Əlvida, Kolxozstan! - 3
Suyun böyük defisit olduğu kənddə su oğruluğu su içmək kimidir. Necə? Qaranlıq gecə.
Yolu qazaraq öz su xəttini küçənin qarşı tərəfindəki xəttə qoşmaq, qazılmış yerin üstünü örtmək və qonşuların hesabına iki xətdən bəhrələnmək. Əlbəttə, su gələndə. Yaxud, evin qarşısında torpağa böyük sistern basdırıb zorla gələn suyu oraya yönəltmək, digərlərini susuz qoymaq. Moşu bu yerdə deyərdi: “Oğruluq, oğruluq...”.
Kolxoz öz işçilərinə pulsuz aylıq su limiti müəyyən etmişdi. Ailədə iki və daha çox kolxozçu vardısa, ona müvafiq qədər pay verilirdi. Həmçinin, bir vaxt kolxozda işləyib pensiyaya çıxanlara. Kolxoza aidiyyəti olmayan şəxslər, məsələn yazıçı dostum, bütün sonradan köçüb gəlmiş azərbaycanlılar ehtiyacı olan suyu pul ödəyib daşıdırlar. Kimə? Yerli yanğınsöndürənlərə, qonşu kənddə bu işlə məşğul olanlara. Son illər bir neçə tədbirli və, təbii, imkanı çatan ivanovkalı da sisterni olan yük maşını alıb su daşımaqla məşğuldur. Təklif tələbatdan doğur. Bir ton suyun qiymətini isə sürücü müəyyən edir. Ümumiyyətlə, kənddə azərbaycanlıları pul dağarcığı kimi görürlər.
Bu baxış ev satarkən tamamilə üzə çıxır. Yerliləri Ələkbərov qardaşları “qudurtdular”. Füzuli və Nizami. Birincisi nazir idi, o biri – İsmayıllı rayon icra hakimiyyətinin başçısı. Nazirin gözü kəndin mərkəzinə, parkla üzbəüz əraziyə düşmüşdü. Sövdələşmədən yüksək qiymətə 3 ev (əlbəttə, həyəti və həyətyanı torpağı ilə) aldı – hərəsi 40 min dollara, baxımlı mülk – villa ucaltdı. Gördü ki, evdə, bağda istirahəti qonşunun sahəsindəki heyvanların ifrazat iyi əngəlləyir. Onu da almaq qərarına gəldi. Qonşu dirəndi. Nəhayət 80 min dollara razılaşdı. Belə nəql eylədilər...
Azərbaycan kəndində ev səksən min dollara! 2000-ci illərdə bu pula paytaxtda gözəl mənzil almaq olardı! Gör, Füzuli necə zəhmətkeş insan olub ki, bu qədər pul qazanıb. Yox, qazanıb daha artıq. Bu qədəri xərcləyib. Əslində, kəndin şambosuna atıb. Axı, deyildiyinə görə, Ələkbər Füzuliyə (Məhəmmədlə səhv salma!) həmin villada yaşamaq qismət olmadı: onu da, qardaşını da vəzifədən azad etdilər. Yalnız hansısa cavan oraya arada “qız” aparıb. Normal şeydir. Axı Bakıda otaq, çarpayı tapılmır. Babalı yazanın yox, deyənin boynuna! Lakin ev (mülk, villa, fazenda...) diqqətsiz qalmır: daim mühafizə olunur, müntəzəm təmizlənir; sahəsi bellənir, əkilib-becərilir.
Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)
A.ƏZİZ