Adını yeyəsən! - Əgər belə şirindirsə
“Cülyettaya məktublar” zərif melodramında belə epizod var.
Lorenzo Bartolini adlı adamın axtarışında İtaliyanın bir bölgəsini ələk-vələk edən üç nəfər üzüm bağlarında işləyən gəncdən Lorenzo Bartolinini soruşurlar. Gənc deyir:
– Mənəm Lorenzo Bartolini.
O tərəfdən oğlanın atası yaxınlaşır və məsələdən xəbər tutub söyləyir:
– Mənəm Lorenzo Bartolini.
Bu zaman məlum olur ki, gəncin babası da Lorenzo Bartolinidir. Məzəlidir? Yox, acınacaqlıdır! Sanki bu xalqda digər kişi adları tükənib.
Sovet dövründə “Məhəmməd Məhəmməd oğlu Məhəmmədov” bir ad üçlüyünə sataşırdılar. Hələ soyaddakı “-ov” şəkilçisinə görə yox. “Məhəmməd” sözünün dəfələrlə təkrarlanması səbəbindən. İsmayıllı rayonunun İvanovka kəndində oğluna öz adını verməmək kişilikdən deyil. Çünki atan da sənə öz adını vermişdi. Ümumiyyətlə, ruslar, xaçpərəstlər bambaşqa məsələdir. Onlar itə, pişiyə də adam adı verirlər.
Azərbaycanda övladı babasının, yaxud cavan ikən vəfat etmiş əmisinin, dayısının adı ilə adlandırmaq kimi qəbahətli təcrübə çoxdan mövcuddur. Deyirlər, mərhumun adını yaşatmaq üçündür. Sonra isə özləri gileylənirlər ki, uşaq hər hansı qələt edəndə onu danlamaq, vurmaq ağır gəlir. Qızıl məsləhət: daha axmaq olma, uşağın adını dəyiş – kefin istədikcə döy!
Bilirsənmi nə qədər azərbaycanlı adı var? Həm ərəb, həm fars, həm türk, həm yəhudi, hətta rus mənşəli. Son vaxtlar camaat “ikimərtəbəli” adlardan haqlı olaraq imtina edir. XX əsrdə böyük Cəfər Cabbarlı xalqa yeni adlar bəxş etmişdi: Aydın, Oqtay, Sevil, Gülüş. Anar adının da təvəllüdü keçən əsrdir.
Qonşu qadın anamla yarışa girmişdi. Ailəmizdə oğlan uşağına nə ad verilirdisə, həmin qadın da doğub o adı qoyurdu. Məlumdur ki, iş prosesində filmlərə şərti adlar verilir. Film olmasam da, müvəqqəti adım vardı – Arif. Qonşu soruşdu – anam dedi. Qadın yeni körpəsini elə adlandırdı. İki ay sonra valideynlərim doğum haqqında şəhadətnamə alanda indiki adımı yazdırdılar. Tap görüm qonşu qadın neylədi. Bəli, bir oğlan da doğdu və mənim kimi adlandırdı...
Üç yaxın, tanış ailədə babalar sağ ikən nəvələrinə öz adını veriblər. Yaxud, cavanlar bunu edərkən mane olmayıblar. Nəticədə, baba ilə nəvəni fərqləndirmək üçün azyaşlıya, məsələn, “balaca Əhməd” deyirlər. Oğlan böyüyüb əlli yaşa çatanda hələ də “balaca Əhməd” qalacaq. Boyu 2 metr olsa da! Amma babasının ölümündən sonra yəqin statuslar dəyişəcək. Ailədə yenə iki Əhməd deyiləcək: biri “balaca”, digəri “rəhmətlik”. Bax, indi məzəlidir – gülə bilərsən.
Böyüklər danışırlar ki, adların təmizliyi, düzgünlüyü uğrunda mübarizə sovet illərində də aparılıb. O vaxt “Kirpi” jurnalında, “Kommunist” qəzetində palaz boyda məqalələr çap olunur, əcaib, yaramaz adlar tənqid edilirdi. Adlar isə “Dovşan”, “Sədr”, “Katib”, “Raykom”, “Partkom”, “Kolxoz”, “Traktor”, “Kombayn” və bu kimi ağlasığmaz düşüklüklər idi.
Tanış fəlsəfə müəllimi danışırdı ki, qrupda tələbənin adı bütün müəllimləri diksindirirdi. Jurnalı oxuduqca, onun soyadına çatır, deyir və duruxurdular. İnana bilmirdilər ki, oğlanın adı belədir. Sonra auditoriyada olmasa da, yəqin kafedrada qəh-qəhə çəkirdilər. Bu, hər semestrdə yeni fənn müəllimi gələndə təkrarlanırdı. Nəhayət (illərdən sonra!) buraxılış kursunda bir ağıllı müəllim tapıldı və gəncə məsləhət gördü ki, soyadını təcili surətdə dəyisdirsin. Yeni pasport alsın, diplomda da yeni ad yazılsın. O zaman isə adı Oğraş idi. Sən demə, evdə oğlan uşağı doğulmurdu və atası deyib: “Oğlum olsa, adını Oğraş qoyaram!”. Oldu. Qoydu. Öz müdrikliyinə canlı abidə qoydu.
Bir vaxtlar bəziləri mübahisəli məsələ ilə əlaqədar deyirdilər: “...adımı dəyişib Oğraş qoyaram!”. Həmin tələbənin atası da elə etsəydi... Yox, yenə yaramır. Axı oğlunun sənədlərində “Oğraş oğlu” yazılacaqdı...
Bilirsənmi, niyə Amerika zənciləri ingilis, alman, irlandiyalı, italiyalı, ispan soyadları daşıyırlar? Bəs Kassius Kley nə üçün günlərin bir günü dönüb Məhəmməd Əli oldu? Onlardan əvvəl azərbaycanlı soyadlarının yaxın tarixini öyrən. Çünki uzaq tarixdə azərbaycanlının soy adı yox idi. Rusiya vətənimizi işğal etdi, sonra bir gün əhalini siyahıya aldı. Məmurlar evbəev gəzib adamlarla təxminən belə söhbət aparırdılar:
– Adın nədir?
– Məhəmməd.
– Atanın adı?
– Əhməd.
Sənəddə yazılırdı: “Məhəmməd Əhməd oğlu Əhmədov”. Azərbaycana soyad belə gəlib. Gülməlidir? Həyatını Üzeyir Hacıbəyov kimi yaşamış adamın soyadını bəzən “Hacıbəyli” edirlər. Bir də görürsən Mirzə Fətəli Axundov “Axundzadə”yə çevrilir. Yaxud tarixdə Yardımlı xanlığı olmadığı halda haradansa, nədənsə oralı Rüstəmxanlılar peyda olublar. Bax, bu, gülməlidir.
Adların bədnam yaradıcılığı bu gün də davam edir. Niyə bədnam? Çünki yeni ad əvvəlkinin şikəst edilməsi yolu ilə yaranır. Vətəndaş vəziyyəti aktları şöbələrinin kataloqlarını vərəqləməyə ehtiyac yoxdur. Televizor qarşısında oturub gördüyüm bir neçə “inci” ilə tanış ol: Naqif, Rarif, Nabil, Rusif, Rufik, Amar, Eşqin, Nihat, Firad... Bu adların düzgün variantını yəqin özün anlayırsan. Bunlara orfoqrafiya lüğətinin “Kişi adları” bölməsində, “Azərbaycan şəxsi adları” broşüründə və Osman Mirzəyevin “Adlarımız” kitabında rast gəlməzsən. Həmin adlar Azərbaycan mədəniyyətinə “eksklüziv” hədiyyədir. Əgər sabah görsən iki məktəbli mübahisə edir ki, Molla Pənah Naqif olub ya Raqif – qarışma. Əvvəl-axır şagirdlər Rufik müəllimdən soruşub, riyaziyyat dərsində orta məxrəcə gələrlər.
A.ƏZİZ