Dünyanın ən güclü pasportları açıqlandı - Azərbaycan neçəncidir? + CƏDVƏL
Vətəndaşların neçə ölkəyə əvvəlcədən viza almadan, elektron viza ilə və ya sərhəddə viza almaqla səyahət edə bilməsinə görə qiymətləndirən beynəlxalq Henley Passport Index reytinqinin 2026-cı il üzrə yeni siyahısı açıqlanıb.
SAVASHMEDIA.az xəbər verir ki, Böyük Britaniyanın Henley & Partners şirkəti tərəfindən hazırlanan və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatları əsasında tərtib edilən bu reytinq cədvəli dünyanın ən nüfuzlu pasport indekslərindən biri hesab olunur.
Siyahı ölkələrin iqtisadi gücünə deyil, onların vətəndaşlarının dünyada nə qədər sərbəst səyahət edə bilməsinə əsasən hazırlanır.
Sinqapur yenə lider oldu
2026-cı il reytinqinə görə, Sinqapur dünyanın ən güclü pasportuna malik ölkəsi statusunu qoruyub. Sinqapur vətəndaşları 192 ölkəyə vizasız və ya sadələşdirilmiş qaydada səyahət edə bildikləri üçün ölkə birinci yerdə qərarlaşıb.
İkinci pilləni Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri bölüşür. Bu ölkələrin vətəndaşları 188 istiqamətə vizasız və ya gəlişdə viza almaqla səfər edə bilirlər.
İlk onluqda əsasən Avropa ölkələri yer alıb. Almaniya, Fransa, İspaniya, İtaliya, Danimarka, Finlandiya, İrlandiya, Belçika, Lüksemburq, Niderland, Norveç və İsveç də ən güclü pasportlara sahib ölkələr sırasındadır.
Azərbaycan neçənci yerdədir?
Reytinqə əsasən, Azərbaycan 67-ci pillədə qərarlaşıb. Azərbaycan pasportu sahibləri hazırda 70 ölkəyə vizasız, elektron viza və ya sərhəddə viza almaqla səfər edə bilirlər.
Mütəxəssislərin fikrincə, ölkənin beynəlxalq əlaqələrinin genişlənməsi və yeni viza razılaşmaları gələcəkdə Azərbaycanın reytinqdə daha da irəliləməsinə təsir göstərə bilər.
Siyahının sonunda hansı ölkə qərarlaşıb?
Reytinqdə sonuncu yerdə Əfqanıstan qərarlaşıb. Bu ölkənin vətəndaşları cəmi 23 ölkəyə əvvəlcədən viza almadan səfər edə bildikləri üçün Əfqanıstan pasportu dünyanın ən zəif pasportu hesab olunur.
Səlcuq