Həftəbecər – 9

* Dünən, bazar günü, idman malları mağazasında oldum. Hər tərəfdə avadanlıq düzülmüşdü. Kassanın yanında müxtəlif təyinatlı çoxlu top var idi. Cavan satıcıdan soruşdum ki, futbol bu gün saat neçədə olacaq. Cavab əvəzinə sual gəldi:

Jul 14, 2025 - 11:54
Həftəbecər – 9

– Nə futbol?

– Klublar arasında dünya çempionatının finalı.

Daha bir sual:

– Kim oynayır?

– Necə yəni kim? "Xəzər" və "Lənkəran".

– Sağ ol Lənkəran! Bəs Xəzər haranındır?

– Sumqayıtın...

Oyunun gedişində 2 başdanbəla şərhci Trampı hər dəfə ekranda gördükdə top kimi atılıb-düşür, sevinirdi. PSG-nin futbolçusu meydandan çıxarıldıqda şərhçi İlqar Dindar “kəlmeyi şəhadət” səsləndirdi. Oyundan sonra final görüşünün qəhrəmanı Palmerlə müsahibə zamanı isə kal efir qəhrəmanları reklam fasiləsinə yollandılar. Çünki ərəb dilində şəhadət kəlməsini qorxudan öyrənmiş İlqar Rəhmətlik ingilis dilində kəlmə bilmir...

* Keçən il Latviyada kələm formasında gümüş kolleksiya sikkəsi buraxılıb.

Dövrümüzdən hələ çox-çox əvvəl latışlar bir-birinə var-dövlət rəmzi kimi kələm yarpaqlarını hədiyyə edirdilər.

* Vyetnamın Dananq şəhərindəki körpünün tağları əjdaha şəklində yerinə yetirilib. Əjdaha vaxtaşırı ağzından od püskürür.

* Məşhur sərmayəçi Uorren Baffet demişdi ki, 2009-cu ildə yaradılmış bitkoin dəniz sahilindəki balıqqulaqlarından heç nə ilə fərqlənmir. Həqiqətdə, bazardakı vəziyyət hələ ki, Baffetin fikrini təkzib edir.

* Paraqvayla qanlı müharibə zamanı argentinalı rəssam Kandido Lopes sağ əlini itirmişdi. Lakin o, sol əli ilə rəsm çəkməyi öyrəndi və özündən sonra dünyada bir çox rəsmdən ibarət rəngarəng seriya qoydu.

Həmin vaxt Paraqvaya qarşı üç dövlət – Argentina, Braziliya və Uruqvay müharibə aparırdı.

* 1,5 əsr bundan əvvəl Karel Bertsi Puşkinin “Yevgeni Onegin” əsərini artıq nəşr olunmuş alman tərcüməsindən macar dilinə çevirirdi. O, prosesdən narazı qalıb işini dayandırdı və rus dilini öyrənməyə başladı. Öyrəndi, tərcümə etdi və kitabın nəşri Macarıstanda populyar oldu.

* Üç atomlu bu spirt ilk dəfə 1779-cu ildə Karl Şale tərəfindən alınmışdı. Adı yunan dilindən tərcümədə “şirin” deməkdir. Söhbət qliserin haqqında gedir.

* 1917-ci ilin fevral burjua inqilabından sonra çar II Nikolay ailəsi ilə birlikdə Sibirin Tobolsk şəhərinə sürgün edilmişdi. Adi insanların həyat şəraitində çar da odun doğramalı olurdu.

Fotoda: Nikolay oğlu Alekseylə

* Düma-ata alman yazıçının “Balaca şaqqıldaq və siçanlar kralı” nağılını sərbəst surətdə tərcümə etmişdi. Çaykovskinin dahi baletinin librettosu məhz Dümanın tərcüməsi motivləri əsasında yazılıb.

Azərbaycanın bəzi televiziya kanallarının rəhbərləri və redaktorları Azərbaycan dilində “şaqqıldaq” sözünün olduğunu bilmədiklərinə görə ekranda “Şelkunçik” yazırlar. Çünki özləri də, Aygün Kazımova demişkən, “şampunçik”dirlər. Aygün isə xalq artistidir, nəsə bilir...

* Şirinləşdirici neotam maddəsi qənddən azı 7000 dəfə şirindir. Şəkər əjdahasıdır!

* Polşalı yazıçı və ingilis dilindən tərcüməçi Matsey Slomçinski yeganə adamdır ki, Uilyam Şekspirin bütün əsərlərini tərcümə edib.

* Məşhur Biq-Ben qülləsindəki saatın işini tənzimləməkdən ötrü onun kəfkirinin hərəkət mexanizminin altına vaxtaşırı penslik sikkə qoyurlar. Pul var. Amma pulu həmin ölçüdə adi dəmirlə əvəz etməyə isə metal yox, ağıl çatmır...

* Köhnə kitabların, qəzet və sənədlərin təkrarolunmaz qoxusu var. Bu xüsusiyyət oduncağın, deməli ondan hazırlanmış kağızın da tərkibindəki liqnin maddəsinin turşulaşması ilə əlaqədardır. Vərəqlər də ona görə saralır.

* Bazarı ələ keçirməkdən ötrü Tomas Edison ixtira etdiyi elektrik lampalarını ilk vaxtlar cəmi 40 sentə – maya dəyərindən də aşağı qiymətə satırdı. Alim və biznesmen uzun müddət ziyanla işlədi. Lakin o, məhsulun qiymətini inadkarlıqla qaldırmırdı. Nəhayət, vaxt çatdı və bütün məsrəflər aradan qaldırıldı.

Bu məsələnin mənəvi cəhəti də var. Ay utanmaz Tomas! Sən nə ixtiyarla İliç lampalarını Lenindən icazəsiz satırdın?!

* 1849-cu ildə Kaliforniyada qızıl həyəcanı dövründə gəmi maqnatı Kornelius Vanderbilt vaxtında regional daşımalardan qitələrarası daşımalara keçdi. Elə həmin zamanlarda o, Atlantik okeanı ilə Sakit okean arasında kanal tikmək ideyasını irəli sürdü. Bu mütərəqqi fikir yalnız XX əsrdə Panamada həyata keçirildi.

* Sahibi olduğu şirkətin əməkdaşlarında işə marağı daha da artırmaq məqsədilə Con Rokfeller ilk vaxtlar onlara əmək haqqını pul ilə deyil, səhmlərlə ödəyirdi. Düzgün qərar idi. Tezliklə biznes böyük gəlir gətirdi və əməkdaşlar heç bir şey uduzmadılar.

* Sovet bəstəkarı Arno Babacanyan 1921-ci il yanvarın 21-də anasından olmuşdu. Lakin can babası Lenin öləndən sonra onun atası üç yaşında uşağın doğum gününü şəhadətnamədə ayın 21-dən 22-nə dəyişdi. Dedi ki, istəmir matəm hər il oğlunun sevincini pozsun. Mən isə həmişə bilmişəm ki, Babacanyan saxtadır!

A.ƏZİZ