Düşündürən düşüncələr - 2
Parkda skamyada əyləşib kitab vərəqləyirdim. 3-4 yaşlı şirin oğlan “sərxoş”, inamsız yerişilə yaxınlaşıb soruşdu:
– Sən timsən?
– Cadugər.
– A-a-a, - “deyib” getdi.
Mən isə fikirləşdim: “Gül kimi peşəm qalıb, parkda kitab oxuyuram”.
Uşağı inandırmaq çətin deyil. Əsas – özün inanasan.
– Bilirsən ağıllı olmağın nəyi yaxşıdır?
– Nəyi yaxşıdır?
– Soruşurlar ki, ağıllı olmağın nəyi yaxşıdır.
* Bu gün sənə yad, hətta mənasız görünən fikir sabah əhəmiyyətli, gərəkli gələ bilər. Yalnız anlamaq və yadda saxlamaq lazımdır.
* – Qocalığın nəyi yaxşıdır?
– Daha heç nəyə təəccüblənmirsən.
* Cavanlar istəkləri ilə, qocalar təcrübə ilə bölüşürlər.
* Bir otaqda əyləşmiş ailə üzvlərini bir yerə toplamaqdan ötrü gərək vay-fay sönsün.
* Bir neçə il bundan əvvəl televizor ekranlarında və küçə bilbordlarında sosial reklam səsləyirdi ki, işə qəbul olunarkən ağ maaş tələb edim. Etdim. Dedilər telefonla zəng vurub cavabı deyəcəklər. O vaxtdan gözləyirəm. Axı niyə sənə qulaq asdım, ay reklam!
* Bakının küçələrində qoğalların izdihamlı yürüşünü görsən, bil ki, onları sosial təminat nazirliyi pensiyaçılara və müavinətçilərə bonus kimi göndərib.
Görməsən, deməli nazirliyin qoğala da heyfi gəlib.
* Dükanın qabağında pişiyin başını sığalladım. Dil açıb dedi:
– Sağ ol!
– Hələ heç kəs indiyədək mənə bircə tumara görə təşəkkür etməmişdi. Gedək mənimlə. Evdə sənə qulluq edərəm.
– Pensiyaçıya oxşayırsan. Evində nə olacaq ki. Mən məktəbli qızları gözləyirəm. Onlar mənə vitaminli yem alacaqlar.
Bu dəfə mən təşəkkür etməli oldum. Pişiyə. Vəziyyətimi başa düşdüyünə görə.
* Bir zamanlar atam evə gəlib televizoru işə salır və bizi çağırırdısa, deməli yaxşı film olacaqdı. Əgər televizoru söndürüb əyləşirdisə – vacib sözü var idi. Belə bir şərti refleks. Yaxud əlamət, xalq təcrübəsi. Ailə dərsi, qaydası.
* Evdə oturub eşidirəm ki, həyətdə uşaq hürür. Valideynləri isə qarışmır, susdurmurlar.
Yaxşı hürür. Səsi də pis deyil. Düşünürəm, bəlkə gətirib evdə saxlayım...
* “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə oxudum: "iena, pul". Niyə “iyena” yox, niyə ölkə göstərilməyib?
* “Azərbaycan dilinin izahlı lüğəti”ndə yazılıb: “Oğru – oğurluq edən, oğurluqla məşğul olan adam”. Yaxşı məşğuliyyətmiş. Sən demə, peşə deyilmiş.
Əyləncəni davam etdirdim: “Çilingər – əllə metaldan müxtəlif şeylər qayıran, quraşdıran adam və ya təmir edən usta”.
O “müxtəlif şeylər” məni narahat etdi. Bir də maraqlıdır, addan məşğuliyyətə keçdikdə “oğru” niyə “oğruluq” yox, “oğurluq” olur?
Başlıca məsələ: təmir edən ustadır, adam deyil. Adam olmaq üçün qayırmaq, quraşdırmaq lazımdır...
* Çökür, çökür, çökür – olur “çöküntü”.
Qırılır, qırılır – olur “qırıntı”.
Dağılır, dağılır – “dağıntı” olur.
Ovulur, ovulur – “ovuntu” olur.
Tökülür, tökülür – olur “töküntü”. Az imiş kimi, “tör” önlüyü əlavə etməklə dədəsini lap yandırırlar: “tör-töküntü”.
Bəs televiziyada “görüntü” necə meydana gəlir? Görünməklə? Onda elə hamımız görüntü imişik ki...
* İzahlı lüğətdə “növbət” sözünə rast gəldim. İlk dəfə. Dedim oxuyum, bilim nədir. Lüğət məni başından rədd etdi: “Bax – növbə”. Ürəyimdə kəskin cavab verdim:
– Onda sən nəyə lazımsan, ay növbət!
* Azərbaycanda ad çıxarmış qəzetlərdən birinin redaksiyasına getmişdim. Redaktor, baş redaktor və iki nəfər çarəsiz (çarəsizlikdən gəlmiş və peşədə çarəsi olmayan) jurnalist kabinetdə toplaşmışdılar. İşçilərdən biri söz soruşdu:
– (...) yazmaq olar?
Otaqdakılar, yəni mən də, o sözün nə olduğunu bilmirdik. Başred xəbər aldı:
– O, nə sözdür? Harada eşitmisən?
– Nənəm elə deyir.
– Nənən deyirsə, yaz.
O vaxt bu səhnə mənə gülməli, məzəli gəldi. İndi isə neçə ildir prinsipial, dağıdıcı görünür. Harada – nitqdə, yazıda, küçədə, lüğətdə – naqis söz, ifadə görsəm, bilirəm – bu, “nənə dili”dir.
* – Axı sənə nə etmişəm ki, məni vurursan?
– Yaxşılıq etmisəm, vicdansız, yaxşılıq!
* Veteran jurnalist danışır ki, “Oğluma” rubrikası altında gənc nəslə, millətə müraciət edib məqalələr yazırdı. Silsilə çox populyar olmuşdu. Bir gün xəbər tutdu ki, doğma oğlu onun məqalələri ilə maraqlanmır.
* Onlar belə deyiblər:
“Alman əsgərinin durduğu yerə başqa heç kəs gəlməz”. Adolf Hitler.
“Rus əsgərinin ayağı hara dəyirsə, həmin yer bizimdir”. Vladimir Putin.
(Bunlar məşhur sitatdır.)
* Bakıda post-terminaldan istifadə olunmayan, yaxud nağd ödənişdə güzəştə gedilən bir neçə mağaza tanıyıram. Sən kartla ödəmək istəyəndə, bəziləri bəhanə edirlər ki, sifariş veriblər, aparat hələ çatdırılmayıb. Başqaları post-terminal əvəzinə öz smartfonunu çıxarıb göstərir, bir-iki dəfə “tık” edib bildirirlər: internet tutmur. Bütün hallarda verilən çeklə ƏDV-ni geri almaq olmur.
Sözümün məğzi: belə mağazaları yalnız mən tanıyıramsa, dövlət maaşı vergi işçilərinə niyə verir?
* Təbiətdir günahkar
Yenə getdi bahar,
Yenə gəldi yay.
Yenə meyvə baha,
Tərəvəzsə zay.
Əkinçi zarıyır,
Ekran tutub yas.
İqlim də dəyişdi -
Bitmədi gilas.
Külək, yel yox idi
Və birdən əsdi.
Yağış çox yağmışdı
Və sonra kəsdi.
Hər gün gün çıxırdı,
Bir gün çıxmadı.
Dost idi təbiət,
Daha olmadı.
Gəl süni torpaqda
“Xana” tikməyək.
Bağ-bostan biz salaq,
Meyvələr əkək.
Qumarda udan da
Bir gün uduzur.
Çörəyi xalqa ver –
O, tarix yazır!
A.ƏZİZ