Qonşun pisdir - olma pis
Üzbəüz binada tənha yaşayan qoca gileyləndi:
- Evimdə daim şappa-şup, tappa-tup eşidirəm. Sanki uşaq yekə ayaqqabı geyinərək otaqdan otağa qaçır, bəzən də topla oynayır. Səs divar qonşularımdan gəlmir - orada uşaq yoxdur. Yuxarı mərtəbədəki mənzil isə satılmayıb və təmir olunmayıb. Güman yalnız aşağıda yaşayan ailəyə qalır. İstəyirəm gedib danışım.
Dedim:
- Nəbadə! Qonşun ya kobud, tərbiyəsiz adamdır, ya da nəzakətlidir. Birinci halda deyəcək: "Başın xarabdır! Sən yuxarıda olursan, mən səni necə narahat edə bilərəm!". Nəzakətlidirsə, nəzakətlə söyləyəcək: "Əzizim, uşaqdır uşağım, oynamağı ona qadağan edim?". Səbirli ol, döz. Nə vaxtsa böyüyəcək, ağıllanacaq.
Bir müddət keçdi. Həyətdə rastlaşanda, tanışım məni sevinclə qarşıladı:
- Sən necə də haqlı çıxdın! Sumqayıtda yaşayan qohumumgilə getmişdim. Qəfildən bərk səs gəldi. Hürkduyümü görcək, qohum dedi:
- Təəccüblənmə. Qonşunun uşağıdır. Evimizin rejimini o diqtə edir. Gərək yatsın ki, biz də rahat yataq. Səhər duran kimi bizi də oyadır. Tərslikdən, müasir uşaqlar geç yatıb tez oyanırlar. Hər gecə və sübhdən stulların yerini dəyişirlər: o yana, bu yana dartırlar. Onlar üçün vahid yer iki ildir tapılmır.
Soruşdum:
- Valideyni ilə danışmısan?
- Eh, bir neçə dəfə. Bildirmişəm ki, rahatlığımız yoxdur.
- O, nə deyir?
- Deyir ki, uşaq oynamalıdır, qadağan edə bilməz.
Bu yerdə atam tanımadığı adamdan rəhmət qazandı.
Məlumdur ki, atalar deyiblər: "Qonşun pisdir - köç qurtar". Söz qədimdən gəlir. O zamanlar isə qonşun səndən ya sağdakı evdə olurdu, ya da sol tərəfində yaşayırdı. İndi isə üstəlik üstündə və altda da qonşu var. Ev almaq, baxımlı təmir etdirmək, bahalı mebel və avadanlıq daşıyıb quraşdırmaq heç də asan iş deyil.
Tanışım həvəslənmişdi:
- Bu barədə çox düşünmüşəm, götür-qoy etmişəm. Deyirəm, bəlkə otağımda ucadan musiqi səsləndirim, yaxud evdə it saxlayım ki, hürsun onlarçın.
- Belə şey etmə. Musiqi tezliklə sənin öz başını ağrıdacaq. İtinin tükləri də sənin ciyərlərinə düşəcək.
Qoca lap əsəbləşdi:
- Yəni gözləyim ki, qoduq böyüsün?
- Hə. Doğrudur, hər qoduq böyüdükdə valideyni kimi uzunqulaq olur. Amma, hər halda, top-top oynamaz. Sən isə daha çox gəz, havada ol. Nə var divanda oturub kitab oxumaqdan! Gözlərinin işığı gedir. İşıq isə indi çox bahadır. Yaxşı düşdü yadıma. Kitablarımı qaytarmaq fikrin var?
- Əlbəttə. Mütləq.
Tanışım o gedən getdi. Ümidvaram, kitablarım kimi, onun da üzünü bir daha görməyəcəyəm. Xoşuma gələn təkcə odur ki, qoca da məndən məsləhət alır, sözümə baxır. Axı, "Marmot günu"ndə deyildiyi kimi, "Mənim sözümə heç kollim də qılaq asmır"...
A.ƏZİZ