Ölüsünə hörməti olmayan cəmiyyətin dirilərinə ÇAĞIRIŞ - Xatirə Sadiq yazır 

Bir neçə il öncə bu hadisəni jurnalist həmkarlarımdan biri danışmışdı. 

Oct 15, 2025 - 09:59
Oct 15, 2025 - 10:09
Ölüsünə hörməti olmayan cəmiyyətin dirilərinə ÇAĞIRIŞ - Xatirə Sadiq yazır 

Onun sözlərinə görə, müsahibə üçün tez-tez müraciət etdiyi xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə bir neçə il sonra “çörəksiz” qalacağını söyləyəndə məşhur pianoçu-bəstəkar təəccüblənmişdi.

“Niyə?” - deyə rektor soruşmuşdu. 

“Hazırda mədəniyyətimizdə barmaqla sayıla biləcək peşəkar insan qalıb. Təəssüf ki, bir-birinin ardınca dünyanı tərk etdikcə, bu boşluğu dolduracaq yaradıcı insanlar yetişmir. Odur ki, 10 ildən sonra məsəniyyət və incəsənət sahəsində müsahibə almağa peşəkar insan tapa bilməyəcəyəm. Bu isə o deməkdir ki, işsiz qalacağam”, - deyə jurnalist yarizarafat-yarıciddi cavab vermişdi.

Həyat elə gətirdi ki, həmin jurnalist özü Fərhad Bədəlbəylidən öncə dünyanı tərk etməli oldu...

Lakin onun kimi düşüncəli insanların əksəriyyətinin milli mədəniyyətimizlə bağlı yaranmış vəziyyəti ürəkağrısı ilə izlədiyi göz qabağındadır. 

Əlbəttə, Mədəniyyət Nazirliyi Heydər Əliyev Fondu ilə birgə maraqlı layihələr həyata keçirir. Amma milli mədəniyyətimizin inkişafı naminə bu, çox azdır. Bu sahədə milli kadrların tapılmasına, yetişdirilməsinə, onların qayğısına qalınmasına, mədəniyyət və incəsənətdə boşluğun yaranmamasına, nəsillərarası keçidin təmin olunmasına məhz Mədəniyyət Nazirliyi məsuliyyət daşımalıdır. Heç olmasa, məmurlar bir dönüb son illərdə Qazaxıstanda baş verən mədəni dəyişikliklərə baxsınlar. Hazırda Qazaxıstanda o qədər istedadlı gənclər meydana çıxıb ki, adam, yaxşı mənada türk qardaşlarımıza qibtə edir.

Biz nə görürük? Nəsimi festivalı Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” presi əsasında “Plastik Düşüncələr” tamaşası ilə açılır, mədəniyyət naziri özünə zəhmət verib, möhtəşəm təqdimatdan sonra (və ya əvvəl) səhnəyə çıxıb, bütün izləyicilərin qarşısında mədəni həyatımızın tarixi hadisəsi barədə fikir belə söyləmir. 

Dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə bağlı festival bəstəkarın şah əsəri “Koroğlu” operası ilə bağlanır, mədəniyyət naziri yenə də səhnəyə çıxıb, bir-iki kəlmə söyləməyi özünə rəva bilmir. Halbuki, istənilən xalq belə dahi övladı barədə söz deməyi taleyin lütfü kimi qiymətləndirərdi. 

Özü də bu, təkcə mədəniyyət nazirinə deyil, həm də Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya da aiddir. Nədənsə, bu xanım da ölkə mədəniyyətinin tarixində böyük hadisələrə çevrilmiş mühüm məqamlarla bağlı danışmaqda “xəsislik” edir. 

Necə deyərlər, xələflər sələflərinə “rəhmət” qazandırır. Adamın lap Əbülfəz Qarayevin, Fatma Abdullazadənin xiffətini çəkməyi gəlir. Heç olmasa, dilimizin qolunu-qıçını sındırsalar da, səhnəyə çıxıb mədəni hadisələrə münasibət bildirmələri vardı... 

Hətta mədəniyyətdən başı çıxmayan belə anlayır ki, Prezident Administrasiyası şöbə müdirinin yalnız həmyerlisi olduğu üçün bəstəkarın nəzəriyyəçi qızını Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin etdirməsi gülüncdür. Axı həmin vəzifə onun “xörəyi” deyil. 

Bütün Türkiyənin “hocam” dediyi xalq artisti, misilsiz Nəsibə Zeynalovanın yeganə və istedadlı övladı Cahangir Novruzovun Mədəniyyət və İncəsənət Universitetinə rektor vəzifəsinə gətirilməsi belə çətindirmi? Cahangir Novruzov hazırda türk teatrları üçün misilsiz aktyorlar yetişdirir. Onların əksəriyyəti məşhur türk dizilərində çəkilirlər. Buna yalnız sevinmək olar. Amma ustad sənətkarın bu missiyanı Azərbaycanda yerinə yetirməsi kimə xeyir gətirər? Əlbəttə ki, Azərbaycan mədəniyyətinə və incəsənətinə. Heç bilirsinizmi, bir neçə il ərzində neçə gözəl gənc sənətkar meydana çıxa bilər? Elə qocaman dirijor Ramiz Məlikaslanovun uzun müddətdən sonra Türkiyədən Bakıya dönməsi Bakı Musiqi Akademiyasının tələbələrinə böyük üstünlük qazandırdığı kimi. 

Bunu məhz Fərəh Əliyeva mədəniyyət naziri Adil Kərimovla birlikdə həyata keçirməlidir. Axı hazırda Qarabağ boyda ərazinin yenidən qurulması, mürəkkəb dövrdə ölkəmizə qarşı beynəlxalq təhdidlərin aradan qaldırılması kimi vacib missiya ilə məşğul olan dövlət başçımızın bu məsələlərə də vaxt ayırması imkansızdır. Məmurlar belə işlər üçün nəzərdə tutulmurmu?   

Bu, dirilərə münasibətin kiçik nüansıdır. İndi isə keçək “ölülərimizə”. Mədəniyyət və incəsənət xəzinəmizdən xalq artisti Əminə Yusifqızı kimi qiymətli sərvət gedir, onunla vida məclisi məscidin dar salonunda keçirilir.  
Xalq artistləri Ramiz Novruzov, Ramiz Məlik, Ənvər Həsənov və sair kimi sənətkarlar dünyasını dəyişir, vida mərasimləri ya evlərinin həyətində, ya da məscidddə keçirilir. 

Deyək ki, Xalq artisti, sənət sahəsində qürurlı duruşu və parlaq şəxsiyyəti ilə fərqlənən, hər cür məddahlığı rədd edən Fuad Poladov özünün təntənəli şəkildə vida mərasiminin keçirilməsini istəməmişdi. Bunun vəsiyyətə hörmətlə izah olunmasına inanaq.

Amma yuxarıda adları çəkilən şəxslərin heç biri belə iddiada olmamışdı axı. Onların uzun illər çalışdıqları, fədakarlıqla xidmət etdikləri Akademik Milli Dram Teatrında və ya digər mədəniyyət müəssisəsində vida mərasiminin keçirilməsini təşkil etmək belə çətindir bəyəm?

Mədəniyyət Nazirliyi deyə bilər ki, qardaş Türkiyədə də hamını məsciddən götürürlər. Amma bizdə axı çoxdan mövcud olan ənənə var. Cəmiyyətimiz məşhur, tanınmış şəxslərin vida mərasimlərinin hansısa mədəniyyət ocağında keçirilməsinə adət edib. Həmin gün yüzlərlə insan böyük mədəniyyət məbədinin sütununa, dəyərli kərpicinə çevrilmiş xadimlərimizlə vidalaşmağı, onları alqışlarla son mənzilə yola salmağı özünə borc bilir. 
Ölüsünə belə “hörmət” qoyulduğunu görən cəmiyyət nə fikirləşməlidir? Görəsən, bu cür soyuq münasibət haradan qaynaqlanır? Bəlkə mədəniyyət nazirliyinə soyuqqanlı hüquqşünasın rəhbərlik etməsindən irəli gəlir?

Amma iş ondadır ki, hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər respublikanın əməkdar artisti, çox istedadlı Cabir İmanovun vida mərasiminin Şəhriyar adına Mədəniyyət Sarayında keçirilməsini nəinki təşkil etdilər, üstəlik özləri də həmin məclisə təşrif buyurdular. Bəlkə mədəniyyət nazirimizin belə durumlarda necə hərəkət edilməsini güc strukturlarının rəhbərlərindən öyrənməsinə ehtiyacı var?

2018-ci ilin dekabrında Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Ağaxan Abdullayevlə vida mərasimi keçirilərkən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ora getməsi və ailə üzvlərinə başsağlığı verməsi bütün dövlət məmurlarını qəfildən yaxalamışdı. Onların çoxu uzaq Suraxanıya getməyi özlərinə rəva görməmişdi. Çünki ağıllarına belə gəlməmişdi ki, irimiqyaslı işlər həyata keçirən Mehriban xanım Heydər Əliyev Fondunun layihəsi üzrə keçirilən müğam televiziya müsabiqəsinin münsiflər heyətində təmsil olunmuş ustad sənətkarın vida mərasiminə gedəcək. Ağıllarına o da gəlməmişdi ki, Mehriban xanım adət-ənənəyə, əsl sənətkarlara – qocamanına da, gəncinə də, dirisinə də ölüsünə də hörmət edir...

Xanımlar və cənablar, bəlkə bu xüsusiyyəti Mehriban xanımdan öyrənməyinizin vaxtı gəlib çatıb?!

Xatirə SADİQ