Təzyiq hansı qoldan ölçülməlidir? - İzah
Arterial təzyiq qan damarlarının (xüsusilə arteriyaların) divarlarına qanın göstərdiyi təzyiqdir. Bu, insanın qan dövranı sistemində çox vacib göstəricidir və ürək-damar sağlamlığını izləməkdə əsas rol oynayır.
SAVASHMEDİA.az xəbər verir ki, arterial təzyiqin sistolik və diastolik olmaqla iki növü var.
Sistolik təzyiqə yuxarı təzyiq də deyilir. Sistolik təzyiq ürəyin yığılması zamanı (yəni işlədiyi zaman) qanı arteriyalara vurduğu maksimum təzyiqdir. Bu təzyiq, ürəyin nə qədər güclü işlədiyini göstərir.Sistolik təzyiqin normal göstərici 90–120 mm civə sütunudur. (mmHg) Yəni normal yuxarı təzyiq 90-120-dir.
Diastolik təzyiq aşağı təzyiqdir. Ürəyin dincəldiyi (diastola) zaman, yəni ürək yığılmadığı vaxtda damar divarlarına göstərilən minimum təzyiqdir. Diastolik təzyiqin normal göstəricisi 60–80 mm civə sütunudur. Yəni normal aşağı təzyiq 60-80-dir.
Əgər qan təzyiqiniz 120/80 mmHg göstərilirsə:
120 mmHg – sistolik təzyiqdir
80 mmHg – diastolik təzyiqdir
Qan təzyiqi hər iki qoldan ölçülə bilər. Ancaq doğru nəticə əldə etmək üçün bəzi qaydalara riayət etmək lazımdır.
İlk dəfə ölçürsünüzsə, hər iki qoldan ölçün. Hansı qolda nəticə yüksək olarsa, ondan sonrakı ölçmələrdə həmin qoldan ölçmək lazımdır.
Təzyiqi daima eyni qoldan ölçmək (sağ və ya sol fərq etməz) daha sabit və müqayisə edilə bilən nəticələr verir.
Əgər sağlamlıqla bağlı ciddi bir probleminiz yoxdursa, sol qoldan ölçmək adətən daha rahat və geniş yayılmış üsuldur.
Sağ və sol qolda təzyiq arasında 10 mm civə sütununa qədər fərqin olması normal sayılır. Əgər fərq daha böyükdürsə, bu, damar problemi və ya arterial darlıq kimi tibbi vəziyyətlərin əlaməti ola bilər və həkimə müraciət etmək lazımdır.
Banu