Consonun “Lavrov məni içizdirdi” sözlərinə RUSİYADAN CAVAB - “Arağı özü istəyirdi”

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Rusiyanın xarici işlər naziri Sergey Lavrovun onu araq içməyə məcbur etdiyini deyib.

Nov 15, 2026 - 18:41
Consonun “Lavrov məni içizdirdi” sözlərinə RUSİYADAN CAVAB - “Arağı özü istəyirdi”

SAVASHMEDİA.az xəbər verir ki, Boris Conson bu hadisənin 2017-ci ildə Moskvaya səfəri zamanı baş verdiyini bildirib.

Consonun sözlərinə görə, həmin vaxt Rusiyaya səfər etməkdə məqsədi Moskva ilə münasibətləri yaxşılaşdırmaq olub.

O, Rusiya Prezidenti ilə görüşmək istəsə də, Putin bundan imtina edib və nəticədə Conson danışıqları Lavrovla aparıb.

Sabiq baş nazir Lavrovla görüşünü xoşagəlməz hadisə kimi xatırlayıb. Onun sözlərinə görə, rusiyalı nazir onu çox isti kaminin qarşısında oturdaraq həddindən artıq araq içməyə məcbur edib.

Conson bu vəziyyəti Viktoriya dövründəki özəl məktəblərdə tətbiq olunan cəza növünə bənzədib.

“Bu, dəhşətli idi və nəticədə heç nəyə nail ola bilmədik”, - o əlavə edib.

Boris Consonun bu iddiasına Rusiyadan cavab gecikməyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həmin naharı yaxşı xatırladığını vurğulayaraq əlavə arağı Consonun özünün tələb etdiyini deyib:

"Conson araq əvəzinə süfrədə olan şərabı və ya digər içkiləri də seçə bilərdi, lakin özü arağa üstünlük verib və dəfələrlə qədəhinə əlavə içki süzülməsini istəyib".

Qeyd edək ki, Boris Consonun Moskvaya səfəri 2017-ci il dekabrın 22-də baş tutub. Həmin vaxt o, Böyük Britaniyanın xarici işlər naziri vəzifəsini tuturdu.

Səlcuq