Sizsiz yaxşıdır
15 il bundan əvvəl İstanbul mehmanxanalarının birində foyeyə enmək üçün lift gözləyirdim. Yuxarı mərtəbədə erməni dilində ucadan danışırdılar.
Bütün dünyaya “qaniçən” kimi təqdim etdikləri türklərin vətəninə gəzməyə gəliblər... Qorxmayıblar.
Liftin kabinəsində yaşlı cütlük də var idi. Erməni olduqları sifətlərindən yağırdı. Məni də yəqin üzüm ifşa etdi. Yanımdakı dostum azərbaycanca nəsə dedi. Bu vaxt erməni məsələni tam anladı. Mülayim baxışlarla fikirləşdi: “Görürəm Azərbaycandansan. Söylə, Bakı necədir?”. Mən də dinc durmadım, xəyalımda cavab verdim: “Sənsiz yaxşıdır!”.
1980-ci illərin axırlarından tutmuş 2020-ci ilədək millətim bütün dünyaya acıqlı idi. Əvvəla, xain çıxmış ermənilərə. Onların vəhşiliklərinə, qeyri-insani əməllərinə görə. Moskvaya, bütün SSRİ-yə, cinayətkar Kremlə, Qorbaçova... Haqqı müdafiə etmədiklərinə, həqiqətən günahsız xalqımıza divan tutduqlarına görə. Öz ünsürlərimizə – Vəzirova, Mütəllibova. Qondarma “sərkərdə”lərə – Qazıyevə, Həmidova, Hüseynova qəzəbli idik. Ölkədə məğlubiyyət, fəlakət, matəm günlərinin sayı bayramdan, sevincdən qat-qat çox idi.
Türkiyədə yaşlı kişi məndən təəccüblə maraqlandı: “Nə səbəbə adam sayınız, torpaq əraziniz daha böyük olduğu halda, neftiniz, qazınız da bir yandan, siz ermənilərin işğalına dözürsünız”. Ağrımı içimdə boğub dedim: “Məsələ sovet dövründə həll edilib. Sovetə bata bilməzdik. İndi isə güc yığırıq. Bilirik ki, vaxtı çatanda irəli gedib hər şeyi qaytaracağıq. Ermənilər məhz bundan narahatdırlar. Biz gələcəyə inanırıq. Arxayınıq. Onlar isə sanki uzun mıx üstündə oturublar. Tərpənməyə qorxurlar ki, mıx ətinin arasına girər”.
Yəqin anlayırsan: mən baş qərargahda durub plan cızmamışdım. Ürəyimdəkini və fikrimdəkini deyirdim. Elə çıxdı ki, baş planlar da mənim arzularımı, düşüncələrimi əks etdirmişdi. Dediyim kimi oldu: güc topladıq, hücuma keçdik, məmləkəti azad etdik. Ermənilər isə “aradakı” mıx ilə aradan çıxdılar.
Həmvətənlərim erməni güləşçi, boksçu üzərində hər qələbəni misilsiz zəfər, milli bayram kimi qələmə verəndə, mən sakit dururdum. Bilirdim ki, Qarabağın taleyi tatamidə, rinqdə həll olunmur. Qələbədən sonra isə ürəyim tam rahatlanıb. Axı unitaz qaçıran aciz millət məni necə narahat edə bilər?! Hətta İrəvanda Paşinyanın gözləri qarşısında dövlət bayrağımız yandırılanda dost-tanış özündən çıxdı, mən isə səbirlə dedim: “Hirslənmə, yazıqların gücü parçaya çatıb”.
Qələbə azadlıq gətirir, milli ruhu yüksəldir, yaradıcılıq həvəsini gücləndirir. XX əsrin əvvəlində – Azərbaycan müstəqillik qazandıqda – və ortasında – əsgərimiz Berlinə çatanda – məhz belə olmuşdu. C.Cabbarlının pyesləri, Ü.Hacıbəyovun, F.Əmirovun ölməz musiqi əsərləri məhz həmin dövrdə yaranmışdı. Ümid edirdim ki, yenə elə olacaq. Olmadı elə, oldu belə...
Tanış qoca neçə vaxtdır gileylənirdi: sığortalı iş stajı 25 ildən bir qədər az olduğuna görə ona pensiya vermirlər. Rastlaşanda acı zarafatla soruşurdu: “Yaxşı, 24 il pensiya fonduna pul köçürmüşdüm. Bəs o hara getdi?”.
Televizorda bir “ura-ura” süjetini görəndə ona zəng edib, mən də zarafatla dedim: "Gözün aydın! Sənin sığorta pulunu tapmışam. Həmin pula Laçında bulvar salınıb. Adını da qoyublar “Saqqal darağı”.
Getməmişəm, görməmişəm, necə bulvardır – bilmirəm. Amma ermənilərsiz, hər halda, yaxşı olar.
A.ƏZİZ