And içsən İNANMARAM!
Tamamilə bütün postsovet məkanı vədinə xilaf çıxanlarla doludur. Yaşı 40 və daha artıq olanların hamısı dövrünün ən populyar andını içmişdi:
“– Sovet İttifaqı Kommunist Partiyasının işi uğrunda mübarizəyə hazır ol!
– Həmişə hazıram!”.
Hələ mən Sovet Silahlı Qüvvələrində – orduda, aviasiya və donanmada – hərbi xidmət keçənlərin qan andını demirəm. (Pardon, deyəsən dedim).
Bu andverənlərin heç də hamısı yaxın məmləkətlərdə yaşamır. Onların böyük bir qismi neçə vaxtdır İsraildə, Türkiyədə, Avropa və Amerikada, o cümlədən kommunist partiyasının və sovet ordusunun qatı düşməni olmuş NATO dövlətlərində həyat sürür və öz andını heç xatırlamır.
Ortada iki məsələ var-gəl edir. Əvvəla, bu adamlar ucdantutma satqındırlarmı? Əsla yox. And içdikləri zaman onların heç valideynləri də bilmirdilər SSRİ dağılacaq, dünya bu dərəcə dəyişəcək. İkinci məsələ isə odur ki, andlarla, vədlərlə neyləyək. Ümumiyyətlə. Axı onlar belə asanlıqla pozulursa, pozğun deyillərmi?
Bəzi üzdəniraq ağızlardan, sanki ishal imiş kimi, and, vəd axıb-tökülür:
“Anam canı”, “Atamın qəbri haqqı”, “O 1 allaha and olsun”, “Balalarımın ölmüşü üçün”, “Həzrət Filan haqqı”, “Bəhman ağanın cəddinə and verirəm”, “O qurban olduğumuza and olsun” və ilaxır...
And içmək əbəsdir. Hər zaman həyat, şərait dəyişə bilər: belə olur və olacaq. Nə deyəcəksən: bilmirdin ki, dəyişər? Görmürsən o boyda iqlim nə günə düşüb?!
Əgər hörmətini özünün və başqalarının gözündə qorumaq, saxlamaq istəyirsənsə, söz, vəd vermə, heç vaxt and içmə. Nəyisə etmək lazımdırsa – et! Qoy xoş sürpriz olsun. Edə bilsən – sənə əhsən! Alınmasa, baş tutmasa – heç vaxt demə ki, etmək istəyirdin, amma bir şey çıxmadı. Bu, zəiflərin, sıfırların bəhanəsidir. Kollim olmasan, sözümə qulaq assan, hamının gözündə yüksələcəksən. Məgər bunu istəmirdin?
Yeni evlənənlər bir-birinə and verirlər ki, onları buldozerlə də ayırmaq olmayacaq. Yalnız ölüm! Sonra nə olur? Cəmi 3-4 ay, 1-5 il keçir və onlar “ölürlər”. Boşananların statistikasına bax və and icmirsənsə – dilini qaşı, göz dəyməsin.
A.ƏZİZ