Əlvida, Kolxozstan! – 8

Azərbaycanlıdan soruşanda ki, adın nədir, deyir. Adını. Hətta qoca adam təkcə adını deyir, ona “baba”, “müəllim” kimi sözləri qoşmur. Atam danışır:

Feb 26, 2025 - 12:02
Əlvida, Kolxozstan! – 8

– 1980-ci ildə Moskvadan, nazirlikdən ezamiyyətə gəlmiş şəxs məmnuniyyətlə qeyd etdi ki, burada söz düşəndə KP MK-nın birinci katibini adı ilə adlandırırlar. Rusiyada isə dükanın gecə gözətçisinə də, məsələn, “Vasili İvanoviç” deyirlər”.

Deməli, azərbaycanlı öz adını, rus isə həm özünün, həm də atasının adını deyir.

Amma İvanovkada əksəriyyətin üstəlik ləqəbi var. Ləqəb həmin adamın fəaliyyəti və ya xasiyyəti ilə bağlı ola, yaxud olmaya bilər. Məsələn, “Voyennı” (hərbçi) adlandırılan şəxsin istefaya çıxmış zabit olduğunu güman etdim. Dedilər, o, heç əsgəri xidmət keçməyib. Əcəb işdir!

Bu kənddə məhəllələrin də ləqəbi – ikinci adı var. Hazırda İsmayıllı – Göyçay magistral yolunun İvanovkadan keçən hissəsi Kalinin küçəsidir. Onun Oğrular məhəlləsi adlandırılması mənə maraqlı gəldi. Bir qoca ilə araşdırdıq. Dedi ki, çobanlar qoyunları qışlaqdan yaylağa və geriyə məhz həmin küçə boyu qovurdular. Nəzərdən qaçanda tək-tək və ya neçə qoyun birdən yoxa çıxırdı. Bəzi kəndli ala qapını açıq qoyur, qoyun-quzu basırıqda həyətə daxil olurdu. Qapı örtülür, heyvan “doğmalarına qovuşurdu”... Qeyd edim ki, o dövrdə məhz həmin strateji kücədə müstəsna olaraq ruslar yaşayırdılar. Qaraçılar məhəlləsində (Sıqanovka) güman ki, heç vaxt qaraçı olmayıb. İlk sakinlər müsəlman – ləzgi, azərbaycanlı – qarasaç olduğuna görə, məhəllə belə adlandırılib.

Polşa məhəlləsi. Orada doğulub yarım əsrdir yaşayan Motya özü də bilmir bu ad haradan meydana çıxıb.

Üzüm bağlarına gedərkən yolun sol tərəfində aşağıda olan evlər, onların həyəti, arvad-uşaq açıq görünür. Məhəlləyə abırsız ad veriblər. Üz vurma, deməyəcəyəm...

Kolxozda işləməsən də, adın sənədlərdə gedə bilərdi. Kolxoz sənə əməkhaqqı, əmək günü də yazardı. Əgər rəhbərlikdə kiminsə qohumu, dostusansa, yaxud, sadəcə, russansa. Özünkünü batmağa qoymazlar. Əlbəttə, maaş onu yazanın cibinə gedib. Sən isə evdə, məsələn, şərabçılıqla məşğul ol. Rəqabət elə yüksəlib ki, adamlar qanunsuz fəaliyyəti o qədər də gizlətməyib müştərini açıq-aşkar axtarırlar.

Bakıya qayıdanda şəhərdəkilər şərab gətirməyimi xahiş etdilər. Ser/geyin birisi məni evinə apardı. Birbaşa zirzəmiyə. Orada giləmeyvənin nədə qıcqırdığını gördüm. Bəziləri şüşə, bir qismi plastmas qabda. Məlumdur ki, spirt plastması “yeyir”, dağıdır. Onun hissəcikləri daxili orqanlarda qalaraq sağlamlığa ciddi ziyan vurur. Ev yiyəsi mənə şüşə qabdan şərab verdi. Əminəm ki, qohuma, dosta, yaxın tanışa məhz şüşədən süzür. Bəs plastmas qabdakı kimə satılır? Əlbəttə, yoldan keçən azərbaycanlılara.

Fərdi südçü təsərrüfatları da az deyil. Mərkəzi küçədə yaşamaq südçüyə əlverişlidir. Həm yoldan ötənlər, həm də turist qrupları maşını, avtobusu saxladıb kütləvi surətdə pendir, xama alırlar. Kəndlilər qaymağı xama (“Smetana”) adlandırırlar. Bunu bilməyib alan yanılmaz. Axı qaymaq qaynayan südün üzündən yığılır. Bir dəfə, iki dəfə... Bundan sonra keyfiyyəti azalmış südü yenə süd qiymətinə satırlar.

İvanovka məhsulunun keyfiyyəti haqqında mif, əfsanə gəzir. Guya orada hazırlanan hər şey ekoloji cəhətdən təmizdir, cana faydalıdır. Sabah kim isə İvanovka brendi ilə kofe satsa, heç kəs deməz ki, axı Azərbaycanda kofe becərilmir.

Əslində, qonşunun arıları balı dostumun köhnə tualetinin yanındakı cır çiçəkdən, dükançı Tahirin arıları onun həyətində şəkər tozundan hazırlanan mətdən çəkir. Bahalı qaymaq xatirinə süd bulaşıq suya çevrilir, dadsız olur, eləcə satılır. Dükanlarda satılan çeşidli “İvanovka” şərabı Gəncədə hazırlanır. Eyni adlı süd məhsulları – kəsmik, şor... - İsmayıllının üzünü görməyib. Qablardakı yazını oxu. Özünü aldatma!

Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)

A.ƏZİZ