O, Netanyahunu, Netanyahu da Trampı aldadıb - Onları İran bataqlığına kim salıb?
“İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı proqnozları reallaşmayan MOSSAD-dan narazıdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin “The New York Times” nəşri yazıb.
Nəşr mənbələrinə istinadən bildirir ki, MOSSAD rəhbəri David Barnea İrana birgə hücum əməliyyatından bir müddət öncə keçirilən qapalı müzakirələrdə İranda hakimiyyət dəyişikliyinin mümkün olduğunu bildirib.
O qeyd edib ki, hücumdan bir neçə gün sonra MOSSAD İran müxalifətini küçələrə çıxmağa təşviq edə biləcək. Nəticədə, iğtişaşlar və daha genişmiqyaslı üsyan başlayacaq. Bununla da rejimi devirmək mümkün olacaq.
Fotoda David Barnea
D.Barnea bu proqnozunu yanvar ayında Vaşinqtonda ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri ilə görüşlər zamanı da təkrarlayıb. B.Netanyahu bu planı dəstəkləyib, Tramp isə İran rəhbərliyinə qarşı əməliyyatların və kəşfiyyat fəaliyyətinin xalqı üsyanına gətirib çıxaracağı ssenarisinə müsbət yanaşıb.
Məqalədə o da qeyd olunub ki, ABŞ və İsrail təhlükəsizlik strukturlarında bəzi yüksək vəzifəli şəxslər bu qiymətləndirmələrə əvvəldən şübhə ilə yanaşıblar. Amerikalı hərbi rəsmilər bombardmanlar şəraitində mülki əhalinin küçələrə çıxmasının real görünmədiyini bildiriblər. Kəşfiyyat hesabatlarında isə genişmiqyaslı üsyan ehtimalının aşağı olduğu vurğulanıb.
Müharibənin başlamasından 20 gündən çox vaxtın keçməsinə baxmayaraq, D.Barneanın proqnozlarının reallaşmaması Baş nazir Netanyahunun səbir kasasını daşdırıb. O, təhlükəsizlik müşavirələrində Barneaya sərt etirazını bildirib.
Qəzet yazır ki, Benyamin Netanyahu həmin müşavirələrdə narahatlığını da ifadə edib. Netanyahunu narahat edən əsas səbəb isə Donald Trampın İranda rejim dəyişikliyinə nail olmadan müharibənin dayandırılması ilə bağlı qərar vermə ehtimalıdır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Əməliyyatın ilk günündə Ali Rəhbər Xamenei də daxil olmaqla İranın 49 yüksəkvəzifəli rəsmisi həlak olub. Müharibənin başlamasından 24 gün keçib. Donald Tramp bu müddət ərzində ilk məqsədlərinə (İranın nüvə ehtiyyatlarını məhv etmə) çatdıqlarını bildirib. Lakin Netanyahunu narahat edən digər məsələ - rejimin məhvi isə hələ də reallaşmayıb.
Banu