Şəkər xəstəliyini qan analizi vermədən müəyyən edən YENİ ÜSUL – 20 saniyəlik SƏS

Alimlər 20 saniyəlik nitq əsasında ikinci tip şəkərli diabetin əlamətlərini müəyyən edə bilən süni intellekt (Sİ) sistemi hazırlayıblar.

Sep 29, 2026 - 14:12
Şəkər xəstəliyini qan analizi vermədən müəyyən edən YENİ ÜSUL – 20 saniyəlik SƏS

SAVASHMEDİA.az xəbər verir ki, bu alqoritm xəstəliklə əlaqəli səsdəki xarakterik dəyişiklikləri müəyyən edir. Tədqiqatın nəticələri Avropa Diabet Araşdırmaları Assosiasiyasının (EASD) illik konfransında təqdim olunub.

Sistemin hazırlanması zamanı tədqiqatçılar ABŞ və Böyük Britaniyada yaşayan 21 mindən çox insanın 63 283 səs yazısından istifadə ediblər. Daha sonra alqoritmin effektivliyi yeni səs yazıları üzərində yoxlanılıb. Bu mərhələdə iştirakçılardan Ezop təmsillərindən birini 20 saniyə ərzində oxumaları istənilib.

Tədqiqatçılar müəyyən ediblər ki, ikinci tip diabet insanın səsində özünü göstərə bilər. Daha əvvəl aparılan araşdırmalarda xəstəliyi olan insanlarda səsin daha xırıltılı və kobud olması, həmçinin danışıq zamanı tənəffüsə nəzarətin zəifləməsi müşahidə edilib.Süni intellekt insanın özünün fərqinə vara bilməyəcəyi bu akustik xüsusiyyətlərin məcmusunu təhlil edib.

Alqoritm 7 319 yetkin insan üzərində sınaqdan keçirilib. Daha sonra süni intellektin nəticələri 801 iştirakçının qan analizləri ilə müqayisə olunub. Bu mərhələdə sistem diabeti olan insanların 82 faizini düzgün müəyyənləşdirib. Alqoritm iştirakçıları aşağı, orta və yüksək risk qruplarına da bölüb. Süni intellektin aşağı risk qrupuna daxil etdiyi şəxslərin heç birinin qan analizində diabet və ya prediabet aşkarlanmayıb.

Tədqiqatın müəllifləri hesab edirlər ki, gələcəkdə səs analizi telefon və ya mobil tətbiq vasitəsilə diabetin sürətli ilkin skrininqi üçün istifadə edilə bilər.

Banu