Qüsurlu məhəbbət – Özünə tələbkar ol!

Dünya Xeyir və Şərdən, Yaxşı ilə Pisdən ibarətdir. Onların vəhdəti və mübarizəsi fasiləsizdir.

Nov 11, 2024 - 12:07
Qüsurlu məhəbbət – Özünə tələbkar ol!

Həqiqətin anatomiyasını isə belə anlayıram:

Yaxşını görməyənin gözü yoxdur, Pisi görməyənin – ağlı.

Oktyabrın 31-də saytda dərc olunmuş “ABŞ-ni gözündən vurduq! Heç dərdimiz qalmadı” sərlövhəli məqalədə Azərbaycanımızın ictimai həyatında, məişətdə, xüsusilə mediada möhkəm kök salan qüsurlar barədə danışılmışdı. Əslində, biz bu məsələyə yalnız toxunmuşduq. Mövzu isə həqiqətən çox genişdir. Bunu müəllifə edilən oxucu müraciətləri aydın göstərir.

Məsələn, “oturmuşam” rayonların birində, televizorda deyilir ki, “sabah bəzi rayonlarda yağış yağacağı gözlənilir”. Ertəsi gün süfrə açıb yağışı gözləyirsən, o isə səndən inciyib, gəlmir. Bu zaman güman edirsən ki, sizin rayon “bəzi” kateqoriyasına aid deyil, siz ümümiyyətlə unikal, yəni nadirsiniz.

Bu yerdə yadıma lətifə, doğrusu, müdrik fikir düşür: meteoroloqlar cəmi bir dəfə səhv edirlər, amma hər gün.

Kim isə köhnə mövzunu qaldırır – Ad günü. Deyilib, amma ünvanına çatmayıb. Ağıllı adamlara deməyə heç ehtiyac yox idi: özləri bilirdilər. Qananlara ikinci dəfə demək lazım deyil. Qalanlara isə bir daha qısaca təkrar edək.

“Ad günü” xaçpərəst dünyanın anlayışıdır. Hər kəsin öz adı var və bu, adın sahibinə himayə edən mələklə bağlıdır. Məhz həmin gün ad günüdür. Onu doğum günü ilə qarışdırmamalı. Ad və doğum günləri tamamilə başqa-başqa tarixlərə təsadüf edə bilər. Türklər xaçpərəst olmadıqları üçün ad günü qeyd etmirlər. Onlara belə söz heç tanış deyil. Bizə isə rusların mədəni müstəmləkəçiliyindən mirasdır. Azərbaycanlılar da əksərən xaça sitayiş etmirlər, amma ad günü adı ilə doğum gününü təmtəraqla qeyd edirlər. Onlar (biz, siz) doğum gününü səhv salırlar. Hər il. Həmişə. Beləcə, bütün həyat səhv, qüsur içində keçir. “Ad günü” filminin yaradıcı qrupu isə öz savadsızlığını tirajlamaqla milli mədəniyyətimizə qarşı böyük cinayət törədib!

“Ağıllı”, “qanan”, “qanmaz”... Birinciyə demək lazım deyil, ikinciyə təkrar etmək. Üçüncü üçün təkrarən dedik. Görək ətrafımızda daha hansı kateqoriyaya mənsub insan yaşayır.

İdman kanallarına baxanlar təsdiqləyirlər ki, kəlmənin sonunda “r” hərfini [ş] səsi ilə birgə (məsələn, baxanlarŞ təsdiqləyirlərŞ) tələffüz edən ŞƏRhçi hamını bezdirib. Lakin, göründüyü kimi, kanal rəhbərlərini bezdirməyıb. Bezdirməyıb, çünki onunla bir bezin qırağıdırlar.

Yaxşı bir insan bildirir ki, əgər maraqlandığı hər hansı yarış Rusiyanın idman kanallarında göstərilmirsə, çarəsizlikdən Azərbaycan kanalında baxır. Amma yalnız baxır. Çünki ŞƏRhçinin səsini tamamilə kəsir(!). Mən isə elə düşünürdüm ki, yalnız özüm belə edirəm.

Məhz idman kanallarından birində axşam saat 11-də həmin gündüzə olan hava proqnozunu görə bilərsiniz. Baxın. Bundan ötrü televizorün səsini almaq vacib deyil.

Bir dəfə əlimdə pult kanallar boyu gəzərkən futbol reportajına rast gəldim. Top qapılardan birinə təzəcə vurulmuşdu. ŞƏRhçi isterikada idi: “Bu qol tarixi qoldur. Bu qol futbol tarixinə düşəcək...”. Düşündüm, yəqin fenomenal qollar paradı göstərilir. Yox, topu Azərbaycan komandaları oynadırdı. Həyatımda çox sayda gözəl qol görmüşəm. Unudulmaz qol isə kiminsə vurduğu deyil, hesaba aldığıdır: 1966-cı ildə futbol üzrə dünya çempionatının Londonda keçirilən final görüşündə bakılı hakim Tofiq Bəhramovun əminliklə, inamla təsdiqlədiyi ingilis qolu idi. O biri gözəl qolların bənzərliyi var, “Bəhramovun qolu”nun isə tayı-bərabəri yoxdur! Adını bilərəkdən çəkmədiyim futbol ŞƏRhçisi isə yalnız unudulmağa layiqdir!

Dollar...

Dayan, iştahanı kökləmə. Paylamıram, söz deyirəm. Deyirəm ki, onun sahibi olan amerikalılar bu sözü 1 “l” hərfi ilə yazırlar: dolar. Biz (siz – azərbaycanlılar) 2 “l” yazır və bu cütlüyü “yağlı” tələffüz edirik. Öz təşəbbüsümüz deyil, “böyük bacımız” Rusiyadan gəlib. Əslində, hər bir pul vahidinin adı vahidin aid olduğu ölkənin dilində yazılmalı, deyilməlidir. Əks halda narahatlıq yaranar. Məsələn, hansısa ölkədə banka gəlmisən, “avro” istəyirsən, səni başa düşmürlər. “Yevro” deyirsən –  yenə anlamırlar. “Yuro” de. Bu, həmin valyutatın əsl adıdır. Türklər də məhz belə deyirlər. Şadam ki, qardaşlarımız savadlıdırlar. Məyusam ki, millətim bu cür deyil. Televiziya cihazlarından isə gah “avro” səslənir, gah “yevro”. Şeytana lənət!

Şeytan demişkən, onun əməlindən danışaq. Bəzi küçələrdə ağaclar səkidə gediş-gəlişə imkan vermir. Dar yolu özü tutub, yaxud budaqları bunu edib. Piyadaya yalnız avtomobil yoluna çıxmaq qalır.

Xaricdən Bakıya qonaq gəlmiş əcnəbi həkim küçədə əlil qızın qüsurlu yerişini görəndə dedi: “Bizdə bu xəstəlik asanlıqla müalicə olunur”. Yuxarıda sadalanan nitq, məişət qüsurları isə heç də əlillik deyil. Mənəvi naqislikdir! Müalicəsi - özünə, bəzi hallarda görülən işə, bəzən isə sənin işçinə tələbkarlıqdadır. Bir də, mütləq Azərbaycanı sevmək lazımdır! Onu qüsursuz görmək və etmək arzusu ilə lazımdır yaşamaq!

A.ƏZİZ