Azərbaycanla bağlı qorxunc 2035-ci il PROQNOZU - Ölüm doğumu "yeyəcək"?
Azərbaycanda əhalinin sayı hələ də artmaqda davam etsə də, demoqrafik göstəricilər narahatlıq üçün ciddi əsaslar yaradır.
SAVASHMEDIA.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il martın 1-nə ölkə əhalisinin sayı 10 milyon 266 min 627 nəfər olub.
İlin əvvəlindən əhalinin sayı 4 276 nəfər və ya 0,04 faiz artıb.
Bununla yanaşı, demoqrafik göstəricilər arasında doğum və ölüm rəqəmləri də diqqət çəkir.
Komitənin məlumatına görə, 2026-cı ilin ilk rübündə ölkədə 15 019 ölüm halı qeydə alınıb. Hər 1000 nəfərə düşən ölüm göstəricisi ötən ilin eyni dövründəki 5,6-dan 5,9-a yüksəlib.
Əhali sayının gələcəkdə necə dəyişəcəyi isə doğum, ölüm və miqrasiya göstəricilərindən asılı olacaq.
Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın əhalisinin 2035-ci ildən sonra azalmağa başlayacağı ilə bağlı iddialar yayılır.
Mütəxəssislər hesab edir ki, qadın başına düşən uşaqların sayının azalması və əhalinin yaşlanması uzunmüddətli perspektivdə təbii artımın zəifləməsinə səbəb ola bilər. Doğumlar azalmaqda davam edərsə və ölüm sayı ilə doğum arasındakı fərq daralarsa, əhalinin artım tempi əvvəlcə yavaşlaya, daha sonra isə mənfiyə keçə bilər. BMT-nin proqnozları da aşağı doğum səviyyəsinin bir sıra ölkələrdə əhalinin azalmasının əsas səbəblərindən biri olduğunu göstərir.
BMT-nin hesabatında Azərbaycan üçün 2034-cü ildə əhali sayı təxminən 10,855 milyon civarında proqnozlaşdırılır ki, bu da artımın azalacağı, amma mənfiyə keçməyəcəyi anlamına gəlir.
Qeyd edək ki, Azərbaycanda növbəti əhali siyahıyaalınmasının 2029-cu ildə keçirilməsi nəzərdə tutulur. Bu siyahıyaalma ölkədə əhalinin sayı, yaş tərkibi və digər demoqrafik göstəricilər barədə daha ətraflı məlumat əldə etməyə imkan verəcək.
Oğuz