Əlvida, Kolxozstan! – 2
Desəm ki, İvanovkadakı ruslar güclü şovinist hiss, düşüncələrlə yaşayırlar və mənə inansan – yanılmazsan. Axı niyə başqa cür olsun!
Onlar da Rusiya əhalisinin baxdığı eyni televiziya kanallarını seyr edirlər – “Первый”, “Россия”, “НТВ”, “РЕН”...
Bu kanalların beynəlxalq reytinqi isə məlumdur – hamısı, onların rəhbərləri, neçə-neçə müxbir və reportyorları bir çox ölkədə sanksiyalara layiq görülüblər. Satıcı Marinanın söylədiyi “Azərbaycan dilində niyə salamlaşirsan, bura rus kəndidir” sözlərini xatırlamaq kifayətdir.
– Ruslar niyə yəhudilərə nifrət edirlər? Axı İsrail heç vaxt Rusiyaya hücum çəkməyib? - deyə 30 yaşlı İvandan soruşdum.
İnkar etmədi. Sadəcə, çiyinlərini çəkdi və gülümsədi.
Həmin sualı 50 yaşlı Nikolaya verdim. Eyni cavabı aldım.
70 yaşlı İvan da “niyə”ni boykot etdi. Sanki tirdə hədəfi “göz”ündən vurmuşdum.
Riyakarlıq geniş yayılıb. Məsələn, azərbaycanlıya yaltaqlıq etmək istəyəndə deyirlər ki, molokanlar müsəlman kimidirlər: spirtli içki, donuz əti qadağandır. Bunu eşidəndə, cavab verirdim: “Müsəlmanlar molokan kimi deyildirlər – İsanı tanrının oğlu hesab etmirlər”.
Hər yerdə olduğu kimi, İvanovkada da oğruluq edən tapılır. Lakin buna münasibət loyal, anlaşıqlıdır. Dostum deyir: “Təmir işlərində iştirakçı “usta” Kolya pul fırıldağı etdi. Qovdum. Bunu qadınlı-kişili kimə danışdımsa, üzünün bircə əzələsi də tərpənmədi. Yəni, “Olan şeydir”. Qüdrət xala Şerbakovlar cütlüyünün təmir zamanı həyətdən böyük diametrli borular apardığını bildirdi. Saxladığım ada dovşanlarından biri yol yapıb küçəyə çıxmışdı. İtim xəbər verdi (!), qulağından tutub qaytardım. Növbəti dəfə dovşan küçəyə yox, yoxa çıxdı. Evimin yanından heçən tanış qadına gileyləndim. Soyuqqanlılıqla dedi ki, görüblər yiyəsi yanında yoxdur, götürüb aparıblar. Dedim: “Axı mal onun deyil”. Dedi: “Nə olsun?”. Bu yerdə söylədim: “Bax, yol ilə tək gedirsən. Ərin yanında yoxdur. Səni götürüb evimə apara bilərəm?”. Gülümsədi. Deyəsən, sözlərimi təklif kimi qəbul etmişdi”...
Dostum zarafatcıldır. Kəndlilər haqqında isə belə deyə bilmərəm. Təzə tanışlarıma dedim ki, burada dükan açmaq istəyirəm. Amma elə şey satmaq lazımdır, mövcud dükanların çeşidini təkrarlamasın, kənddə ondan olmasın. Çörək, ərzaq, paltar, içki, siçan zəhəri var. Kənddə yumor hissi tapılmır. Onu gətirib satacağam. Azı on nəfərə dedim. Yalnız biri gülümsədi. Yəqin ona görə ki, deyərkən üzümdə təbəssüm var idi. Başqaları isə dərin fikrə daldılar...
Fikir dalanı yerlilərə xas olan cəhətdir. Əksəriyyətin düşüncəsi dardır: “Rusiya haqlıdır, Putin dahidir” deyirlər. Söhbət əsnasında misal çəkdim, 40 yaşlı Matvey Corc Klunini tanımadı. Dedi: “Mən yalnız rus filmlərinə baxıram”. Satıcı Marina isə daha yaxşı söylədi: “Mən heç rus filmlərinə də baxmıram”. Reaksiyam hamısından gözəl oldu: “Axı orada baxılası nə var ki!”.
Kitablarımdan aparıb bağışlamaq məqsədilə kəndin Mədəniyyət Sarayının kitabxanasına getdim. Saray nə saray! Nikitin müəllim tikdirib... Bəzi rayon mərkəzində tayı-bərabəri yoxdur. Yəni, analoqu. Fondun zalında gəzişdim, kitab vərəqlədim. Gözüm tanınmış yazıçının məşhur əsərinə sataşdı. 1984-cü ilin nəşri. Abonent vərəqəsində yalnız bir qeyd var idi. Guya həmin vaxt kitabı kim isə götürüb. Gördüm vərəqləri heç aralanmayıb. Bu, kənddəki mədəni və intellektual səviyyəni əsaslı səciyyələndirən göstərici idi.
Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)
A.ƏZİZ