Əlvida, Kolxozstan! - 11

Köhnə ənənədir. Çərşənbə və şənbə günləri kəndlilər rəqs meydançasına toplaşırlar. Qoca və cavan.

Mar 3, 2025 - 11:38
Əlvida, Kolxozstan! - 11

Bunu görməkdən ötrü bəzən başqa kəndlərdən, İsmayıllıdan və Göyçaydan tamaşa həvəskarları gəlir, rəqs etməsələr də, seyr edirlər. Dava düşməsin deyə həmin günlərdə polis işçiləri növbə çəkirlər.

İvanovkanın qış havası şaxtalı, lakin mülayim keçir. Çünki Bakıdan fərqli olaraq, güclü külək əsmir. Qaz istifadəsinə limit qoyulduqdan, onun qiyməti artırıldıqdan sonra əhali mavi yanacağı az işlətməyə başladı. Öz sağlamlığı hesabına. Mən, kəndə nabələd adam, xəbər tutdum ki, neçə-neçə ev tam sürətdə qızdırılmır, gündüz yalnız bir sobanı yandırıb ətrafında yığılırlar.

Çörək bişirən, dərs edən, mürgüləyən, gəlmiş qonaqlar - hamı mətbəxdədir. Bəli, qaz sərfiyyatı azaldı. Amma rahatlıq pozuldu. Soyuqdəymə halları artdı. Lakin statistika raport verdi ki, limit və artmış qiymət insanları qane edir. Əhali həm razıdır, həm xoşbəxt. Bu zaman Gürcüstanın erməni kilsələrində havayı Azərbaycan qazını yandırıb istidən qızan qurgen-vazgen ünsurlər şərab içib "Sarı gəlin"i zümzümə edirlər.

Vəziyyətdən çıxmaq üçün kəndlilər qismən odun yandırirlar. Bundan ötrü yanacagı durmadan artan qiymətə alır, yaxud həyətdəki ağacların budaqlarını qırırlar. Yaşıl enerjidən istifadə kəndlərdə çarəsizlikdən belə başa düşülür.

İnsanlara əvvəldən ciddi, qətiyyətli münasibətim olub. "Milçəyin xətrinə dəyməyən", "Qarışqanı ayağı altında əzməyən", "Yamanlığa yaxşılıqla cavab verənləri" heç vaxt sevməmişəm. Yaxşılığa və pisliyə fərq qoymayanlar gözümün düsmənidirlər. Doğrudur, mənə yaxşılıq etmiş hər kəsə əvəzini qaytarmamışam, amma yaxşılıq göstərdiyim hər adamdan da əvəzini gözləməmişəm, istəməmişəm, almamışam. Yaxşıya və pisliyə fərq qoymasan, dünyada qüvvələr balansı pozular, haqqın Mizan tərəzisi sınar.

Odur ki, İvanovkada olduğum ilk vaxtlar bir nəfərin molokanlar (oxu: ruslar) haqqında dediyi "... Yaxşılıqla pisliyə fərq qoymurlar" ifadəsi məni çox məyus etdi. Bunun həqiqət olduğunu gördükdə, məyusluğum daha da artdı.

İki ev aralı yaşlı traktorçu tənha yaşayırdı. Həyətdə zibil kisələri toplananda, dostum məhz o traktorçuya yaxşılıq etmək üçün onu çağırır, 5 manat verib, kisələri onunla birlikdə(!) lafetə atardı. Fəhlə çox sevinərdi. Axı öz ruslarından belə pul ala bilməzdi.

Bir gün öz evinə gedərkən dostum görür ki, qonşunun darvazası taybatay açıq, traktoru həyətindədir. Ev yiyəsi isə zibilini atmaq üçün lafetə yükləyir. Bakılı soruşdu ki, 2 kisə var, onları da atarmı? Kəndli can-başla razı oldu. Biz evə çatmamış gəlib durdu evin qarşısında. Hərəmiz bir kisəni "qulağından" dartıb darvazaya çatdırdıq. Dostuma dedim: "5 manat verməyə tələsmə. Onsuz da həmin yolu gedir". Yaxşı insan cibindən manatlıqlar çıxarıb soruşdu: 

-Nə qədər pul istəyirsən?

-Beş manat. Az alardım, amma maaşımı ləngidirlər, - və axdı dildən göz yaşları...

Əvvəla, maaşını biz yubatmırıq. İkincisi, yük cəmi iki kisədir. Üçüncü, dediyim kimi, bu yolu onsuz da gedir. Belə halda mənə sərfəli, çörək verən müştəridən bu dəfə pul istəməzdim. Onsuz da elə xasiyyətimiz var ki, cibinə zorla 1-2 manat dürtərdik. O isə dili ilə istədi. Eh, Vasya, Vasya! Bundan sonra dostum bir daha onu çağırmadı. O isə bir dəfə 3 manat artıq almağa görə hər dəfə 5 manat itirdi.

Əkin sahəsini alaq otundan təmizləmək üçün bizə bir İvan göndərildi. Onunla mən danışdım. Dedim ki, əgər 20 manat alsan, hər dəfə səni çağırar, başqa işlər də tapşırarıq - daim qazanarsan. Soruşdu:

-Qabaq kim, ot çalıb? Neçəyə?

-Qonşu gənc, 30 manata.

-Mən də 30 istəyirəm.

Adamıq, boş qaytarmadıq. 30 götürdü. 20 alsaydı, ardınca 200 qazanardı. Sonra kücədə rast gəlib soruşdu ot çalmaq lazımdırmı...

Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)

A.ƏZİZ