“Turanbank”dan daha bir şikayət - Ölən şəxsin əmanətini...

“Turanbank” qoyulmuş əmanəti geri qaytarmayıb.

May 6, 2026 - 00:23
“Turanbank”dan daha bir şikayət - Ölən şəxsin əmanətini...

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə hüquqşunas Əkrəm Həsənov özünün feysbuk hesabında paylaşıb edib.

Onun sözlərinə görə, 2009-cü ildə “Turanbank”a əmanət qoymuş əmanətçi 2012-ci ildə vəfat edib. Vərəsəsi illər sonra sənədlər arasında bu bankla əmanət müqaviləsini və rayonda torpaq sahəsinə çıxarış tapıb. Torpağı asanlıqla adına rəsmiləşdirib, amma əmanəti bank qaytarmayıb:

"Bank vərəsəlik işini aparan notariusa yazdı ki, əmanətçinin hesabı 2021-ci ildə bağlanıb. Təəccüblüdür: 2012-ci ildə vəfat etmiş şəxsin hesabı niyə 9 il sonra bağlanıb? Əmanəti 2021-ci ildə kim çıxarıb?

Üz tutduq məhkəməyə. Məhkəmədə bank dedi ki, guya əmanətçi 2010-cu ildə əmanətini çıxarıb. Sual verdik ki, bəs, yaxşı, hesabı onda niyə 2021-ci ildə bağlamısız? Cavab ala bilmədik.

Tələb etdik ki, əmanətçinin əmanəti çıxarması haqda kassa sənədini (məxaric orderini) təqdim etsinlər. Bank dedi ki, 2016-cı ildə əmanətçiyə dair sənədləri məhv edib (bəs hesabı onda niyə və nəyə əsasən 2021-ci ildə bağlayıb?), çünki Mərkəzi Bankın arxiv işinə dair Təlimatında sənədlərin saxlanmasının minimal müddəti 5 ildir. Halbuki, həmin Təlimatın müştərilərə aidiyyəti yoxdur: Mərkəzi Bankın müəyyən etdiyi müddətin mənası odur ki, o, bankları yoxlayanda azı 5 il ərzində həmin sənədlər onlarda olmalıdır. Buna görə də Mərkəzi Bank demir ki, sənədləri 5 ildən sonra məhv et, deyir ki, mənim üçün azı 5 il saxla. Amma bankın müştərisi qarşısında əmanət öhdəliyi varsa, bank deyə bilməz ki, pulu çıxarmısan, amma kassa sənədini 5 il ötdüyü üçün məhv etmişəm. Əks halda, onda bankdan kredit götürənlər də belə deyə bilər: krediti ödəmişəm, kassa sənədini isə məhv etmişəm. Xatırladıram ki, əmanət tələbi üzrə iddia müddəti yoxdur, yəni 100 il sonra da əmanətçi gəlib pulunu istəyə bilər. Lakin görünən odur ki, bizim banklarımız İsveçrə bankları kimi etibarlı deyil.

Dedik ki, yaxşı, heç olmasa sənədlərin məhv edilməsi haqda aktı göstərin. Gətirdilər. Aktda əmanətçinin adı yox idi: “optovoy” siyahıdır – nə bilim, bu qədər filan sənəddən, bu qədər də filan sənəddən məhv etdik. Heç bir müştərinin adı yoxdur. Soruşduq ki, indi necə əmin olaq ki, bizim sənədi də məhv etmisiz? Yeri gəlmişkən, bankın istinad etdiyi Mərkəzi Bankın Təlimatına əsasən belə “optovoy” siyahı olmamalı idi. Dedik ki, yaxşı, bəs hesabımızın 2021-ci ildə bağlanmasına dair sənəd gətirin, ona dair axı 5 il ötməyib ki! Amma gətirmədilər. O da yoxdur!

Əvəzində bank dedi ki, onun yüksək səviyyəli proqram təminatı var, orada bütün məlumatlar var və ona sonradan düzəliş də etmək mümkün deyil, gəlin baxın. Hakimlə bərabər yerində baxışa getdik görək ki, bu nə proqram təminatıdır axı. Yerində məlum oldu ki, bank bu proqram təminatından cəmi 3 ildir ki, istifadə edir, yəni 2009-2010-cu illərdə bu sistemi yox idi. Deməli, indi ora istədiyi məlumatı daxil edə bilər.

Amma bank həmin sistemdən əmanətçi tərəfindən əmanətin çıxarılması barədə kassa məxaric orderini də çap edib məhkəməyə təqdim etdi. Ondan da məlum oldu ki, bu sənəddə nə bank işçilərinin, nə də əmanətçini imzası da var, möhür-ştamp da yoxdur. Sadəcə blankdır, vəssalam! Yeri gəlmişkən, faizlərin ödənilməsinə dair isə bank ümumiyyətlə heç bir sübut təqdim etmədi.

Bütün bunlara baxmayaraq, məhkəmə iddiamızı rədd etdi. Çünki məhkəmənin mövqeyi budur ki, bankın hər sözünə, xüsusilə özünü tərtib etdiyi hesabdan çıxarışa, proqram təminatına və s. tam etibar etmək olar. Yəni bank həmişə haqlıdır: krediti tələb edəndə də, əmanətçi ondan pulunu tələb edəndə də. Odur ki, ehtiyatlı olun, bank müştəriləri, siz həmişə haqsız tərəfsiniz...

Yəni hakim deyir ki, bank əmanəti qaytardığını sübut etməli deyil, əmanətçi onu götürmədiyini sübut etməlidir. Banka borcu olanlara tövsiyəm: siz də bu fənddən istifadə edə bilərsiz – deyin ki, ay bank, sən sübut et ki, mən sənə krediti ödəməmişəm".