm bizi bu cür qalmaqallara sövq etməsinlər. Bunu atama da, özümə də yaraşdırmıram. Atamla dünən bu barədə iki saat danışmışıq. Atamın mahnılarının müəlliflik hüquqları məndədir. Qumralın ifasına da baxdım. İfasında “cütlənmiş” yerinə “cütləşmiş” deyir. Buna görə də atama bildirdim ki, oxumasına icazə verməyəcəyəm. O xanım məndən, ümumiyyətlə, icazə də almayıb. Müəllif hüquqları var və qorunur. İcazə alınmalı idi”.

Qeyd edək ki, Qumral Musayeva “Dünya sənin, dünya mənim” mahnısını oxuyandan sonra onu sosial şəbəkələrdə Niyaməddin Musayevin nəvəsi kimi təqdim ediblər. Əslində isə Niyaməddin Musayev müğənni Təranə Qumralın həyat yoldaşı Musa Musayevin əmisidir. Qumral isə Təranə Qumralın ilk həyat yoldaşından olan övladıdır.

Xatırladaq ki, Niyaməddin Musayev də bir neçə gün öncə Qumralın ifası ilə bağlı açıqlama verib. O bildirib ki, Qumral sözü düzgün tələffüz etməyib:  

“Ayıbdır. "Cütləşmiş" pis sözdür. Mahnıdakı söz "cütlənmiş"dir, "cütləşmiş" başqa məna verir. Heyvanlar, quşlar cütləşir. O boyda Məmməd Arazın sözlərini dəyişmək olar? Nə deyəsən? Oxuyurlar da".

Banu